Qısa videolar beynimizi çürüdür? – Elon Maskdan TARİXİ ETİRAF
Sosial medianın fəsadları dünyanın diqqət mərkəzindədir.
Yenicag.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanından olan yazar Mişari Zeydi maraqlı bir məqalə yazıb.
Mişari Zeydi yazısında Elon Maskın sosial media barədə fikirlərinə toxunub. O, yazısında əvvəlcə Misir atalar sözünü xatırladır: “Cini çağıran, onu geri göndərən adamdır”. Yəni, problem yaradan onu çözməli olan şəxsdir. Yazar bu sözü sosial media nəhənglərinə aid edir: bu sistemi quranlar, onun fəsadlarını da ən yaxşı anlayan insanlardır.

“Bir podkastda Elon Maskdan soruşurlar: “İnsanlığı daha pis hala gətirən ixtira nədir?” O da “TikTok”, “İnstagram”, “YouTube”, “Snapchat” kimi platformalardakı qısa videolar” deyir.
Onun fikrincə, bu qısa videolar insanın beynini “çürüdür”, düşünmə qabiliyyətini zəiflədir. Çünki insanı davamlı, dayanmadan səthi əyləncəyə öyrədir, diqqəti dağınıq edir, dərin düşünməyə imkan vermir.
Mişari Zeydi də bunu belə şərh edir: bu tənqidi deyən adi bir müəllim, yazıçı və ya kənar tənqidçi deyil, məhz bu rəqəmsal dünyanın içində olan, onu quran insanlardan biridir. Yəni, “cini çağıran” adam indi “bu cin bizi məhv edir” deyə həyəcan təbili çalır.
Yazının əsas fikri budur: qısa videolar və sosial media əyləncəli görünsə də, əgər nəzarətsiz istifadə olunsa, insanın beynini yorur, onu daha səthi, daha səbirsiz və zəif düşüncəli edə bilər.
Camal Cavanşir












