2017-ci il oktyabr ayının 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçan “Qoca” ləqəbli Etibar Məmmədovun ötən gecə isə hüquq-mühafizə orqanları ilə atışmada zərərsizləşdirildiyini xəbər vermişdik.
Yenicag.az xəbər verir ki, E.Məmmədovun nəşi hələ yaxınlarına təhvil verilməyib. Bakıda, mərkəzi morqda, müayinədədir. Yaxınlarına deyiblər ki, nəşi bu gün onlara təhvil verəcəklər. Bir qədər əvvəl həbsdən çıxan Vüqar Məmmədov – “Qoca”nın özündən böyük qardaşı onun nəşini gətirmək üçün Bakıya gəlib. Məmmədov qardaşları ataları Əkbər Məmmədovu illər əvvəl itiriblər. E.Məmmədovun özündən böyük 4 qardaşı olub. Onlardan biri dünyasını dəyişib. Qardaşları Azad, Akif, Vüqar da həbsxana həyatı yaşayıblar.
“Qoca”nın qonşuları Musavat.com-un əməkdaşları ilə həmsöhbət olarkən bildiriblər ki, onun qardaşlarından Akif Məmmədov hazırda Qobustan qapalı həbsxanasında saxlanılır. A.Məmmədovu “Akula Akif” kimi tanıyırlar. Azad Məmmədov da illərdir ki, həbsdədir, başqa bir cəza yerində saxlanılır.
E.Məmmədovun özünə gəlincə isə ilk dəfə həbsxanaya düşməsi oğurluğa görə olub. Orada nəzarətçini öldürüb. Həbsdən çıxandan sonra isə Hacıqabulda ətrafına xeyli gənc toplaya bilib. Onun xüsusi söhbət aparmaq qabiliyyəti gəncləri ətrafına toplaması üçün bir növ vasitə olub. Hacıqabulda xatırlayırlar ki, ətrafındakı gənclər “Qoca”nın bir sözü ilə istənilən addımı ata, gözünə xoş görünməyənləri cəzalandıra bilərdilər. Onlardan bu gün həbsə düşənlər də az deyil. “Qoca”nı rayonda kriminal avtoritet kimi tanıyanlar çoxluq təşkil edir. Deyilənə görə, “Qoca” əvvəllər də həbs yerindən qaçıb. İddialara görə, o, hələ 2001-ci ildə də (21 yaşı olanda) Bayıl həbsxanasından məhkəməyə aparılarkən nəzarətçılərin diqqətindən yayınaraq, qaça bilib. Həmin vaxt onu qısa bir vaxtda tutub, yenidən həbs yerinə qaytarıblar…
www.yenicag.az