“Qaz balonlarının doldurulması, daşınması, ünvanlarda quraşdırılması və onlara texniki qulluğun göstərilməsi ilə bağlı qanun layihəsinin qəbuluna, mövcud qanunvericilikdə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var”.
Bu sözləri ictimai iaşə obyektlərində propan qaz balonlarının istifadəsi ilə bağlı keçirilən reydləri dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, propan qaz balonlarının istifadəsində qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsinə ehtiyac var:
“Gecə klubunda baş verən dəhşətli partlayış hadisəsi propan qaz balonlarının nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Bu hadisədən sonra ictimai-iaşə obyektlərində, kafe və restoranlardan propan qaz balonlarının yığılması üçün əlaqədar qurumlar reydlər keçirirlər. Sahibkarlara bu qaz balonlarının obyektlərdən kənarlaşdırılması üçün xəbərdarlıq edilir. Təbii ki, belə də olmalıdır. Qanunla qaz balonlarının ictimai-iaşə obyektlərində istifadəsi qadağan olunub. Lakin qaz balonlarını kimin və necə kənarlaşdıracağı sual doğurur. Çünki bununla bağlı heç bir dövlət qurumuna səlahiyyət verilməyib. Nə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin, nə “Azəriqaz” İB, nə də Energetika Nazirliyinin bununla bağlı səlahiyyəti var. Halbuki bu qaz balonlarını obyektlərdən aparmaq üçün hansısa qurumun səlahiyyəti olmalı, daşınması üçün xüsusi maşınlarla poliqona aparılmalıdır. Orada istifadəsi yararsız olan bu qaz balonlarının utilizasiyası aparılmalıdır. Ancaq bu qaz balonlarını obyektdən aparmaq üçün heç bir qurumun səlahiyyəti yoxdur.
Qaz balonlarının doldurulması, daşınması, ünvanlarda quraşdırılması və onlara texniki qulluğun göstərilməsi ilə bağlı qanun layihəsinin qəbuluna, mövcud qanunvericilikdə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var. Bu gün qaz balonlarını obyektdən kənarlaşdırmaq vətəndaşın ixtiyarında qalıb. Vətəndaş qaz balonunu öz şəxsi maşınına qoyaraq aparır və onu ya evində, ya da obyektin həyətində saxlayır. Bu, olduqca təhlükəlidir”.
Gülşən Şərif
www.yenicag.az