QHT-lərə dövlət dəstəyinin “bir pəncərə”li yeni mexanizmi yaradıldı
2026-cı il QHT-lər üçün tam fərqli mənzərədə açıldı. Bir neçə gün bundan əvvəl – dekabrın son günlərində Prezident İlham Əliyevin QHT Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişiklik edilməsi haqqında imzaladığı Fərman (https://president.az/az/articles/view/71137) bu sahədə islahatların hansı səviyyədə dərinləşdirildiyini nümayiş etdirdi.
QHT Agentliyinin yeni qrant modelinin ölkə üzrə tətbiqi
2023-cü ilin sentyabrında QHT Agentliyi yeni müsabiqə qaydalarını elan etdi. Bu qaydalar QHT sektoru üçün böyük yenilik idi, ilk milli donor institutu 15 illik tarixində birinci dəfə idi ki, QHT-lərin profilinə uyğun olmayan layihələrini maliyyələşdirməkdən imtina etdi. Bu, uzun illər ərzində sektorda kök salmış “hərşeyşünaslıq”dan dar ixtisaslaşmaya keçid üçün məsuliyyətli, strateji və peşəkar qərar idi. Qaydalar ümumən mütərəqqi cəhətlərlə zənginliyi ilə seçildi. Artıq 3-cü ildir ki, Agentlik QHT-lərlə işini bu qaydalar əsasında qurur, qaydaların düzgün, dürüst tətbiqinə yüksək nəzarət təmin edilib, nəticədə QHT-lərə münasibətdə ayrı-ayrı subyektiv mülahizələri, sərt qərarları, peşəkar yanaşmalar, şəffaf, aydın, qəti və dönməz prinsiplər əvəzləyib. Prezident İlham Əliyevin Fərmanın təhlili göstərir ki, QHT Agentliyinin bu qrant modeli və onun real nəticələri nəinki bəyənilib, təqdir edilib, onun hətta bütün respublika üzrə tətbiqinə dair qərar verilib. Nazirlər Kabineti yaxın 3 ay ərzində QHT Agentliyinin nümunəvi qrant qaydaları əsasında bütün dövlət qurumları üçün universal qaydaları hazırlayıb elan edəcək. Bununla da dövlət qurumlarının QHT-ləri maliyyələşdirməsinə dair fərqli qaydaları olmayacaq, bu sahədə mövcud qaydalar ləğv ediləcək, hamı vahid, yeni qaydadan istifadə edəcək.
QHT-lərin “bir pəncərə”dən maliyyələşdirilməsi
Hazırda dövlət büdcəsindən QHT-lərə vəsaitlər 2015-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar”ın siyahısı üzrə 9 Nazirlik (Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), digər 4 qurum (Dini Qurumlar İş üzrə Dövlət Komitəsi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya), o cümlədən bu siyahıda adı olmayan 3 qurum – Azərbaycan Gənclər Fondu, KOBİA və ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyi tərəfindən açılır. Bu 16 qurumun vahid koordinasiyası aparılmırdı, QHT-lərə dövlət dəstəyinin vahid databazası, təhlili yox idi, pərakəndəlik, müxtəlif dövlət qurumları tərəfindən eyni layihələrə görə təkrar vəsait ayrılması, dublikat, plagiat layihələrin maliyyələşdirilməsi, hətta bəzi hallarda dövlət qurumlarının öz işçilərinə məxsus QHT-lərə, o cümlədən kağız üzərində mövcud olan “şəbəkə xarakterli” bir sıra QHT-lərə qrantlar ayırması təcrübəsi yayılmışdı.
QHT-lər yaranmış bu vəziyyətdən narazılıqlarını dəfələrlə dilə gətiriblər. İndi bu məsələ köklü həll edilib. Xatırlatmaq yerinə düşər ki, QHT Agentliyi bu yaxınlarda elan etdi ki, 2025-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqələr üzrə daxil olmuş 800-ə yaxın layihədən təxminən 200-ündə tam və ya qismən plagiat halları aşkar edilib, bu layihələrə vəsait ayrılmayacaq, plagiat layihə təqdim edənlər əməllərinin hansı nəticə verdiyi ilə üzləşməli olacaqlar. Əgər QHT-lərlə sıx işləyən, onları yaxından tanıyan bir quruma münasibətdə belə aldatma, saxtakarlıq cəhdləri olursa, əsas fəaliyyəti QHT-lərlə iş olmayan, ictimai birliklərə dərin bələdçiliyi olmayan qurumlardakı prosesləri təsəvvür etmək çətin deyil. Məsələn, QHT Agentliyi açıqlamışdı ki, “şəhid ailələrinin Xankəndiyə səfərinin təşkili” layihəsi üzrə eyni mətn onlara 9 fərqli QHT-dən daxil olub, yaxud adları saxta “orden-medal ticarəti”ndə hallanan, hüquq mühafizə orqanları tərəfindən fəaliyyətləri araşdırılan bəzi QHT-lər layihələri də saxtalaşdırıb, onların təqdim etdiyi müxtəlif layihə mətnləri demək olar ki, sözbəsöz eyni olub. Bundan başqa, Agentlik onlarla QHT-nin işinin eyni mühasiblər tərəfindən aparıldığını açıqlamışdı. Bəzi QHT rəhbərlərinin layihələrin necə tərtib olunmasından və aparılmasından xəbərsiz olması ciddi siqnallardır. Həmin şəxslərin tam əhatə dairəsi və siyahısının müəyyənləşdirildiyi də bildirilmişdi.
Bundan başqa, sirr deyil ki, bəzi dövlət qurumları QHT-lərdən layihələri elektron sistem üzrə deyil, kustar üsullarla qəbul edirdi.
Beləliklə, artıq rəsmi səviyyədə də etiraf edilir ki, 2015-2025-ci illərdə dövlət büdcəsindən QHT-lərə vəsaitlərin bölüşdürülməsi mexanizmi özünü gözlənilən kimi doğrulda bilmədi. Prezident İlham Əliyevin QHT-lərə dövlət dəstəyinin yeni mexanizmini müəyyən etməsinin bu zərurətdən irəli gəlməsi şübhəsizdir. Belə ki, yuxarıda adları sadalanan dövlət qurumlarının hər biri qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini bundan sonra “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcək.
QHT Agentliyinin izahları da göstərir ki, bu, dövlət büdcəsindən QHT-lərə ayrılan vəsaitlərin bir quruma ayrılması anlamına gəlmir. Dövlət büdcəsindən QHT-lərə vəsaitlər yenə bu 16 dövlət qurumu tərəfindən veriləcək, dövlət qurumlara ayrılan büdcələrə toxunulmayacaq, lakin bütün bu qurumlar QHT-lərə maliyyə ayrılması işlərini vahid sistemlə və QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birgə aparacaq. Məsələn, müsabiqələr üçün mövzular birlikdə müəyyənləşdiriləcək, müsabiqə elanı birlikdə veriləcək, ekspertizanı QHT Agentliyi müsabiqəni birlikdə elan etdiyi qurumun mütəxəssislərini prosesə cəlb etməklə təşkil edəcək, qaliblər siyahısı – nəticələr birlikdə elan olunacaq. Burada QHT Agentliyinin iştirakı dayanacaq, birlikdə həyata keçirilmiş müsabiqələr üzrə qalib QHT-lərlə müqavilələrin bağlanması, onlara vəsaitlərin köçürülməsi, layihələrin monitorinqi və hesabatlarının qəbulu ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi məşğul olmayacaq. Bu prosesi 2 mərhələli təsəvvür etsək, QHT Agentliyi ancaq əsas mərhələdə – I hissədə yer alacaq, sonrakı hissəyə qarışmayacaq.
“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi
Yeni mexanizm koordinasiyanın güclənməsinə, vahid databaza və uçotun yaranmasına, milli prioritetlərə uyğun səpkidə mövzuların dövlət qurumları arasında bölüşdürülməsinə, prosesin “bir pəncərə” əsasında təşkilinə və idarə edilməsinə, QHT fəaliyyətlərinin daha səmərəli, nəticəyönümlü olmasına xidmət edəcək.
Bunu Azərbaycanın QHT sektorunun tarixində yeni səhifənin açılması kimi izah etmək daha dəqiq olardı, çünki təkcə məsuliyyət və imkanlar deyil, missiya da böyüyür. Dövlət dəstəyinin vahid sistemini, standartlarını yaratmaq, kölgəli zonaları işıqlandırmaq, boz, qara zonaları gün işığına çıxarmaq, şəffaflıq, hesabatlılıq, peşəkarlıq gətirmək üçün unikal fürsətdir. Bu proses sağlam düşünən hər bir QHT nümayəndəsi üçün mühüm əhəmiyyətə malikdir.
Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin sədri Osman Gündüz QHT-lərə dövlət dəstəyində sistem dəyişikliyi barədə Prezident İlham Əliyevin imzaladığı fərmanı doğru olaraq belə təsbit edir: “Burada söhbət QHT-lərin maliyyələşməsinin mərkəzləşməsindən deyil, müxtəlif qurumlar tərəfindən verilən qrantların koordinasiyasından gedir. Bu sistem QHT-lərin indiyədək pərakəndə halda olan maliyyələşdirilməsi prosesini rəqəmsal müstəviyə daşıyaraq şəffaflığı, izlənə bilənliyi və institusional yaddaşı təmin edəcək. Təkrarlanan layihələrin qarşısının alınması, prioritetlərin daha dəqiq müəyyənləşdirilməsi və dövlət siyasətinin icrasının ölçülə bilməsi baxımından bu, ciddi irəliləyişdir. Eyni zamanda Fərmanda Agentliyin idarəetməsində tək icraçı modelindən imtina edilərək kollegial İdarə Heyəti modelinə keçid nəzərdə tutulur ki, bu da qərarların daha balanslı, məsuliyyətli və davamlı qəbuluna xidmət edir. Nəticə etibarilə bu Fərman QHT-lərə dövlət dəstəyində pərakəndə yanaşmadan sistemli və əlaqələndirilmiş modelə keçidin hüquqi əsasını yaradır. Vahid pəncərə və rəqəmsal informasiya sistemi dövlət-vətəndaş cəmiyyəti münasibətlərində şəffaflığı, məsuliyyəti və etimadı əhəmiyyətli dərəcədə gücləndirəcək”.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də eyni qənaəti bölüşüb: “Bu Fərman təsadüfi və situativ qərar deyil. Bu sənəd uzunmüddətli müşahidələrin, praktiki təcrübənin, qiymətləndirmələrin və qeyri-hökumət təşkilatları sahəsində real vəziyyətin dərindən öyrənilməsinin nəticəsi kimi formalaşıb. İllər ərzində tətbiq olunan mexanizmlər təhlil edilib, mövcud boşluqlar, təkrarlanan problemlər və institusional uyğunsuzluqlar müəyyənləşdirilib. Nəticədə dövlət–vətəndaş cəmiyyəti münasibətlərində yeni mərhələyə keçidi nəzərdə tutan sistemli qərar qəbul olunub. Bu Fərman təkcə ayrı-ayrı qaydaların dəyişdirilməsi deyil, QHT-lərə dövlət dəstəyi sisteminin bütövlükdə yenidən qurulmasıdır. Fərmanın əsas mahiyyətini sadə dillə belə ifadə etmək olar: QHT-lərə dövlət dəstəyi sahəsində pərakəndə və əlaqəsiz mexanizmlərdən vahid, əlaqələndirilmiş sistemə keçid təmin olunur. Bu yanaşma mərkəzləşmə deyil, nizamlı və planlı əməkdaşlıq modelidir. Fərman Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rolunu keyfiyyətcə dəyişir. Agentlik artıq yalnız maliyyə ayıran qurum deyil, dövlət-özəl-QHT əməkdaşlığını əlaqələndirən sistem qurucu və koordinasiyaedici mərkəz funksiyasını daşıyır”.
Dövlət-QHT tərəfdaşlığı
Fərmanla QHT Agentliyində Müşahidə Şurası və icraedici strukturlar arasında funksional bölgü də aydın şəkildə müəyyən edilir. Şuranın 7 üzvdən ibarət tərkibində 4 üzv vətəndaş cəmiyyəti institutlarının, 3 üzv isə dövlət orqanlarının nümayəndələrindən formalaşdırılır. Şura sədrinin məhz vətəndaş cəmiyyəti nümayəndələri arasından seçilməsi dövlətin QHT sektoruna münasibətində yeni yanaşmalarına da tam uyğun gəlir. Ə.Nuriyevlə bu mövzuda razılaşmamaq olmur: “QHT-lər artıq yalnız maliyyə alan subyekt kimi deyil, ictimai problemlərin həllində tərəfdaş kimi qiymətləndirilir. Artıq əsas sual “kim nə qədər qrant aldı?” deyil. Əsas sual “ictimai problemlərin həllində daha səmərəli, şəffaf və dayanıqlı sistem necə qurulur?” məsələsidir. Bu Fərman həmin suala verilmiş sistemli, ölçülmüş və düşünülmüş cavabdır”.
Etiraf olunmalıdır ki, uzun dövr ərzində QHT sektoru ciddi imic itkisinə məruz qalmışdı. Real, ictimai faydalı fəaliyyətlər həyata keçirən QHT-lərlə yanaşı, formal fəaliyyət göstərən, QHT sektoruna əlavə qazanc mənbəyi kimi yanaşanlar sektora ləkə gətirmişdi. Son 2 ildə bu sahədə aparılan yeni tənzimləmələr bu təbəqəni tədricən kənara qoymaqdadır, bu isə QHT sektorunun etibarlı tərəfdaş mövqeyinə çıxmasını şərtləndirir. Sistemli dəyişikliklər özü ilə bütün sektor miqyasında pozitiv dəyişikliklər və ən əsası yeni düşüncə, baxış gətirdi. Bu yeni düşüncə, mühit, yeni baxış ambisiyaların artması, müasir çağırışlarla ayaqlaşmaq, ölkə hüdudlarını aşaraq beynəlxalq arenada daha güclü təmsilçilik və yeni fürsətlər əldə etmək istiqamətində səylərin artmasıyla da şərtləndi.
Yeni mərhələnin əsas səciyyəvi xüsusiyyətlərindən biri də islahatların həm şaquli, həm də üfüqi xarakter almasıdır. Bunun bariz təzahürü kimi Azərbaycan Milli QHT Forumunda həyata keçirilən islahatları qeyd etmək olar. 2024-cü ildə Azərbaycan Milli QHT Forumunun fəaliyyəti üçün normativ və institusional baza təkmilləşdirildi, yeni, çevik, kollegial idarəetmə forması tətbiq edildi. Forumun müasir, QHT-lərin üçün daim əlçatan zallarla, görüşlərin keçirilməsi üçün otaqlara malik ofisi “QHT Evi” arzusunu reallaşdırdı. Artıq sektorun “QHT Evi” var və onun əsas missiyası QHT-lərin professionalığını, beynəlxalq əməkdaşlığını gücləndirmək, fəaliyyəti əlaqləndirmək, uğurlu təcrübələri yaymaq və institusional dəstək verməkdir. Artıq Forumun təqdim etdiyi ödənişsiz imkanlara böyük təlabat müşahidə edilir. Yeri gəlmişkən, QHT Agentliyinin Müşahidə Şurasının tərkibinə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətindən üzv qismində nümayəndənin də daxil edilməsi Forumun yalnız milli səviyyədə apardığı işlə yanaşı, 2024-cü ildən fəaliyyətindəki dönüşün, bu qısa müddətdə əldə etdiyi qlobal və regional miqyaslı uğurların dəyərləndirilməsi anlamındadır.
Qalib dövlətin QHT modeli
Yeni mərhələnin əsas fokusu məhz QHT-lərin fəaliyyət coğrafiyasını, təsir dairəsini, əməkdaşlıq arealını Azərbaycandan kənarda genişləndirmək, ittifaqlar, platformalar yaratmaq, ölkəmizi layiqli təbliğ etmək, qərəzli kampaniya və aksiyalara beynəlxalq tərəfdaşları səfərbər edərək cavab verməkdir. Beynəlxalq arenada Azərbaycan QHT-lərin proaktiv fəaliyyəti artıq arzu deyil, fəxr olunmağa layiq gerçəklikdir.
Joseph Nye-nin formalaşdırdığı yumşaq güc konsepsiyasına görə, dövlətlər istədiklərinə məcbur etməklə deyil, cəlbedicilik, dəyərlər və etimad üzərindən nail olduqda daha dayanıqlı nəticə əldə edirlər. Müasir interpretasiyalarda yumşaq güc artıq təkcə mədəniyyət və ideoloji cazibə ilə məhdudlaşmır, institusional etibar, ictimai aktorların fəaliyyəti və şəbəkə diplomatiyası ilə tamamlanır. Azərbaycan QHT sektorunun son illərdəki fəaliyyəti bu baxımdan yumşaq gücün institusionallaşdırılmış forması kimi çıxış edir
Azərbaycanın təsiri, təşəbbüsləri Cənubi Qafqazı, MDB məkanının hüdudlarını aşaraq daha geniş coğrafiyada, Afrika qitəsində, Cənubi-Şərqi Asiyada, Avropa məkanında əks-səda verir. Son 2 ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru beynəlxalq və regional əməkdaşlıq platformaları, şəbəkələri yaratmaq, idarə etmək, qlobal arenaya iddialı, yeni təcrübələrlə çıxması, bu istiqamətdə əsl sıçrayışa nail olmasıdır. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin xaricdə keçirdiyi tədbirlərin sayı əvvəlki illərlə müqayisədə 3.5 dəfə artıb. Əgər 2022-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-ləri cəmi 1 xarici ölkədə – Türkiyədə 7 tədbir keçirmişdisə, 2024-cü ildə 7 xarici ölkədə 25 tədbir baş tutub. 2025-ci ildə isə yalnız “Gilavar” Foto Klubu İctimai Birliyi təklikdə 4 xarici ölkədə – Almaniya, Fransa, Belçika, Niderlandda 5 tədbir keçirməyə nail olub.
Qlobal Cənub QHT Platforması
COP29 dövründə 137 ölkədən 1023 QHT-nin Azərbaycanın lehinə bəyanat verməsi ilk dəfə baş verən tarixi hadisə idi. Prosesin davamı olaraq, 116 ölkədən nüfuzlu QHT-lərin iştirakı ilə 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu. Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkə indiyədək mövcud olmayıb. İlk dəfədir ki, Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsini əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazandı və 116 ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq Qlobal Cənub QHT Platformasını təsis etdilər. Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən 116-sının vətəndaş cəmiyyəti nümayəndələrinin bu tərkibdə yer alması nəinki Azərbaycan, heç Qlobal Cənub miqyasında rast gəlinməyən məxsusi hadisədir. Qoşulmama Hərəkatının gənclər və parlament şəbəkələri olsa da, QHT şəbəkəsi məhz bu Platforma ilə yaradıldı. Bu müstəqillik tariximizdə Azərbaycan QHT sektorunun ən böyük uğuru kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin toplantı iştirakçılarına müraciətində Azərbaycanın yeni statusu aydın görünürdü: “Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir”.
Qlobal Cənub QHT Platformasının Daimi Katibliyinin Bakıda yerləşməsi də bu anlamda xüsusi vurğulanmalıdır.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platforması
Azərbaycan Türk Dövlətləri Təşkilatı regionunda çoxtərəfli əməkdaşlıq formatlarının, platformalarının yaradılmasında da liderlik nümayiş etdirir və tarixi uğurlara imza atır. 2025-ci il noyabrın 24-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatının iştirakı ilə Həmrəylik Forumunun keçirilməsi, Naxçıvanda 26 noyabrda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan vətəndaş cəmiyyəti təmsilçilərinin Birgə Bəyannamə qəbul edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasını təsis etməsi bunu bir daha nümayiş etdirdi. TDT üzvü ölkələrin QHT-ləri etimad göstərərək Platformanın ilk Baş katibinin Azərbaycandan olmasına və Katibliyin Bakıda yerləşməsinə qərar verdilər. Yeri gəlmişkən, ilk Baş katib də Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov seçildi. Bu Platformanın yaranması son illər Azərbaycan QHT-lərinin böyük inkişaf yolu keçərək, təşəbbüslərinin qlobal məkanda geniş dəstək qazanmasının növbəti təzahürü olmaqla, tarixi uğurdur.
Hazırda türk coğrafiyasının inteqrasiyasında Azərbaycan mərkəz nöqtəsi kimi çıxış edir, TDT-nin bir çox ambisiyalı layihələri ölkəmizlə, habelə Prezident İlham Əliyevin strateji baxışı və onun liderliyi ilə əlaqəlidir. Azərbaycan bu təşəbbüsə imza atmaqla, ictimai diplomatiya ilə TDT-yə Azərbaycanın sədrliyinin təşəbbüslərini tamamlayır.
Yeni çağırışlara çevik uyğunlaşma
Əsas diqqət mərkəzində olan məsələlərdən biri də sağlamlaşdırma tədbirləri ilə paralel QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətin genişləndirməsidir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi son illərdə 6 dəfə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını təşkil edib. Mingəçevir, Naftalan, Bakı, Naxçıvan, Şamaxı, Şuşa şəhərlərində keçirilmiş bu proqramlarda 750-dək QHT iştirak edib. 2025-ci ildə isə QHT-lərin İnkişaf və Mübadilə Proqramının ilk dəfə Böyük Qayıdışın baş verdiyi azad edilmiş ərazilərdə – Şuşa şəhərində keçirilməsi ilə əlamətdar oldu. Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu bu il Xankəndində oldu və bir daha QHT sektorunun artan nüfuzunu, təsirini nümayiş etdirdi. Hər il keçirilən QHT-lərinin Əməkdaşlıq Forumu artıq oturuşmuş formata çevrilib və hər il yeniliklər gətirərək birgə planlama, fikir və ideya mübadiləsi imkanıdır. Buna QHT sektorunun illik “beyin hücumu” formatında toplantısı kimi də baxa bilərik.
QHT-lərin fəaliyyət miqyası və əldə etdiyi nəticələr genişləndikcə, bu sektora olan ictimai etimadın da paralel şəkildə artdığı müşahidə olunur. Bu etimadın mühüm göstəricilərindən biri son vaxtlar Prezident İlham Əliyevin Azərbaycan QHT-lərinin təşəbbüsü ilə keçirilən forumlar, tədbirlərə ardıcıl müraciətlər ünvanlaması, bir sıra çıxışlarında QHT-lərin fəaliyyətini qeyd etməsidir. Bu, QHT sektoruna göstərilən diqqətin, yüksək etimadın ifadəsi kimi dəyərləndirilə bilər.
Aydındır ki, QHT sektorunun nailiyyətlərinin davamlılığı yeni çağırışlara uyğunlaşmaq, qlobal və regional tendensiyaları düzgün oxumaq, institusional çevikliyi və peşəkarlığı qorumaqdan asılı olacaq. Azərbaycan QHT sektorunun son üç ildə keçdiyi yol məhz bu yanaşmanın uğurlu tətbiqini sərgiləyir.
Bu gün Azərbaycan QHT sektoru klassik vətəndaş cəmiyyəti çərçivəsini aşaraq strateji yumşaq güc elementinə çevrilməkdədir. Dövlət siyasəti ilə uzlaşan, peşəkar və qlobal miqyasda təşəbbüslərə qabil QHT sektoru Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirən mühüm amil kimi çıxış edir. Azərbaycan QHT-ləri milli inkişaf strategiyası ilə həmahəng fəaliyyət göstərməyə, xarici siyasət təşəbbüslərini ictimai təşəbbüslərlə gücləndirməyə, ölkəmizin beynəlxalq arenada mövqelərini möhkəmləndirməyə praktik töhfə verməyə, cəmiyyət həyatında real müsbət təsir yaratmağa nail olub, özünə inam və etibarı bərpa edib.
QHT sektorunun 2026-cı ildə gözlənilən fəaliyyəti bu baxımdan xüsusi diqqət çəkəcək. Gözləmək olar ki, institusional və normativ islahatlar davam etdiriləcək, Qlobal Cənub QHT Platforması, TDT QHT Platformasının fəaliyyəti daha geniş miqyası əhatə edəcək, eyni zamanda QHT-lərin beynəlxalq əməkdaşlığı daha intensivləşəcək. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasında (WUF13) QHT sektoru COP29-da olduğu kimi dünyanın diqqətini çəkəcək, yeni təcrübələr yaradacaq şəkildə iştirak edəcəklər.
Həmçinin, gözləmək olar ki, QHT-lərə dövlət dəstəyinin yalnız qrantlar verilməsi ilə deyil, daha geniş spektrdə, potensial yaratmaq məqsədilə digər innovativ üsullarla göstərilməsi istiqamətində fəaliyyət güclənəcək.
Prezident İlham Əliyevin QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyin müasirləşdirilməsi, təkmilləşdirilməsi barədə tapşırıqları isə QHT-lər üçün imkanları və fürsətləri genişləndirəcək.
QHT-lərə dövlət dəstəyinin “bir pəncərə”li yeni mexanizmi bütövlükdə bu sektorun inkişafında keyfiyyətcə tam yeni mərhələnin əsasını qoyur.












