Miqrasiya siyasətində yeni mərhələ: Dövlət Dumasının son qərarları azərbaycanlılara necə təsir edəcək?
“Moskva açıq şəkildə göstərir ki, ölkədə yaşayan əcnəbilərə münasibətdə daha sərt və daha nəzarətçi model seçib.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib.
Deputat Rusiyanın miqrantlarla bağlı qanun dəyişikliklərinə münasibət bildirib:
“Rusiyada miqrasiya qanunvericiliyinin ardıcıl şəkildə sərtləşdirilməsi göstərir ki, söhbət artıq müvəqqəti kampaniyadan yox, dövlət siyasətindən gedir. Dövlət Dumasının sədri Vyaçeslav Volodinin açıqladığı son dəyişikliklər də bu siyasətin davamıdır. Yeni qaydalara əsasən, inzibati xəta törədən əcnəbilərin deportasiya oluna biləcəyi halların sayı xeyli artırılır. Əgər əvvəllər bir çox hallarda məsələ cərimə ilə yekunlaşırdısa, indi həmin cəriməyə deportasiya da əlavə oluna bilər.
Bu dəyişiklik ilk növbədə Rusiyada yaşayan və çalışan yüz minlərlə azərbaycanlını düşündürməlidir. Çünki artıq söhbət yalnız miqrasiya rejiminin kobud şəkildə pozulmasından getmir. Gündəlik həyatda baş verə biləcək bəzi inzibati xətalar da insanın Rusiyada qalmaq hüququnu itirməsinə səbəb ola bilər. Bu isə həm həmin şəxsin, həm də onun ailəsinin həyatına ciddi təsir göstərəcək qərardır. Mən hesab edirəm ki, Rusiya bununla miqrasiya siyasətində yeni mərhələyə keçir. Moskva açıq şəkildə göstərir ki, ölkədə yaşayan əcnəbilərə münasibətdə daha sərt və daha nəzarətçi model seçib. Son bir ildə qəbul edilən digər qərarlar da bunu təsdiqləyir. Elektron nəzarət sistemlərinin genişləndirilməsi, miqrantların vahid reyestrə daxil edilməsi, qanun pozuntularına görə məsuliyyətin ağırlaşdırılması eyni siyasətin tərkib hissəsidir.”
R. Nurullayev qeyd edib ki, azərbaycanlılar bundan sonra daha çox ehtiyatlı davranmalı, Rusiya qanunlarına qarşı daha həssas olmaq məcburiyyətindədirlər:
“Azərbaycan üçün burada əsas məsələ vətəndaşlarımızın hüquqlarının qorunmasıdır. Rusiyada yaşayan soydaşlarımız yeni qaydalar barədə ətraflı məlumatlandırılmalıdır. Konsulluqlar və diaspor təşkilatları maarifləndirmə işini gücləndirməli, insanlar hansı halların deportasiya ilə nəticələnə biləcəyini dəqiq bilməlidirlər. Bəzən bir anlıq ehtiyatsızlıq illərlə qurulmuş həyatı alt-üst edə bilər. Bu hadisəyə daha geniş prizmadan da baxmaq lazımdır. Dünyada miqrasiya siyasəti getdikcə sərtləşir. Təkcə Rusiya deyil, bir çox ölkə xarici işçi qüvvəsinə münasibətdə daha ciddi qaydalar tətbiq edir. Ona görə də Azərbaycan üçün ən düzgün yol öz vətəndaşlarının xaricdə işləməyə məcbur qalmasını minimuma endirməkdir. Bunun yolu isə ölkə daxilində daha çox iş yerlərinin yaradılmasından, sahibkarlığın inkişafından və insanların layiqli gəlir əldə edə bilməsindən keçir. Hər bir dövlət öz qanunlarını qəbul etməkdə suverendir və buna hörmətlə yanaşmaq lazımdır. Ancaq həmin qanunların bizim vətəndaşlara təsirini də düzgün qiymətləndirməliyik. Rusiyada yaşayan azərbaycanlılar bu gündən etibarən qanunlara əvvəlkindən də diqqətlə əməl etməlidirlər. Çünki artıq kiçik görünən bir inzibati xəta belə, insanın taleyini dəyişə biləcək hüquqi nəticələr doğura bilər.”
Nurlan Cəfəri













