2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 50 saylı Abşeron üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramid Namazovun Abşeron rayonu, Fatmayı kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Yeni Azərbaycan Partiyasının yarandığı vaxtdan daim dövlətimizin və xalqımızın inkişafı üçün çalışdığını deyib. O bildirib ki, YAP Ulu Öndər Heydər Əliyevin siyasi ideyalarını həyata keçirərək təkcə ölkəmizin deyil, regionun aparıcı və mütəşəkkil siyasi partiyasına çevrilib. Rayon təşkilatının sədri çıxışında bütün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Ramid Namazov Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə mühüm irəliləyişə nail olduğunu deyib. Bu gün Azərbaycanın çox sürətlə və uğurla inkişaf edərək regionun lider dövlətinə çevrildiyi, ölkəmizdə bütün sahələrdə böyük uğurların əldə edildiyi qeyd olunub.
Seçiciləri parlament seçkilərində fəallıq göstərməyə çağıran R.Namazov deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı doğrultmağa çalışacağını deyib.
Tədbirdə iştirak edən təşviqat qrupunun üzvləri Bayram Hüseynzadə və Əbülfət Nuriyev seçiciləri düzgün seçim etməyə, gələcəyimiz naminə ən layiqli namizədlərə səs verməyə çağırıb.
Görüşün sonunda kənd sakinlərinin müraciətləri dinlənilib, sualları cavablandırılıb.
Qeyd edək ki, həmin gün Ramid Namazov Novxanı kəndində Vətən müharibəsi qazisi Amil Əliyevin ailəsini də ziyarət edib.
www.yenicag.az