Ötən gün vəfat edən tanınmış musiqiçi, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) son mənzilə yola salınır.
Yenicag.az xəbər verir ki, mərhumun cənazəsi 1 saylı Kliniki Tibbi Mərkəzdən götürülərək dəfn olunması üçün “Qurd qapısı” qəbiristanlığına aparılır.
Rəmişlə ayrıca vida mərasimi keçirilməyəcək. Mərhumun ailə üzvləri, sənət dostları xəstəxananın qarşısına toplanıb. Xalq artistinin cənazə namazı xəstəxananın həyətində qılınıb.
Xatırladaq ki, 77 yaşlı Rəmiş aprelin 5-də müalicə aldığı Bakı Sağlamlıq Mərkəzində dünyasını dəyişib.
Rəmiş yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.
Qeyd edək ki, Rafiq Hüseynov 1944-cü ildə noyabrın 14-də Ağdam rayonunda anadan olub. 1962-ci ildə Ağdam şəhərinin Ü.Hacıbəyli adına Musiqi Texnikumunu bitirib. İstedadlı musiqiçi 1966-cı ildə Dövlət Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında tarzən kimi fəaliyyətə başlayıb. O, eyni zamanda “Dan ulduzu” instrumental ansamblında gitara ifaçısı kimi çalışaraq, milli musiqimizə yeniliklər bəxş edib. R.Hüseynov SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansamblında ilk gitara ifaçılarından biri olub.
Sənətkar 50 ilə yaxın bir müddətdə həm Azərbaycanda, həm də xarici ölkələrdə milli musiqi mədəniyyətimizi və instrumental ifaçılıq sənətimizi yüksək səviyyədə təbliğ edib. O, həmçinin Birinci Qarabağ müharibəsi dövründə dəfələrlə cəbhə bölgələrində hərbçilərimiz qarşısında konsert proqramları ilə çıxış edib. Azərbaycan ifaçılıq sənəti sahəsindəki xidmətlərinə görə Rafiq Hüseynov 2008-ci ildə Respublikanın Əməkdar artisti, 2014-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb./Report/
www.yenicag.az