Qızıl alaq, yoxsa sataq? – Qiymətlərdəki yüksəliş nə vaxta qədər davam edəcək?
“Son aylarda qızıl bazarında yüksəliş meyli güclənsə də, qiymətlər qısamüddətli dalğalanmalara açıq qalır. Spot qızılın qiyməti təxminən 5 000 ABŞ dolları/unsiya səviyyəsində olsa da, dolların möhkəmlənməsi və ticarət aktivliyinin zəifləməsi fonunda qısamüddətli geriləmə də müşahidə olunub”.
Bunu Yenicag.az-a açıqlamasında qiymətli metallar və qiymətli daşlar üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov deyib.
“Qızıl qiymətlərində artım davam edəcəkmi?” sualını cavablandıran ekspert 2026-cı il üzrə artımı dəstəkləyən əsas amilləri açıqlayıb:
“Qızıl qiymətlərinin yüksəlişini gücləndirən əsas faktorlardan biri mərkəzi bankların davranışıdır. 2025-ci ildə mərkəzi bankların xalis qızıl alışları təqribən 900 ton təşkil edib və bu, bazarda davamlı tələbi artırıb. Digər tərəfdən, faiz dərəcələrinin enməsi və ABŞ dollarının zəifləməsi kimi şərait formalaşarsa, 2026-cı ildə qızılın əlavə təxminən 10–15% yüksəlməsi mümkün görünür. Qlobal iqtisadi qeyri-müəyyənlik, inflyasiya gözləntilərinin yüksək qalması və maliyyə bazarlarında risklərin artması da investorları daha etibarlı aktivlərə yönəldir. Bu fonda bəzi böyük banklar tələbin qorunacağı təqdirdə qiymətlərin daha yüksək səviyyələrə yüksələ biləcəyini qeyd edirlər”.
İqtisadçı dolların güclənməsi və faiz dərəcələrinin gözləniləndən daha uzun müddət yüksək qalmasının qızıl üçün mənfi fon yarada biləcəyini bildirib:
“2026-cı ildə qiymətlər yüksək səviyyələrdə qalsa belə, bazarda sabitləşmə və ya ehtiyatlı yumşalma ehtimalı mövcuddur. Eyni zamanda, orta qiymət gözləntiləri yüksəlsə də, bu, artımın fasiləsiz davam edəcəyinə zəmanət vermir; daha real mənzərə bazarın mərhələli şəkildə hərəkət etməsidir.
Mövcud göstəricilər qızılın 2026-cı ildə də fundamental dəstəyə malik olduğunu göstərir: mərkəzi bank tələbi, monetar siyasət gözləntiləri və riskdən yayınma meyli. Bununla yanaşı, dollar və faiz dərəcələri ilə bağlı qeyri-müəyyənlik qısa və orta müddətdə dalğalanma və korreksiya ehtimalını artırır”.
Cəvahir













