Rəsmi Bakının Moskvaya qoyduğu ŞƏRTLƏR – “Qanun qəbul edilməlidir” – ŞƏRH

Zərdüşt Əlizadə: “Putin münaqişənin qalmasını istəyir”

Yusif Bağırov: “Sülhməramlıların statusu qeyri-müəyyəndir. Bununla bağlı qanun qəbul edilməlidir”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev rəsmi Bakının Moskva qarşısında 3 şərt qoyduğunu açıqlayıb. İddia olunub ki, rəsmi Bakı Moskva qarşısında bu şərtləri qoyub:

Qarabağda heç bir erməni silahlı dəstələri olmamalıdır;

Ermənistan rəsmilərinin Qarabağa səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır;

Qarabağın özünüidarəetmə orqanları Bakı və sülhməramlıların razılığı ilə təyin olunmalıdır.

Səsləndirilən iddia ilə bağlı politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında bildirib ki, bu,  Rusiya və Ermənistanın münaqişənin necə davam etməsini istəməyindən asılı olacaq:

“Rəsmi Bakının şərtlərinin qəbul edilməsi Rusiya və Ermənistanın münaqişənin yumuşalmasını, yoxsa gərginliyin artmasını istəməsinə bağlıdır. Əgər istəyirlərsə ki, münaqişə yumuşalsın, o zaman bu şərtləri qəbul edəcəklər. Yox, gərginliyin qalmasını, insan tələfatının olmasını istəyəcəklərsə, heç bir şərtlə razılaşmayacaqlar. Təxmin edirəm ki, Putin münaqişənin qalmasını istəyir. Münaqişə qaldıqca sülhməramlılar, hərbi bazalar da ərazidə qalacaq. Münaqişə vasitəsi ilə bölgəyə nəzarət edəcəklər. Bu onların xarici siyasətinin təməl meyarıdır. Nəyə görəsə bundan çəkiləcəklərini düşünmürəm. Ola bilər ki, Rusiya xarici siyasətində yeni baxış formalaşsın. Ancaq bu az ehtimal olunan məsələdir”.

Politoloq Yusif Bağırov isə şərtlərin qəbul olunacağı qənaətindədir. O, rəsmi Bakının üçtərəfli bəyanatın bütün şərtlərinə əməl etdiyini vurğulayıb:

“Azərbaycan 10 noyabr razılaşmasının bütün müddəalarını yerinə yetirir. Laçın dəhlizini Rusiya sülhməramlılarının nəzarətinə vermişik. Ermənilərin sərbəst hərəkətinə mane olmuruq. Erməni tərəfi qeyri-qanuni olaraq hərbçilərin və xarici ölkə vətəndaşlarının ora girib-çıxmasına şərait yaradır. Bu da Azərbaycan tərəfini narahat edir. 2021-ci ilin yanvar ayında komissiya yaradılmasına baxmayaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir addım atılmayıb. Sülhməramlıların statusu qeyri-müəyyəndir. Bununla bağlı qanun qəbul edilməlidir. Milli Məclisdə başqa ölkənin qoşunlarının hərəkəti, fəaliyyəti qanuniləşdirilməlidir. 10 noyabr razılaşması ilə əlaqədər Azərbaycan tərəfi razılıq verib ki, Rusiya sülhməramlıları Azərbaycan ərazisində müvəqqəti fəaliyyət göstərə bilər. Ancaq bunun qanuni tərəfi yoxdur.

Azərbaycan tərəfi şərtlər qoymaqda haqlıdır, çünki Ermənistan tərəfi öhdəlik yerinə yetirmir. Düşünürəm ki, Rusiya tərəfi də bu şərtləri qəbul edəcək. Sülhməramlı qoşunların komandanı Rüstəm Muradov vəzifəsindən gedir. Onun yerinə olacaq təyinat da Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Azərbaycan tərəfi qalibdir. Qalib tərəf öz şərtlərini diqtə etməlidir”.