Azərbaycan Respublikası müstəqillik dövründən etibarən istər regionda, istərsə də dünya miqyasında siyasi, iqtisadi, hərbi, sosial, mədəni və digər sahələrdə çoxtərəfli əlaqələr qurmağa, beynəlxalq nüfuzunu artırmağa nail olub.
Şübhəsiz ki, Azərbaycan xalqının maraqlarına, təhlükəsiz və firavan yaşayışının təmin olunmasına xidmət edən, daim dəyişən qlobal və regional proseslərə uyğunlaşdırılan çevik xarici siyasət strategiyasının təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin müxtəlif ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlər və əldə olunan razılaşmalar sayəsində Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş imici formalaşdırmağı bacarıb. Bu gün də ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi siyasəti Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi kursa əsasən balanslaşdırılıb və çoxşaxəli formada davam etdirilməkdədir. İkitərəfli əlaqələrin inkişafına önəm verən Azərbaycan, ilk növbədə, qonşu dövlətlər olan Türkiyə, Rusiya, İran və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığını genişləndirməkdədir.
Azərbaycan həm də region dövlətləri arasındakı münasibətlərin geniş potensialından yararlanmaq məqsədilə yaradılan üçtərəfli formatların fəal iştirakçısıdır. 2016-cı ilin avqust ayında isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli görüşünün keçirilməsi və yekunda Birgə Bəyannamənin qəbulu siyasi, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdı. Region dövlətləri ilə yanaşı, Azərbaycan dünyanın ən müxtəlif bölgələrində yerləşən ölkələrlə də ikitərəfli münasibətlərinin inkişafına mühüm diqqət yetirir. Unutmaq olmaz ki, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq ölkəmizin xarici siyasətinin prioritetlərindəndir. Azərbaycan bu gün düyanın aparıcı bir neçə beynəlxalq qurumunda kifayət qədər fəal iştirak edir. Həmin qurumlardan biri də Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatıdır. Bu, kifayət qədər nüfuzlu bir qurumdur. Azərbaycan həm regional, həm digər beynəlxalq qurumlarda fəal iştirak edərək regional proseslərə daha yaxından töhfə verməyə çalışır.
Eyni zamanda, bütövlükdə beynəlxalq təşkilatlar, dünya birliyi ilə qarşılıqlı əməkdaşlıq və inteqrasiya Azərbaycan üçün iqtisadi baxımdan da vacibdir. Çünki Azərbaycan qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirir. Bu, Azərbaycanın mövcud potensialının daha böyük anlamda iqtisadi dəyərə çevrilməsi baxımından vacibdir. Azərbaycanın beynəlxalq təşkilatlar, o cümlədən BMT ilə əməkdaşlığı bütövlükdə minilliyin inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın formalaşması, hədəflərin qurulması, qeyri-neft sektorunun inkişaf fəaliyyətinin genişləndirilməsi göstərir ki, bu həm də “2030 sosial-iqtisadi inkişaf prioritetləri”ndə də öz əksini tapıb. Azərbaycan üçün növbəti 5 ildə əsas hədəflərdən biri iqtisadiyyatın liberallaşdırılması ilə bağlı islahatların dərinləşməsidir. Bu, Azərbaycan iqtisadiyyatının inkişafına xüsusi təsirlərinin artırılması baxımından vacibdir.
Azərbaycan beynəlxalq platformalarda daha fəal şəkildə iştirak etməklə həm milli iqtisadiyyatın inkişafı, həm də regionda əməkdaşlıq və sülhün formalaşmasına xüsusi töhfə verməyə çalışan ölkədir. Bu gün Azərbaycanın dünya birliyinə inteqrasiyasının əsasında dayanan ən önəmli faktorlardan biri də ölkəmizin son illərdə həyata keçirdiyi beynəlxalq layihələr və bu layihələrin nəticəsi olaraq Şərqlə Qərbi birləşdirən tranzit ölkə rolunda çıxış etməsidir. Bakı-Tiflis-Qars dəmir yolunun açılması ilə Asiya ilə Avropanı ən optimal yükdaşıma marşrutu ilə təmin edən Azərbaycan getdikcə bu marşruta daha çox ölkənin diqqətini cəlb etməkdədir. Bunun əsas səbəbi isə həmin marşrutla yüklərin hər iki istiqamətə daşınmasının daha çevik və daha az maliyyə ilə həyata keçirilməsidir ki, burada əsas udan tərəf elə Azərbaycanın özüdür. Bundan başqa, ölkəmizin təşəbbüsü və vasitəçiliyi ilə TAP, TANAP kimi transmilli enerji marşrutları var ki, həmin kəmərlər Azərbaycanı bir çox dövlətlərin maraq dairəsinə gətirib. Beləliklə, Azərbaycan dünya miqyasında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.
Bu baxımdan, Azərbaycanın yürütdüyü balanslı siyasət ABŞ-nin və Avropa İttifaqının (Aİ) diqqətini cəlb edir. Qərb ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Azərbaycan hər nə qədər ikili standartlarla üzləşsə də, beynəlxalq təşkilatlarla və onların üzvü olan dövlətlərlə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu hər addımda göstərməkdədir. Çünki Azərbaycanın dövlət başçısı hər zaman beynəlxalq və dövlətlərarası münasibətlərdə ədalətli yanaşmanın, sabitliyin, təhlükəsizliyin vacibliyini xüsusi qeyd edib. Prezident İlham Əliyev çıxışlarının birində bildirib ki, müasir Azərbaycan modernləşməkdə olan demokratik transformasiya, açıq iqtisadiyyat və vətəndaş azadlığı məkanıdır. Bütün bunlar regionda və onun hüdudlarından kənarda bizə olan münasibəti müəyyənləşdirir. Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələr reallaşdıran dövlət olaraq qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal oyunçu və regional güc kimi qəbul edilir.
Hazırda dünyada beynəlxalq təşkilatların sayında artım müşahidə olunur və bu fakt onu göstərir ki, dövlətlərin qarşılıqlı asılılığı da artır. Beynəlxalq təşkilatların sayının artması da dövlətlər arasında daimi əsasla çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi məsələlərini aktuallaşdırır. Ən əsası, beynəlxalq təşkilatlar dövlətlərin müxtəlif sahələrdəki davranışına təsir göstərmək imkanı da verir. Beynəlxalq arenada əməkdaşlığı genişləndirən Azərbaycan bir sıra nüfuzlu təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT), Avropa Şurasının (AŞ), İslam Əməkdaşlıq Təşkilatının (İKT), Müstəqil Dövlətlər Birliyinin (MDB) və digər bu kimi nüfuzlu qurumların üzvüdür. Ölkəmiz həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan öz milli maraqlarını gerçəkləşdirir.
Ölkəmiz Avropa Şurası ilə münasibətlərində də qarşılıqlı və faydalı əməkdaşlığa üstünlük verir. Ölkəmiz bu beynəlxalq təşkilata üzv olduğu zamandan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanıb. Bundan başqa, ötən müddət ərzində Avropa Şurası ilə əlaqələrin genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb, əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə bir sıra qarşılıqlı səfərlər həyata keçirilib. Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun iştirakçısı olub. Avropa Şurasının tamhüquqlu və fəal üzvü kimi bu qurumla əməkdaşlıq edən və həmin əməkdaşlığı gündən-günə gücləndirən Azərbaycan Şuranın insan haqlarının qorunması, demokratik proseslərin inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini hər zaman rəhbər tutur.
Azərbaycan bu gün dünyada sülhyaratma prosesində də fəal iştirak edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Bir sözlə, Azərbaycanın istər beynəlxalq əməkdaşlıq sahəsində, istərsə də tranzit ölkə kimi əhəmiyyəti artıq dünya miqyasında birmənalı qəbul olunur. Bunun isə praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə edildiyi şübhəsizdir.
Gülşən Şərif
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.
www.yenicag.az