QMİ-Bakı şəhər İcra Hakimiyyəti çəkişməsinə son qoyuldu
Ötən ilin sonlarında paytaxt Bakıda açılışı olan “Heydər” məscidinə axund və imam təyinatı məsələsi tez-tez medianın gündəminə gətirilir. Amma yayılan məlumatlarda bəzən ziddiyətli fikirlər yer alır. Məsələn, əsas ziddiyətli fikirlər məscidə axund və imam təyinatının hansı qurum tərəfindən aparılacağı məsələsidir. İnformasiyalarda təyinatın gah Bakı Şəhər İcra Hakimiyyəti, gah da Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçiriləcəyi qeyd edilir…
Təyinatla bağlı məlumat yayıldı, İcra Hakimiyyəti dərhal reaksiya verdi
Açılışı yeni olan zaman belə bir məlumat yayıldı ki, “Heydər” məscidinin axundu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev (Nurullah), imamı isə QMİ sədrinin birinci müavini müfti Hacı Salman Musayevin (Əfəndi) olacağı gözlənilir.
Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə məhz bu şəxslərin məscidə rəhbərlik etməsini istəyib. Məscid tam fəaliyyətə başladıqdan sonra isə bununla bağlı müvafiq əmr veriləcək: “Əldə etdiyimiz məlumata görə, onların hər birinin ayrılıqda bir neçə köməkçi axundu və imamları da olacaq. Bundan əlavə, “Heydər” məscidində sünni və şiə məzhəbindən olan müsəlmanlar cümə günləri birgə şəkildə vəhdət namazları qılacaqlar”…
Belə bir informasiya yayılandan dərhal sonra Bakı şəhər İcra Hakimiyyətindən reaksiya gəldi. Bildirildi ki, Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən, dövlət vəsaiti hesabına Binəqədi rayonunda yerləşən “Heydər” məscidinin tikintisi Bakı şəhər İcra Hakimiyyətı tərəfindən icra olunub. Bakı şəhər İcra Hakimiyyətindən “Trend”ə verilən məlumata görə, məscidinn saxlanılması və idarə edilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilib: “”Heydər” məscidinin axundunun və imamının təyinatı haqqında məlumat veriləcəkdir”,- deyə Bakı Şəhər İcra Hakimiyyətinin bəyanatında bildirilir.
Ziddiyətli məlumatlar cəmiyyətdə dolaşıq fikir formalaşdırdı
Bakı şəhər İcra Hakimiyyətinin ildırım sürətilə verdiyi reaksiyadan sonra cəmiyyətdə haqlı olaraq belə bir fikir formalaşdı ki, “Heydər” məscidinə axund və imam təyinatını həyata keçirmək səlahiyyəti uğrunda İcra Hakimiyyəti ilə QMİ arasında ciddi mübarizə gedir. Hətta bu mübarizə iki qurum arasında konflikt həddinə çatıb.
Məlumatlardan göründüyü kimi, ortada sözügedən məscidə axund və imam təyinatını hansı qurumun reallaşdıracağı barədə ziddiyətli məlumatlar var. Ona görə də bu məsələ cəmiyyət arasında dolaşıq bir fikir formalaşdırıb.
Bəs “Heydər” məscidinə axund və imam təyinatını həyata keçirəcək qurum müəyyən edilibmi? Yaxud təyinat olubmu? Ümumiyyətlə, bu barədə nə kimi yenilik var?
“İki qurumdan hansının təyinat edəcəyini dəqiq bilmirəm, amma…”
Bu məsələ ilə bağlı araşdırma aparılıb, maraqlı məlumat əldə edib.Məlum olub ki, “Heydər” məscidinə axund və imam təyinatını həyata keçirəcək qurum artıq müəyyənləşib.
Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova açıqlamasında əvvəlcə axund və imam təyinatı ilə bağlı elə bir yeniliyin olmadığını söyləyib. Amma “Axund və imam təyinatını Bakı şəhər İcra Hakimiyyəti, yoxsa Qafqaz Müsəlmanları İdarəsi həyata keçirəcək? Çünki bununla bağlı ziddiyətli məlumatlar yaylır”-deyəndən sonra N.Məmmədova bu barədə Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etməyimizi məsləhət bildi:” Məscidə axund və imam təyinatı ilə bağlı məlumatı onlardan ala bilərsiniz. İki qurumdan hansının təyinat edəcəyini dəqiq bilmirəm, amma bütün hallarda bu iş Bakı şəhər İcra Hakimiyyətınin səlahiyyətinə aid deyil. Biz yalnız “Heydər” məscidini tikib təhvil vermişik. Ona görə də təyinat məsələsi ilə bağlı onlardan məlumat ala bilərsiniz”.
“…bizə heç bir aidiyyatı yoxdur”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva isə sorğumuza konkret cavab verib.Dövlət Komitəsinin sözçüsü fikrini belə davam etdirib: “Həmin məscidə axund və imam təyinatı aparmaq Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətindədir. Düzdü, “Heydər” məscidi mülk kimi Bakı şəhər İcra Hakimiyyətınin balansındadır, amma təyinat QMİ-yə baxır, bizə isə heç bir aidiyyatı yoxdur”.
Söz-söhbətlərə son! Səlahiyyət aydınlaşıb
“Təyinat məsələsi qanunla bizə verilən səlahiyyətdir”
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə saytımıza açıqlamasında bildirib ki, “Heydər” məscidinə axund və imam təyinatı hələlik aparılmayıb. Onun sözlərinə görə, icmanın formalaşması və digər prosedurlar var ki, onlar tamamlanmalıdır və sonra bu barədə rəsmi məlumat veriləcək.”Təyinatla bağlı ziddiyətli məlumatlar yayılır.
Konkret olaraq təyinatı hansı qurum həyata keçirəcək, Bakı Şəhər İcra Hakimiyyəti, yoxsa Qafqaz Müsəlmanları İdarəsi”-sualına gəlincə, R.Dadaşova deyib ki, iki qurum arasında hansısa şəkildə konflikt yoxdur: “Bina dövlətimizin dəstəyi ilə tikilib. Din xadimi təyinatı isə dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətindədir. Bu, İdarənin Nizamnaməsində də əksini tapıb. Təyinat məsələsi qanunla bizə verilən səlahiyyətdir. Hazırda icmanın formalaşması, təyinat və digər məsələrlə bağlı proseslər gedir, amma konkret məlumat yoxdur. İnşallah o məsələlər həllini tapandan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, prezident İlham Əliyevin tapşırığı ilə inşa olunan və ötən il dekabrın 26-da açılışı keçirilən yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir(a24.az).