Rauf Arifoğlu: “Bizim qəzeti çökdürmək istəyirlər”
“İyirmi beş illik fəaliyyətim dövründə çox nazir və nazir oğulları məni məhkəməyə verib. Bizim qəzeti çökdürmək istəyiblər. Lakin indi həmin şəxslərin heç biri vəzifə başında deyillər. Amma biz hələ də mövcuduq”. Bunu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
Baş redaktorun sözlərinə görə, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən ona qarşı qaldırılan ittiham əsassızdır: “Bu məhkəmə, ədalət sistemi üçün bir sınaqdır. Məsələyə obyektiv yanaşılarsa, təbii ki səslənən ittihamların əsassız və yanlış olması o dəqiqə də ortaya çıxacaq. Əgər qanun sözünü deməzsə biz mediya dostlarımıza güvənirik”.
Qeyd edək ki, Rauf Arifoğluna qarşı xüsusi ittiham qaydasında qaldırılan işə sabah saat 11.30-da Xətai rayon Məhkəməsində baxılacaq. Hələ ki, şikayət üzrə hazırlıq iclası keçiriləcək. R.Arifoğlunun hüquqlarının müdafiəsi vəkillər Elçin Sadıqov və Cavad Cavadov tərəfindən həyata keçiriləcək.
Məsələ bununla da bitmir. Belə ki, “Yeni Müsavat” qəzetinin “məşhur ayı məsələsi” ilə bağlı Nizami rayon icra şöbəsinə qarşı qaldırdığı kassasiya şikayəti üzrə də proses təyin olunub. Bu proses də oktyabrın 9-da Nizami rayon Məhkəməsində, hakim Aslan Karbalıyevin sədrliyi ilə keçiriləcək.
Rauf Arifoğlu bizimlə söhbətində həmçinin medianın iştirakı ilə ictimai qınaq kampaniyası başlayacaqlarını da dedi. Bu cür mərhələlərdən çox keçdiklərini deyən baş yazar mediaya qarşı yersiz hücum edənlərin sonda məğlub olduqlarını da xatırlatdı.
Xatırladaq ki, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verib. İddia ərizəsində A. Məmmədov R.Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmasını tələb edir. Bundan öncə sentyabrın 8-də də məhkəmə keçirilib.Lakin ittiham edilən tərəf məhkəmədən xəbərsiz olduğu üçün iştirak etməyib(musavat.com).