Rauf Arifoğlu “Azadlıq” qəzetini məhkəməyə verdi
““Azadlıq” qəzeti ilə bağlı məhkəməyə dekabrın 10-da müraciət olunub”.
Bunu müsahibəsində “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. O, bildirib ki, qəzeti məhkəməyə ötən həftə verməli idi: “Amma gördük ki, haqqımızda böhtan və təhqir intensivləşib, məhkəməyə arqumentlər istehsal edirlər, ona görə də gözlədik ki, məsələni daha da arqumentləşdirək. Çünki açıq təhqirlər, mənim cinayət əməlində iştirakıma dair iddialar var. Məhkəməyə müraciət etdikdən sonra bunlarla bağlı deyişmələrin əhəmiyyətli hissəsini dayandıracağıq, çünki bunun mənası qalmır. Artıq, iş hüquqi müstəvidə həll ediləcək. Onlar nə deyiblərsə, sübut etmək məcburiyyətində qalacaqlar. Demirlər, vətən xainiyik, satqınıq, müxtəlif əməllərdə iştirak etmişik? Bunların hamısının cavabını həmin qəzet məhkəmədə verəcək. AXCP funksionerləri və yetkililəri ilə bağlı da məhkəməyə müraciət ediləcək. Amma bununla bağlı hələ iddia ərizəsi hələ hazırlanmayıb. Onların sosial şəbəkələrdə və ayrı-ayrı qəzetlərə verdikləri müsahibələr, yazdıqları yazılar kopyalanır, bundan sonra məhkəməyə müraciət edəcəyik”. (report.az)