Son zamanlar bir çox obyekt-iş yerləri, mənzillərdə partlayış və yanğınların baş verməsini müşahidə etmək mümkündür. Elə sonuncu dəfə Sumqayıtdakı müəssisə də qaz sızmasından baş verən partlayış nəticəsində iki nəfərin xəsarət alması iş yerlərində olan təhlükəsizlik məsələlərini bir daha gündəmə gətirib.
Bəs, görəsən, obyektlərdə yanğın təhlükəsizliyi məsələlərinə necə riayət edilməlidir?
Mövzu ilə bağlı Yenicag.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq, təhlükəsizliyə aid olan normativ aktlara, standartlarına cavab verməli, qanunvericilikdə nəzərdə tutulmuş bütün yanğın təhlükəsizliyinə dair olan tələblərə ciddi riayət edilməlidir.
“Obyektlərdə yanğın təhlükəsizliyinə dair avadanlıqların, ilkin yanğınsöndürmə vasitələrinin saz vəziyyətdə olmasını təmin etməlidir. Bu təchizat qaydasında olarsa və obyektdə təhlükəsizlik rejimi yaradılarsa, işçilərin təhlükəsizliyə dair bilik və bacarıqları olarsa, hadisələrin baş vermə riski də minimuma enmiş olacaq. Ona görə də obyektdə yanma, partlama riski yüksək olan maddələr, materiallarla necə davranmalı, olanların düzgün daşınması, saxlanılmasının hər biri yanğın təhlükəsizliyi normativinə uyğun olaraq həyata keçirilməlidir”, – deyə o, əlavə edib.
E. Nurəliyev qeyd edib ki, təyinatından asılı olmayaraq, bütün iş yerlərinin hər birində təhlükəsizlik rejimi yaradılmalıdır:
“Bu rejim ümumiyyətlə hadisə baş verdikdə necə davranmalı, nə etməli, evakuasiya, təxliyə yolları bilinməlidir. Əlbəttə, buna nəzarət edən şəxslər tərəfindən ciddi nəzarət olunmalıdır. Əgər müəssisədə su çəni varsa və təyinatına uyğun istifadə olunmursa, yaxud yararsız vəziyyətdədirsə, yanğın siqnalizasiyası və xəbəredici vasitələr işləmirsə, ilkin yanğınsöndürmə vasitələri yoxdursa, belə olan halda, yanğın baş vermə riski də yüksək olur. Təbii ki, yanğın təhlükəsizliyinə nəzarət edən qurumlar tərəfindən də bu prosesə ciddi nəzarət olunmalıdır”.
İsmayıl Bakuvi
www.yenicag.az