Qəzza üzrə sülh planının əsl mahiyyəti ÜZƏ ÇIXIR
“Qəzza sammiti atəşkəsi elan etmişdi, sülhə nail olmamışdı”.

Bu sözləri İsrail-HƏMAS arasında atəşkəsin yenidən pozulması və bunun səbəblərini Yenicag.az-a şərh edən politoloq Amid Əliyev deyib.
O bildirib ki, Fələstin dövlətinin yaranması sual altındadır:
“Qeyd etmək lazımdır ki, Tramp tərəfindən 29 sentyabrda təqdim olunmuş sülh planı daha çox HƏMAS-ın tərksilah olunması xəritəsi idi. Sülhün əsas tərəfləri olan İsrail və Fələstin isə ümumiyyətlə sammitin işində iştirak etmədilər ki, bu da özlüyündə gələcəkdə baş verə biləcək hadisələrdən boyun qaçırmaq üçün əla fürsət hesab oluna bilər. Hər iki tərəf yenə də bir-birini günahlandıracaq. Ən azından məsuliyyət heç bir tərəfə sənədlə həvalə olunmadı”.
Politoloqun sözlərinə görə, Fələstin dövlətinin yaranması yenə də tarixin qeyri müəyyənlik quyusuna buraxıldı:
“Bu isə öz növbəsində Fələstin xalqının azadlıq mübarizəsinin yarımçıq və nəticəsiz olması anlamına gəlir. Baxmayaraq ki, Fransa və Birləşmiş Krallıq bununla bağlı siyasi kampaniya apardılar, amma nəticə gözləntiləri doğrultmadı. Əvəzində isə Fələstinin beynəlxalq idarəetməyə verilməsi təklif olundu ki, bu da Fələstinin gələcəyini böyük sual altına qoydu.
Suallardan ən əsası da dağıdılmış infrastrukturun kimin bərpa etməsi ilə bağlıdır. Ərazi demək olar ki, tamamilə dağıdılıb, yüklərin daşınması olduqca çətinləşib və maliyyə mənbələri hələ də sual altındadır.
Bütün bu suallar fonunda son günlər HƏMAS-ın aktivləşməsi və İsrailin də cavab tədbirləri görməsi məntiqlidir. Çünki sammit atəşkəsi elan etmişdi, sülhə nail olmamışdı. Ona görə də, hazırda baş verənlər gözlənilən idi”.
Səxavət Məmməd












