Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanan “Qərbi azərbaycanlılara qarşı kütləvi qırğınlar” adlı video-çarxın təqdimat mərasimi baş tutub.
Yenicag.az xəbər verir ki, layihə rəhbəri Eldəniz Salmanov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
O, layihənin zəruriliyindən və dünya ictimaiyyətinə çatdırılması baxımından belə layihələrin davamlı şəkildə keçirilməsinin əhəmiyyətindən bəhs edib. E. Salmanov hazırlanan video-çarxın sosial şəbəkələrdə yayılması, eləcə də dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün layihə iştirakçılarını və tələbələri fəal olmağa çağırıb.
Layihə rəhbəri çıxışının sonunda belə layihələrin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, eləcə də video-çarxın hazırlanmasına görə “Yeni Çağ” Media Qrupuna öz təşəkkürünü bildirib.
Daha sonra video-çarxın təqdimatı olub.
Təqdimatdan sonra çıxış üçün söz Milli Məclisin deputatı Musa Quliyevə verilib. Millət vəkili layihə iştirakçılarını salamladıqdan sonra video-çarxın hazırlanmasında həm tarixi faktlardan, həm də soyqırımının canlı şahidlərinin fikirlərindən istifadə edilməsinin çox maraqlı məlumatlar olduğunu söyləyib.
O, çıxışında özünün də Qərbi Azərbaycanın Zəngəzur mahalında dünyaya gəldiyini və bu hadisələrin canlı şahidi olduğunu vurğulayıb. Eyni zamanda, Qərbi Azərbaycan torpaqlarının mərhələli şəkildə işğalı və Azərbaycan türklərinin kütləvi şəkildə öz doğma yurdlarından sürgün edilməsi ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirin sonunda belə layihələri həyata keçirməyin olduqca zəruri olduğunu qeyd edən millət vəkili QHT-lərə Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını da bildirib.
Cəvahir
www.yenicag.az