2016-2022-ci illərdə inflyasiya tempi gəlirlərin artım tempini üstələyib. Son 2 ildə isə inflyasiyanın səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, əhalinin adambaşına gəlirlərinin artım tempi 5-6 dəfəyə yaxınlaşıb.
Yenicag.az xəbər verir ki, bu tendensiya ilə bağlı iqtisaçı Rövşən Ağayev öz fikirlərini bölüşüb.
O, qeyd edib ki, Azərbaycanda inflyasiyanın alternativ ölçülməsi aparılmır və yeganə istinad ediləsi mənbə rəsmi statistika orqanıdır. Buna baxmayaraq, müstəqil tədqiqatçıların yetərincə güvənmədiyi rəsmi inflyasiya statistikası qiymət artımlarının gəlirləri xeyli üstələdiyini nümayiş etdirir:
“Yüksək inflyasiya postpandemiya dövründə qlobal iqtisadiyyat üçün ən ciddi problemlərdən birinə çevrilib. İqtisadi fəallığa neqativ təsir edən bu proses ABŞ və Avropa iqtisadiyyatını artıq 8-10 faiz lik inflyasiya ilə üz-üzə qoyub. Azərbaycanla eyni regionu paylaşan ölkələr içərisində ən yüksək inflyasiya Türkiyədə müşahidə edilir. Azərbaycan isə hələ pandemiyadan xeyli əvvəl – 2015-ci ildə milli valyutanın kəskin ucuzlaşması nəticəsində məzənnənin yüksək inflyasiya ötürücü potensialı hesabına ikirəqəmli inflyasiya ilə üzləşməli olub. Bütövlükdə isə, həm idxaldan yüksək asılılıq, həm iqtisadiyyatın ciddi institusional və struktur problemləri Azərbaycan iqtisadiyyatında daima yüksək inflyasiya potensialını özündə daşıyır. Bu baxımdan, son 6 ildə milli valyutanın ciddi dəyər itirməsilə kəskinləşən, ardınca qlobal pandemiya və Rusiya-Ukrayna müharibəsi, eləcə də iqtisadiyyatda rəqabətin yoxluğu və inhisarların hökmranlığı ilə daha da sürətlənən yüksək inflyasiya əhalinin gəlirlərini sürətlə yeyir. Bu problem yaxın 5 ildə ölkədə yoxsulluğu və sosial bərabərsizliyi daha da dərinləşdirəcək”.
Gülşən Şərif
www.yenicag.az