Ukraynaya təhlükəsizlik zəmanətləri: ABŞ və Aİ ümidlidir
Avropa liderləri və ABŞ rəsmiləri Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi planlarını razılaşdırmağa ümid edirlər.
Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, 6 yanvar tarixində Parisdə keçirilən görüşdə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner iştirak edirlər.
Görüş Vaşinqtonun təkliflərinin “istəklilər koalisiyası”nın planlarına inteqrasiyasına həsr olunub. Mənbələrin iddiasına görə, saziş layihəsi sülh bağlandıqdan sonra ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsini və atəşkəs rejiminə riayət olunmasına nəzarətdə ABŞ-nin köməyini, o cümlədən kəşfiyyat məlumatlarının təqdim edilməsini nəzərdə tuta bilər.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, uğur əldə olunacağı təqdirdə, Ukraynanın müttəfiqləri Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsinin müzakirəsinə Rusiya tərəfini də cəlb etməyə ümid edirlər.
Bundan əvvəl “TF1” telekanalı xəbər vermişdi ki, ABŞ nümayəndələri ilk dəfə olaraq Paris və Londonun təşəbbüsü ilə 2025-ci ilin yazında yaradılmış “istəklilər koalisiyası”nın görüşündə şəxsən iştirak edəcəklər. Görüşdə həmçinin Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliya hökumət başçısı Corcia Meloni, Kanada Baş naziri Mark Karni və Vladimir Zelenski iştirak edəcəklər.












