Qlobal arenada söz sahibi olan Azərbaycan: "Prezidentin BMT tribunasından verəcəyi mesajlar böyük maraqla gözlənilir"
“Azərbaycan bu gün etibarlı tərəfdaş, regional sabitliyin təminatçısı və beynəlxalq hüququn keşiyində dayanan prinsipial dövlət kimi qlobal arenada öz sözünü qətiyyətlə ifadə edir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Politoloq Azərbaycanın dünya miqyasında son illərdə qazandığı yüksək etimaddan bəhs edib:
“Cənab prezidentin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın yüksələn beynəlxalq nüfuzunun, qlobal miqyasda artan strateji əhəmiyyətinin və milli maraqlara əsaslanan prinsipial xarici siyasət kursunun bariz göstəricisidir. Belə yüksək səviyyəli beynəlxalq platformada dövlət başçımızın iştirakı və səfər çərçivəsində keçirilmiş çoxsaylı ikitərəfli görüşlər, xüsusilə də bu görüşlərin hər birinin qarşı tərəflərin təşəbbüsü ilə baş tutması prezident İlham Əliyevin beynəlxalq miqyasda qəbul olunan liderlik xüsusiyyətlərinin və ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən rolunun aydın təzahürüdür”.
A. Qurbanova qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindən sonra dünya miqyasında xüsusi hörmət qazanması ölkə başçısı İlham Əliyevin apardığı siyasətin təzahürüdür:
“Xüsusilə qeyd edilməlidir ki, cənab prezidentin qətiyyətli və uzaqgörən liderliyi ilə formalaşan yeni regional geosiyasi reallıqlar artıq beynəlxalq miqyasda birmənalı şəkildə qəbul olunur və dəstəklənir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələr Azərbaycan tərəfindən təkbaşına icra olunmuşdur. Bu, beynəlxalq hüququn aliliyinin təmin edildiyi mühüm presedent olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqa və qlobal ədalətə verdiyi töhfənin real ifadəsidir. Məhz bu mühüm tarixi reallıqlar fonunda prezident İlham Əliyevin BMT tribunasından qlobal ədalətin bərpası, beynəlxalq hüququn qorunması və bölgədə davamlı sülhün təmin edilməsi istiqamətində verəcəyi strateji mesajlar dünya ictimaiyyəti tərəfindən böyük maraqla gözlənilir.
Nəticə etibarilə Azərbaycan bu gün etibarlı tərəfdaş, regional sabitliyin təminatçısı və beynəlxalq hüququn keşiyində dayanan prinsipial dövlət kimi qlobal arenada öz sözünü qətiyyətlə ifadə edir”.
Nurlan Cəfəri