Qubada qəzalı vəziyyətə düşən körpü bərpa olundu
Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpü müvəqqəti bərpa olunub.
Bu barədə Yenicag.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Belə ki, bir-neçə gün bundan öncə sel suları nəticəsində Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik körpünün 4 nömrəli dayağının şaquli oxdan çıxaraq əyilməsi prosesi baş vermişdi.
Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görüldü və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırıldı.
Qısa müddət ərzində körpüyə mütəxəssislər tərəfindən baxış keçirilərək əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunaraq bərpa işlərinə başlanıldı. Artıq işlər yekunlaşdığından körpü ilə hərəkət bərpa olunub.
Məlumat üçün bildirək ki, qısa müddət ərzində sözügedən körpünün yanında yeni avtomobil körpüsünün inşasına da start veriləcək.