Martın 6-da Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 14 km məsafədə yerləşən və çətin şəraitli yolu olan rayonun Laza kənd orta məktəbində yanğın baş verib.
Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın barədə ilk məlumat FHN-in Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə mərkəzinə həmin gün saat 13:27 dəqiqədə daxil olub.
Dərhal hadisə yerinə Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq olaraq hər biri 6, 8 və 9 ton su və köpük əmələ gətirən məhlul ilə təchiz olunmuş 3 yanğınsöndürən avtomobili göndərilib. İlk yanğınsöndürmə avtomobili saat 13:55 dəqiqədə hadisə yerinə çatıb və dərhal yanğının söndürülməsi işlərinə başlanılıb.
Çətin yol şəraitində 14 km məsafəni qət etmiş yanğınsöndürmə avtomobillərindən birinin su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi dayanıb: “Təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkələrdə düzgün olmayan məlumatların yayılması və baş verən hadisələrə başqa don geyindirərək görülən işlərə kölgə salınmasına cəhd olunub. Belə ki, yuxarıda qeyd olunduğu kimi, məktəbin binasında baş vermiş yanğın söndürülərkən yanğınsöndürmə avtomobillərindən birinin su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi prosesi dayanan zaman bəzi şəxslər hadisəni videogörüntüyə alaraq yanğınsöndürən avtomobillərin hadisə yerinə susuz gəlməsi fikrini aşılamağa çalışıblar. FHN bir daha bildirir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikaları lazımi odsöndürücü vasitələrlə (su və köpük əmələ gətirən məhlul) tam təmin olunaraq döyüş hesabında saxlanılır. Heç bir halda döyüş hesabında olan yanğın texnikası hadisə yerinə susuz yürüş etmir”.
Həmçinin qeyd olunub ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəsizliyi sahəsindəki çoxsaylı pozuntularla bağlı həmin məktəbin rəhbərliyinə ötən illər ərzində dəfələrlə xəbərdarlıqlar edilib. Bu il yanğından 3 gün əvvəl, məktəb direktoruna yanğın təhlükəsizliyi sahəsində inzibati xətaya yol verdiyi üçün 03 mart 2018-ci il tarixli 0000532 saylı protokol tərtib edilib.
www.yenicag.az