“Rəsul Quliyev partiya üzvü deyildisə, ADP-yə necə sədr seçilmişdi?” – Eks-spikerə kinayəli etiraz

“Bakıdakı siyasətçilərə ağıl öyrətməyə çalışan eks-spikerin bu cəhdinə dəfələrlə kəskin cavab verilib”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin sabiq sədri Rəsul Quliyevin son iddialarına münasibət bildirən politoloq Əlabbas Məhərrəmov deyib.

Onun fikrincə, Quliyevin çıxışlarında kəskinliyin dərəcəsini artırması onun özünü yenidən xatırlatmaq niyyətindən irəli gəlir:

“Ölkədə bu il keçiriləcək prezident seçkiləri ilə əlaqədar siyasi fəallıq tədricən artmaqdadır. Mediada bu mövzunun aktuallığı güclənməklə yanaşı, seçkilərdə iştirak niyyətini açıqlayan siyasətçilərin də sayı çoxalmaqdadır.

Seçki məsələsinin önə çıxması bəzi siyasətçilərin də özlərini cəmiyyətə xatırlatması üçün bir “fürsət”ə çevrilib. Parlamentin keçmiş sədri, 22 ildir ki Amerikada yaşayan Rəsul Quliyevin sosial şəbəkədəki son çıxışı da həmin niyyətdən irəli gəlir.

Ötən illər ərzində Quliyevin qeyri-ciddi çıxışlarının çox şahidi olmuşuq. Okeanın o tayında məskunlaşıb Bakıdakı siyasətçilərə ağıl öyrətməyə çalışan eks-spikerin bu cəhdinə dəfələrlə kəskin cavab verilib. Ona “Belə cəsarətlisənsə, qayıt gəl Bakıya” kimi tövsiyələr də verilib.

Ancaq bu reaksiyalar Quliyevin reallığı düzgün qiymətləndirməsi üçün bəs etməyib. Ona görə də, son çıxışında Azərbaycan hakimiyyəti və müxalifətinə yönəlik tənqidlərini gücləndirərək, “xilaskar” obrazı yaratmağa çalışdı.

Təəccüblü olan başqa məqamdır. Quliyev gözünü qırpmadan iddia etdi ki, ömründə Kommunist Partiyasından başqa heç bir partiyanın üzvü olmayıb. Təsəvvür edin ki, bu sözü neçə il ADP-nin əvvəl həmsədri, sonra isə sədri olmuş adam deyir. Partiya üzvü olmayan adam heç təşkilatın sədri seçilə bilər? Cəmiyyətə ağ yalan sırımağa cəhd edən bu şəxs prezidentlik iddiasındadır…

Quliyev həmçinin ifadə seçimində də çox “geriləyib”. O, hakimiyyət və müxalifət təmsilçiləri haqqında işlətdiyi ifadələrlə də özünün səviyyəsini, həm də tamamilə tükəndiyini bir daha göstərdi”.

A.Zeynalov

COP29