Ramazanın gecələrinin birində İslamın müqəddəs kitabı Qurani-Kərimin nazil olduğu ehtimal edilir. Həmin gecə Qədir gecəsi və ya Əhya gecəsi adları ilə də tanınır. Bu il birinci Qədir gecəsi Ramazan ayının 18-ci gününə, yəni martın 18-dən 19-na keçən gecəyə təsadüf edir. Qədir gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.
Ayların şahı Ramazan, günlərin şahı cümə günü, gecələrin şahı isə Qədir gecəsidir
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, Ramazan ayının zirvəsi, ən yüksək məqamı məhz bu günlərə təsadüf edir:
“Artıq Ramazan ayının son on gününə çatmışıq. Allahın izni ilə bu, Ramazanın ən mühüm dövrüdür. Çünki Ramazan ayının zirvəsi, ən yüksək məqamı məhz bu günlərə təsadüf edir. Quranın nazil olduğu, insanlığı yenidən bir ailə kimi birləşdirməyə çalışan bu mübarək günlərdə Qədir gecəsi xüsusi yer tutur. Necə ki, Ramazan ayı ayların sultanıdır, Qədir gecəsi də gecələrin şahıdır. Bu, bir təzim və təqdis gecəsidir”.
Onun sözlərinə görə, Allah-Təala qullarının ayıq və oyanıq olmasını istəyir:
“Sadəcə gecə oyaq qalmaq deyil, qəlbin diri olması, bəsirət gözü ilə insanın həyatına nəzər yetirməsi, öz əməl dəftərini diqqətlə nəzərdən keçirməsi, xətalarını və qüsurlarını görməsi vacibdir. İnsan səhvlərini anlayıb Allaha yönəlməli, günahlarını etiraf edərək Rəbbinə təslim olmalıdır: “Allahım! Mən bu günə qədər əzalarımı çox kirlətdim, Sənin yolundan uzaq düşdüm, Səndən kənarda qaldım”.
Belə bir etiraf insanı öz fitrətinə qaytarır. Həzrət Peyğəmbərin (s.ə.s) zövcəsi soruşur: “Ya Rəsulallah! Əgər Qədir gecəsinin olduğunu bilsəm, hansı duanı etməliyəm?”
Allah Rəsulu (s.ə.s) buyurur ki, bu duanı oxu: “Allahumma innaka ‘afuwwun, tuhibbul-‘afwa, fa’fu ‘anni”. (Allahım! Sən bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla!)”
A. Hacıbəyli əlavə edib ki, Qədir gecəsində bağışlanmaq istəyiriksə, biz də bağışlamağı bacarmalıyıq:
“Kiməsə qarşı kin, nifrət, qəzəb daşıyan bir insan, bu duyğularından xilas olmadan həqiqi mənada Qədir gecəsinin fəzilətindən pay ala bilməz. Quranın nazil olduğu bu mübarək gecədə qəlbini Allah-Təalaya açmayan insan, nurdan məhrum qalar”.
İlahiyyatçının fikrincə, Qədir gecəsi bir günəş kimidir:
“Necə ki, evinin pəncərəsini açan insan günəş işığından bəhrələnir, eyni qaydada insan da könül pəncərəsini açmalıdır ki, ilahi rəhmət onun qəlbinə nazil olsun. Əgər kimsə kiminsə haqqına girib, kimisə incitmiş, qəlbini qırmışsa, səhərə qədər ayıq qalmaq, ibadət etmək Qədir gecəsinin mahiyyətini anlamaq deyil”.
“Bu mübarək gecə kainatın ən ülvi dəyəri olan Quranın endiyi gecədir. Əgər istəyiriksə ki, Allah-Təala bizim haqqımızda da xeyirli fərman versin, onda könlümüzü Hira mağarasına çevirməliyik. Necə ki, 610-cu ildə Həzrəti Peyğəmbər (s.ə.s) Hira mağarasında vəhy aldı, biz də könlümüzü həmin məqama çevirməliyik ki, Allah qəlbimizə nur endirsin. Bayramınız mübarək olsun! Allah dualarınızı qəbul etsin!”
Məsimə Məmmədova
www.yenicag.az