Dünyada vəziyyət elə bir həddə çatıb ki, artıq balanslaşdırılmış siyasət keçərli deyil. Mütləq şəkildə tərəf seçməlisən. Azərbaycan kimi dövlətlər Qərblə Rusiya arasında balanslı siyasət həyata keçirə, neytral qala bilirdi. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra bu məsələ, demək olar, imkansız hala gəldi. Düzdür, rəsmi Bakı ötən ilin sentyabrına – antiterror əməliyyatlarına qədər çətin də olsa, qızıl ortanı gözləyirdi. Məsələ ondadır ki, antiterror əməliyyatından sonra xüsusilə Qərb seçim şansı qoymadı: Ya yanımızda olacaqsan, ya da qarşımızda.
Düzü, Qərbin Azərbaycana qarşı aqressiv davranışı daha əvvələ gedib çıxır. 44 günlük müharibə 10 noyabr bəyanatı ilə sona çatdı. Bəyanatın 10-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.
Qərbin, konkret olaraq Fransanın aqressivliyinin ilk səbəbi məhz sonuncu cümlədə gizlənir. Fransa sahədə və rəsmi kanallarla bildirdi ki, dəhlizdə onlar da olmalıdır. Təbii ki, Rusiya buna razı olmazdı. Beləcə Cənubi Qafqaz uğrunda iki ölkə arasında mübarizənin əsası qoyulmuş oldu. Ardınca Fransa rəsmi İrəvana açıq dəstək nümayiş etdirdi, Ermənistan üzərindən isə Azərbaycana təzyiqlərə başladı.
2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı rəsmi olaraq qüvvəyə minib. Bu layihə qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsüdür. Şərq Tərəfdaşlığı Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna. Belarusun Rusiya ilə münasibətləri ən yüsək səviyyədədir. Bu layihənin qüvvəyə minməsindən 5 il sonra Rusiya Ukrayna ərazisinin bir hissəsini ilhaq etdi. Layihdən əvvəl isə Gürcüstan ərazisinin bir hissəsi işğal edilmişdi. Ermənistanda Rusiyanın hərbi bazaları mövcud idi. Moldovada isə münaqişə ocağı var idi. Ermənistanda Rusiyanın hərbi bazası mövcud idi. 2022-ci ilin fevral ayının 22-də isə Azərbaycanla Rusiya arasında Moskva bəyannaməsi imzalandı. Bəyannamə, demək olar ki, təhlükəsizlikdən tutmuş, mədəniyyətə qədər bütün sahələri əhatə edirdi.
Qərbin Azərbaycana təzyiqlərindən biri də məlum bəyannamənin dayandırılmasıdır. Səbəb kimi isə Şərq Tərəfdaşlığı əsas gətirilir.
Qərb, konkret olaraq Avropa İttifaqının dirijorlarından olan Fransa Qarabağ məsələsi üzərindən Azərbaycana ciddi təzyiqlər həyata keçirdi. Laçın sərhəd keçid məntəqəsi isə kuliminasiya nöqtəsi oldu. TIR oyunları, BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmalar baş verdi. Azərbaycan tərəfi isə dirəniş göstərdi, Qarabağda antiterror əməliyyatı keçirməyə məcbur oldu. Bu məsələdə Rusiya da Azərbaycanın yanında oldu, razılaşdırıldı. Bunu açıq şəkildə yazmağıma təkcə bir şey əsas verir: Əməliyyatdan öncə xəritələr üzərində rusların olduğu bütün məntəqələr işarələnmişdi və oranın vurulmaması tapşırığı verilmişdi. Sual olunacaq ki, bəs rus hərbçilər necə öldürüldü? Bu, sobataj idi. Çünki hadisə əməliyyatdan sonra baş vermişdi. Bunu Rusiya da bilirdi, rəsmi Bakı da gerçəkləri çatdıra bilmişdi.
Fransanın Azərbaycana qarşı aqressiv davranışları və bəyanatları davam etdi. Qarabağ məsələsi yenidən BMT Təhlükəsizlik Şurasına çıxarıldı. Makron özü belə etiraf etdi ki, Ermənistandan daha çox erməniləri müdafiə edir və bu yöndə addımlar atır. Səbəb? Təbii ki, maraqlar. Fransa Cənubi Qafqaz uğrunda Rusiya ilə ciddi mübarizə içərisindədir. Yeri gəlmişkən, buna Almaniya da qoşulub. Çox maraqlıdır ki, hər iki dövlət məhz Ermənistanı seçir. Sabah Almaniya da Ermənistana silah satsa, təəccüblü gəlməyəcək.
Diqqət çəkiləcək başqa bir məqam isə Azərbaycan tərəfi AŞPA ilə əməkdaşlığı dayandırmağa qərar verdiyini bəyan edəndən saatlar öncə, Moskva bəyannamənin 2-ci ili tamam olan gün Azərbaycan və Rusiya 2024-2026-cı illər üçün Yol Xəritəsini imzalaydı.
Gərginliyin artma ehtimalı yüksəkdir. Bu, diplomatik və siyasi olaraq Qərblə Azərbaycan arasında olacaq. Sahədə isə Ermənistanla Azərbaycan sərhədində gərginliyin artma ehtimalı var. Hətta Gürcüstanı da bu məsələyə sövq edə bilərlər.
www.yenicag.az