“Ermənilərdən də bizə, ümumiyyətlə, türk millətinə qarşı istifadə etmək istəyən mərkəzlər, qüvvələr, dövlətlər də həmin boşluqlar hesabına bizə qarşı fəaliyyət göstərirlər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Qərb mediasının Azərbaycana qarşı yaydığı dezinformasiya, “fake” məlumatlar və bununla mübarizə yolları barədə danışan media eksperti, siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, saxta xəbərçilik həmişə mövcud olacaq.
“Biz nəsə etsək, onun qarşısını ala biləcəyimizi düşünməyək. Təbii ki, xüsusilə qarşımızda ermənilər varsa, bu proses heç vaxt dayanan deyil. Yəni onlar ən xırda imkandan belə istifadə edib, Azərbaycana qara yaxacaq, barəmizdə əsassız, yalan informasiyaları tirajlayacaqlar. Bəs biz bu məsələdə nə etməliyik? Bu sualın cavabını mən illərdir ki, verirəm və düşünürəm ki, ən doğru çıxış yolu da budur. Müqəddəs yer boş qalmır, deyirlər. Biz özümüz çalışmalıyıq ki, dünya informasiya müstəvisini Azərbaycanın doğru, dürüst informasiyaları ilə zəbt edək. Yəni boşluqlar buraxmayaq ki, ermənilər də oraları öz istədikləri kimi doldurub əleyhimizə çevirsinlər. Eyni zamanda, ermənilərin arxasında duran havadarları, “bacıları” bundan bizim əleyhimizə istifadə etməsin”, – deyə o qeyd edib.
Bu dezinformasiya siyasətinə qarşı nəyi necə edə bilərik sualına cavabını açıqlayan ekspertin sözlərinə görə, birincisi, nəzərə almalıyıq ki, azərbaycanlıların sayı dünya üzrə artıq 60 milyin civarındadır.
“Bu, kiçik rəqəm deyil. Halbuki ermənilərin ümumi sayı heç 10 milyona da çatmır. Biz onlardan say baxımından 6 dəfə artıqıq. Bizim üzərimizə dünya türklərini gəlsək, 300 milyonluq bir rəqəm alınır. Bu 300 milyonluq rəqəm ermənilərin ümumi sayından 30 dəfə çox olmağımız deməkdir. Lakin informasiya məsələlərində onlara uduzuruq. Çünki bu işləri görə biləcək insanlarımızı önə çəkmirik. Ona görə də bu müstəvi bir çox halda boş, ermənilər üçün əlverişli şəraitdə qalır. Onlar da bundan istifadə edirlər”, – deyə o bildirib.
A.Həsrət əlavə edib ki, ermənilərdən də bizə, ümumiyyətlə, türk millətinə qarşı istifadə etmək istəyən mərkəzlər, qüvvələr, dövlətlər də həmin boşluqlar hesabına bizə qarşı fəaliyyət göstərirlər.
“Çıxış yolu odur ki, bu işləri bacaran adamları önə çəkək, media adına xərclənən böyük pulları daha optimal şəkildə xərcləməyin yollarını axtarıb tapaq. Xarici dil bilən, o dillərdə fəaliyyət göstərən media əhlini səfərbər etmək lazımdır və işə keçmək lazımdır. Bu günlərdə almaniyalı deputat Frank Şvabe yarım saatlıq geniş müsahibə ilə anti-Azərbaycan çıxışı etdi. Azərbaycan mediasında da ona qarşı cavablar yenə də Azərbaycan dilində oldu. Mən isə ona qarşı ingilis dilində 5 dəqiqəlik çıxış etdim. Onun alman olmasını nəzərə alaraq, alman dilində də videopaylaşım etdim. Yəni daha effektiv cavab imkanları bunlardan ibarətdir”, – deyə o vurğulayıb.
İsmayıl Bakuvi
www.yenicag.az