Qızıl bazarında SÜRƏTLİ ENİŞ: Ucuzlaşma nə vaxta qədər DAVAM EDƏCƏK?

media-hightechnic-468x90

Son aylarla müqayisədə qızıl bazarında qiymət enişi müşahidə edilir. Hazırda qızılın bir qramının qiyməti əvvəlki dövrlə müqayisədə təxminən 60 manat daha ucuzdur. Qarşıdakı aylarda qiymətlərdə hər hansı enmə və ya qalxma gözlənilirmi?

media-banner_tkm

Yenicag.az-a açıqlamasında iqtisadçı-ekspert Rövşən Əmircanov qiymətli metal bazarındakı son vəziyyəti şərh edib:

“Qızıl bazarında hazırkı ucuzlaşmanı hələlik uzunmüddətli eniş trendi kimi qiymətləndirmək düzgün olmaz. Bu, daha çox qlobal bazarda baş verən qısamüddətli korrektə xarakteri daşıyır. Son günlərdə qızılın qiyməti ABŞ-da faiz artımı ilə bağlı gözləntilər, istiqraz gəlirlərinin yüksəlməsi və investorların daha ehtiyatlı mövqe tutması fonunda təzyiq altında qalıb. Son məlumatlara əsasən, spot qızıl 1,5 aylıq minimuma yaxınlaşıb və unsiya üzrə təxminən 4 540 ABŞ dolları səviyyəsində qərarlaşıb”.

Onun sözlərinə görə, Azərbaycan bazarında qızılın qiymətinin formalaşmasında əsas amil dünya bazarında qızılın dollarla ifadə olunan unsiya qiymətidir:

“Bunun üzərinə valyuta məzənnəsi, idxal və logistika xərcləri, emal, ticarət marjası və məmulatın əyarı əlavə olunur. Əvvəlki qiymət artımları zamanı da yerli bazarda bütün əyar kateqoriyaları üzrə bahalaşmanın əsas səbəbi beynəlxalq bazardakı yüksəliş idi.

Hazırkı eniş davam edə bilər, amma bunun üçün qlobal bazarda bir neçə şərtin eyni vaxtda formalaşması lazımdır: ABŞ dollarının güclənməsi, faizlərin daha uzun müddət yüksək qalması, geosiyasi risklərin azalması və investorların qızıla marağının zəifləməsi. Əks halda, Yaxın Şərqdə gərginlik, inflyasiya narahatlıqları və mərkəzi bankların qızıl ehtiyatlarını artırmaq siyasəti qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər. Yəni bazarda eniş var, amma bu, qızılın artıq uzunmüddətli ucuzlaşma mərhələsinə keçdiyi demək deyil”.

Ekspert ümumilikdə, hazırkı ucuzlaşmanın alıcılar üçün müəyyən fürsət yarada biləcəyini də vurğulayıb:

“Əgər məqsəd zərgərlik məmulatı almaqdırsa, qısamüddətli qiymət fərqindən daha çox məmulatın əyarına, dövlət əyar damğasına, çəkisinə və satıcının etibarlılığına diqqət edilməlidir. İnvestisiya məqsədilə alınırsa, bazarın dəyişkən olduğu nəzərə alınmalı və bütün məbləği bir anda deyil, mərhələli alış strategiyası ilə hərəkət etmək daha ehtiyatlı yanaşma hesab olunur. Ümumilikdə, hazırkı ucuzlaşma alıcılar üçün müəyyən fürsət yarada bilər, lakin qızıl bazarında risklər hələ də qalır. Qiymətlərin yay aylarında hansı istiqamətdə dəyişəcəyi daha çox ABŞ-ın faiz siyasətindən, dolların mövqeyindən və geosiyasi vəziyyətdən asılı olacaq. Buna görə də qızılın qiymətində yenidən artım ehtimalı tam istisna edilmir”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05