“Qaz göz qabağındadır, evlər soyuqdan donur” – Deputatdan “Azəriqaz”a sərt ittihamlar
Millət vəkili Razi Nurullayev Milli Məclisin plenar iclasındakı çıxışı zamanı ölkədəki qaz problemini kəskin tənqid atəşinə tutub.
Yenicag.az xəbər verir ki, deputat bildirib ki, bir çox bölgələrdə qaz xətləri göz önündə olsa da, evlər buz kimidir və insanlar soyuqdan donma təhlükəsi ilə üz-üzədir.
Onun sözlərinə görə, qoca, qadın, uşaq fərqi qoyulmadan vətəndaşlar sərt qış şəraitində çarəsiz qalıblar. Bu vəziyyətdə insanlar alternativ yollar axtarsa da, heç bir leqal çıxış yolu tapa bilmirlər.
Razi Nurullayev xüsusilə odun tədarükü ilə bağlı yaranmış çıxılmaz vəziyyətə diqqət çəkib: “Odun kəsənlərə qarşı sanki adam öldürüblərmiş kimi cinayət işi açılır. Bir tərəfdən qaz yoxdur, digər tərəfdən odun yığmağa icazə verilmir. Nəticədə vətəndaş tam dalana dirənir”.
Deputat vurğulayıb ki, meşə kənarında yaşayan və torpağı olan insanlar belə odun qıra bilmir, eyni zamanda torpaq payı olduqları üçün sosial müavinət də ala bilmirlər. O, dövlətin bu məsuliyyəti üzərinə götürməli olduğunu qeyd edərək konkret təkliflərlə çıxış edib: ya əhali üçün kömür tədarükü təşkil olunmalı, ya da nəzarət altında odun kəsilməsinə şərait yaradılmalıdır.
Razi Nurullayevin fikrincə, “Azəriqaz” və aidiyyəti qurumlar təcili olaraq real və işlək həll yolları tapmalıdır. Əks halda, qışın sərt günlərində vətəndaşların sosial durumu dözülməz həddə çatacaq.
Amir Aqiloğlu












