!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin müharibə üçün yeni PLANI: “Xaricdəki müxalifət aktivləşdirilir”

!Reklam – Yazi

“Belarusun müharibəyə qoşulması iddiasını istisna etmək olmaz. Çünki son Kursk əməliyyatından sonra Belarus ordusu da Ukrayna ilə sərhədə öz qüvvələrini yerləşdirdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

Siyasi təhlilçi Belarusun Ukrayna müharibəsinə qoşulması ilə bağlı son günlər Qərb mediası tərəfindən dərc olunan silsilə informasiyalara münasibət bildirib.

Onun sözlərinə görə, hətta əməliyyatın ilk günlərində Belarusda prezident Aleksandr Lukaşenkonun rəhbərliyi ilə hərbi müşavirələr keçirildi, vəziyyət diqqətlə öyrənildi:

“Yəni proseslərin gedişində bu məsələ istisna olunmur və Rusiya cəbhənin genişlənməsini istəyir. Lakin son anda bu dayandı. Çünki Lukaşenko “Rossiya-1” telekanalına müsahibəsində “Biz Rusiya ilə eyni qayıqdayıq və Rusiya batarsa, biz birlikdə batarıq”, demişdi.
Qərbin belə bir planı var idi ki, Belarusu buraya cəlb etsin və geniş miqyasda Rusiyaya qarşı daha sərt tədbirlər görülsün. Lakin nədənsə sonrakı mərhələdə sözügedən məsələ gündəmdə olsa da, reallaşmadı. Bunun bir çox səbəbləri var. Yəqin ki, Rusiya da ehtimal edir ki, əgər belə bir hadisə baş verərsə, bu, hansı ağır nəticələrə gətirə bilər? Bunu Qərb də istəmir, çünki indiki halda Avropada cəbhənin genişlənməsini bəzi qüvvələr istəsə də, digərləri bunun əleyhinə çıxış edirlər. Amma belə bir planın ortada olması istisna deyil. Hətta Qərb daha çox Cənubi Qafqazda ikinci cəbhənin açılmasında maraqlıdır”.

“Ümumiyyətlə, Belarusun Ukrayna münaqişəsinə cəlb edilməsi həm Qərbin, həm də Moskvanın planında var. Kursk əməliyyatından sonra Qərbin bu niyyəti açıq ortadadır və Minski bu istiqamətdə təxribata sürükləməklə münaqişəyə cəlb etmək istəyir. Xaricdə məskunlaşan Belarus müxalifətinin aktivləşməsi də bunun tərkib hissəsidir. Digər tərəfdən, bu yaxınlarda Belarus prezidenti Lukaşenko da bəyan etdi ki, Qərb ölkələri ölkədən qaçan miqrantlardan ibarət silahlı dəstələr yaradırlar”, – deyə o, əlavə edib.

M. Bünyadlı düşünür ki, Qərbin burada bir neçə məqsədi var.

“Birincisi, Ukrayna məsələsində Moskvanın ən yaxın müttəfiqi rolunda Minsk çıxış edir; İkincisi, Belarus münaqişə bölgəsində yerləşir və Ukrayna ilə şimaldan Polşa sərhədinədək həmsərhəddir. Belarus Kiyevə daha yaxın məsafədə yerləşir. Əgər Belarus cəbhəsi açılarsa, o zaman Ukrayna çox çətin vəziyyətlə üzləşə bilər. Ona görə də Qərb Belarusu zərərsizləşdirmək üçün Minskə son dövrlərdə təzyiq kampaniyasını gücləndirib.

Üçüncüsü, Qərb bu yolla Ukraynaya açıq şəkildə canlı qüvvə baxımından dəstək vermək imkanını əldə etmək istəyir. Qərb eyni zamanda Rusiya dərinliyinə verdiyi qısa, orta və uzunmənzili raketlərindən zərbə endirməyə icazə vermək üçün bəhanə axtarır”.

“Rusiya da Qərbin bu planını bildiyindən bacardıqca dözümlü mövqe sərgiləyir. Lakin bu plan müəyyən mərhələdə reallaşa bilər. Digər tərəfdən, cəbhənin genişlənməsi Rusiyanın maraqlarına da cavab vermir. Belə bir məsafədə döyüş əməliyyatlarını koordinasiya etmək və ona nəzarət etmək çox çətin olar. Əgər Belarus münaqişəyə cəlb olunarsa, Ukrayna üçün nə qədər təhlükə yaranarsa, bir o qədər də Rusiya üçün də yaxşı nəticələr verməyə və bunun əks effekti ola bilər. Bunu Rusiya başa düşüdüyündən hələlik dözməyə məcburdur.
Əgər Rusiya əmin olsa ki, Belarus cəbhəsini açmaqla uğur əldə edə bilər, bunu edərdi. Etmirsə, demək, çətinliklər mövcuddur. İndiki şəraitdə isə Rusiya bu cəbhəni açmaq marağında deyil”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv