“ABŞ-də gedən siyasi proseslər və seçki hazırlığı dünyada baş verən qlobal geosiyasi proseslərə öz təsirini göstərəcək”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.
O, Ukrayna prezidenti Volodimir Zelenskinin işğal altında olan ərazilərin referendumla Rusiyaya güzəştə getməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Mütəxəssisin sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin də arxasında dayanan qüvvə ABŞ-dir:
“Rusiya-Ukrayna müharibəsinə Qərbdə ikili münasibət mövcuddur. Yəni Böyük Britaniya və Şərqi Avropa Rusiyanın bölgədən geri püskürdülməsinə çalışsa da, köhnə Avropa ölkələri Rusiya ilə hər hansı əlaqələrin mövcudluğunu və müharibənin bitməsini istəyirlər və mövcud status-kvo ilə razılaşırlar”.
“Ukrayna lideri Volodimir Zelenskinin ərazilərin referendum yolu ilə Rusiyaya verilməsi açıqlamasına gələndə isə artıq bəlli olur ki, Ukraynanın ərazi bütövlüyünün təmin olunması artıq geridönməz bir hal alıb. Artıq bu, geridönməz bir proses olduğu üçün Zelenski də bunu anlayır və siyasi konyunkturaya uyğun olaraq, bir növ məsuliyyəti öz üzərindən atmaq üçün belə bir ictimai rəy formalaşdırmaqdadır. Çünki artıq insanlar yorulur və kimliyindən asılı olmayaraq, o, bu prosesə gedəcək. Ukrayna xalqı da artıq müharibədən yorulub və bunu istəmirlər. Həmçinin 10 milyondan çox insan Ukraynanı tərk edib. Son dövrlərdə Ukraynada hərbi səfərbərlik haqqında qanun nə qədər sərtləşdirilsə də, ordunun formalaşdırılmasında insan resurslarının çatışmazlığı mövcuddur, – deyə o, əlavə edib.
Həmsöhbətimizin qənaətinə görə, digər tərəfdən də Qərb Ukraynaya qələbə qazanması üçün istədiyi dəstəyi Kiyevə yetərincə verə bilmir:
“Bütün bunlar əvvəl-axır Ukraynanın hər hansı formada ərazisini güzəştə getməsini zəruri edir. Çünki Rusiya tərəfi bu məsələdə güzəştə getmək niyyətində deyil və buna görə hərb maşının bütün gücünü işə salıbdır. O cümlədən, burada rus mental xarakteristikası da xüsusi önəm vurğulayır. Yəni müharibənin başlamasına səbəb Qərbin bunu nəzərə almamamısıdır ki, indi də bunun acısını çəkməkdədir. Bu acını da Ukrayna xalqı yaşayır”.
M. Bünyadlı düşünür ki, bu gün Ukraynanı gözləyən yeganə vəziyyət aşağıdakıdır:
“Koreya variantındakı kimi Rusiya ilə sərhədlərdə demarkasiya xətti çəkilir və tərəflər bununla barışıb zaman gözləyir. Zelenski də Rusiyanı sülh sammitinə cəlb etmək istəyəcək. Çünki onu buna vadar edən əsas amil Yaxın Şərqdə baş verən proseslərdir. Çünki Yaxın Şərqdəki proseslər birbaşa Ukraynaya təsir edir. Ona görə ki Qərb Yaxın Şərqdə vəziyyəti qızışdırdıqdan sonra diqqəti Ukrayna cəbhəsindən geri çəkməyə məcbur edəcək ki, Ukrayna da burada çətin durumda olacaq. Qısacası, bütün geosiyasi proseslər Zelenskini bunu deməyə vadar edir və cəmiyyəti indidən güzəştlərə sövq edir ki, ictimai rəy buna hazırlaşsın. Sonda isə o deyəcək ki, Qərb Ukraynaya lazımi dəstəyi vermədi və nəticədə Rusiya bu məsələdə qalib gəldi. Bunun arxasında dayanan faktor budur”.
Rafi Müslümov