Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” sabah qrup mərhələsinin ilk turu çərçivəsində Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq.
Yenicag.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat komfransına qatılan Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov çətin qarşılaşmadan əvvəl fikirlərini açıqlayıb.
Qurbanov ciddi rəqiblər qarşılaşacaqlarını deyir: “Qrup mərhələsində ilk oyunumuza çıxacağıq və ciddi rəqiblə qarşılaşacağıq. Heyətimizdə problem olsa da, oyuna yaxşı hazırlaşmışıq, rəqibi analiz etmişik. İnanıram ki, hər iki komanda baxımlı futbol sərgiləyəcək. Üstünlük rəqib tərəfdədir. Çünki öz meydanlarında oynayırlar və burada çox aktiv olurlar. Buna baxmayaraq, bizim üçün çətin olsa da, rəqibi yaxından tanımışıq. Futbolçularıma güvənirəm və onların ən yaxşı oyunlarını ortaya qoyacağına inanıram. Rəşad Sadıqov meydanda olmayacaq. Miçelin tam durumuna sabah aydınlıq gələcək. Meydanda olub-olmayacağı sabah müəyyənləşəcək.
10 ildir bu komandadayam və həmişə məsuliyyətli olmağa çalışıram. “Qarabağ” adının nə olduğunu, bu ərazilərin başına nə gəldiyini çoxları bilir. “Qarabağ”ın Avropada oynaması böyük üstünlükdür. Məmnunan ki, bu komandadayam və Qarabağ adını tanıtmaq üçün əlimizə fürsət düşüb. Hansı ölkədə olmuşuqsa, Qarabağ haqqında məlumat vermişik və çoxları torpaqların Azərbaycana məxsus olması barədə məlumata sahib olub”.
www.yenicag.az