Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri cənab Feysal bin Abdullah Hamad Al Hinzab “EDNews.net”ə eksklüziv müsahibə verib.
Cənab səfir, Sizinlə görüşməkdən özümü çox xoşbəxt hiss edirəm. İlk öncə müsahibə üçün razılıq verdiyinizə görə Sizə öz minnətdarlığımızı bildiririk. Azərbaycanda fəaliyyətə yeni başlamısınız, ilk sualımız Azərbaycan, onun təbiəti və insanları haqqında ilkin təəssüratlarınız barədədir…
Vəzifələrimin icrası ilə əlaqədar Azərbaycana gəlməmişdən əvvəl buranı ziyarət etmək mənə heç nəsib olmamışdı. Ölkəniz haqqında isə dostlarımın buranın turizm baxımından perspektivli bir dövlət olduğu və son zamanlar Körfəz ölkələrindən olan turistlərin bura çox böyük maraq göstərdikləri barədə mənə verdikləri məlimatlardan savayı heç nə bilmirdim. O ki, qaldı şəxsən mənim ilk təəssüratıma, bura regionda sadəcə bir turizm ölkəsi kimi deyil, daha artıq səciyyələnməlidir. Çünki insan burada özünü tam fərqli coğrafi mövqeyi ilə seçilən müxtəlif mədəniyyət və sivilizasiyaların qovuşduğu qədim bir ölkədə olduğu kimi hiss edir. Həmçinin, Azərbaycanda ölkə boyu əhali və həm də burada olanların əmin-amanlıq və sabitlik şəraitində yaşaması amili turistlərin bura cəlb olunmasında əsas göstəricilərdən biridir. Eyni zamanda, bura xüsusilə də paytaxt Bakı şəhərində yerləşən otelləri və ölkədə turizm infrastrukturu və loqistika baxımından mövcud olan gözəl potensialı əlavə etmək olar. Koronavirus pandemiyasının nəticələri aradan qaldırılandan və dünya ondan xilas olduqdan sonra Azərbaycanın, burada turizmin inkişafı üçün vacıb amil olan təbiətinin rəngarəngliyini, coğrafi mövqe və əlverişli şəraitin mövcudluğunu nəzərə alaraq turizm sektoruna diqqətini artıracağını düşünürəm.
Qardaş Azərbaycan xalqına gəlincə isə mən bu xalqı yalnız bura gələndən sonra onun nə qədər əxlaqlı, sədaqətli və mehriban bir xalq olduğunun şahidi oldum. Qətərlilər və digər xalqlar da Azərbaycan xalqının bu gözəl xüsusiyyətlərini yaxşı bilirlər. Şərqdə ilk demokratik respublika qurması da məhz bu xalqın vətən sevgisi və vətənə olan sədaqəti mədəniyyətindən irəli gəlir.
Cənab səfir, Azərbaycanla Qətər arasında çox mehriban dostluq əlaqələri formalaşıb, ölkələrimiz bir çox sahələrdə yaxından əməkdaşlıq edir. Bu əlaqələrin gələcək perspektivləri barədə nə deyə bilərsiniz?
Qətər Dövləti və Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 1994-cü il tarixində yaradılmışdır. Bu əlaqələr, hər iki dövlətin BMT və beynəlxalq birliyin fəal üzvü kimi beynəlxalq sülh və əmin-amanlığın gücləndirilməsi və müştərək mənafelərin hakim olduğu prinsip və hədəflər üzərində qurulmuş dostluq münasibətlərinə söykənir.
Qətər Dövlətinin özünə qardaş hesab etdiyi Azərbaycanla olan əlaqələri dərin və özəldir. Hər iki dövlət rəhbərinin bu əlaqələrin bütün sahələrdə, xüsusilə iqtisadi, ticarət və investisiya üzrə inkişaf etdirib gücləndirilməsi üçün çox böyük istəkləri vardır. Elə bu səbəbdən də Qətər Dövləti hökuməti və Azərbaycan Respublikası hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya yaradıldı ki, mövcud imkanları araşdırmaq və qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsinə nail olmaq üçün müntəzəm şəkildə görüşlər keçirilsin. İnanırıq kı, bu istək müştərək mənafelərin həyata keçirilməsi və ölkələr arasında ticarət və investisiya dövriyyəsinin artırılması ilə başa çatacaq. Xüsusən də iqtisadiyyatının əsas etibarilə neft və qaz sənayesi üzərində qurulmuş və bu sahədəki qiymətlərin isə daima beynəlxalq vəziyyətlə tənzimlənməsinə görə nəzarətə götürmək mümkün olmadığından hər iki ölkə iqtisadiyyatın şaxələnməsi siyasətini həyata keçirməyə çalışır.
Cənab səfir, bu gün istisnasız olaraq dünyanın bütün dövlətləri və hökumətlərini koronavirus problemi narahat edir, təəssüf ki, bu narahatçılıq daha da artır. İstər Azərbaycan, istərsə də Qətərin qonşuluğunda bu xəstəlik kifayət qədər yayılıb. Qətərin daxilində vəziyyət necədir? Hökumət bu sahədə hansı tədbirləri görür?
Şübhə yoxdur ki, koronavirus pandemiyası bütün dünya dövlətlərinə və həyatın bütün fəaliyyət sahələrinə çox böyük təsir göstərmişdir. Eyni zamanda onun dünya iqtisadiyyatına və iqtisadi inkişafın geriləməsi və tələbin azalması səbəbindən neft qiymətlərinin aşağı düşməsi şəraitində hökumətlərin resurslarının tükənməsinə də böyük mənfi təsirləri olmuşdur. Bununla da, ən böyük fəsadları isə aviasiya və turizm sahələri başda olmaqla bir çox sektorları əhatə etmışdir.
Müsahibəni götürdü: Həşim Məmmədov
www.yenicag.az