Rusdilli məktəblərə fərqli münasibətlər…- Şərhlər

media-hightechnic-468x90

terhsil
Sabir Rüstəmxanlı: “Rusdilli məktəblərin büdcədən maliyyələşməsi qanunsuzdur”

Musa Qasımlı: “Bu heç bir halda rusofillərin yaranmasına gətirib çıxarmayacaq”

Fazil Mustafa: “Vətəndaşlar arasında da Rusiya meyllilik daha çox artmaqdadır”

Son illər Azərbaycanda rus dilli orta məktəblərin sayı artır.  Rus dilinə maraq yenidən digər dillərin önünə keçir, yoxsa yenidən xüsusilə Bakıda 80-ci illərdəki rusdilliliyə qayıdışmı var? Belə vəziyyət, keçən əsrin 80-90-cı illərində Bakıda mövcud olduğu kimi rusofillərin artmasına gətirib çıxarmayacaqmı?

Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Yenicag.az-a bildirdi ki, o, bu barədə narahatçılığını dəfələrlə parlamentdə bildirib: “Mən bu ilin əvvəlində parlamentdə məsələ qaldırmışdım ki, Azərbaycan Konstitusiyasına, eləcə də “Təhsil haqqında” Qanuna görə, təhsil dili Azərbaycan dilidir. Xarici dilli məktəblər ancaq özəl ola bilər, dövlət tərəfindən maliyyələşdirilə bilməz. Amma bu gün Azərbaycanda rus dilində olan çoxlu sayda məktəblər var və dövlət tərəfindən maliyyələşdirilir. Bu qanun niyə pozulur? Mən Hesablama Palatasından xahiş edirəm ki, bu məsələni araşdırsın. Hesab edirəm ki, rusdilli məktəblərin dövlət hesabına maliyyələşməsi o məktəblərin inkişafında aparıcı rol oynayır.  Təəssüf ki, bu məsələ hələ də aktuallığını qorumaqdadır.”

Yenicag.az-a açıqlamasında millət vəkili, professor Musa Qasımlı başqa xarici dillərdə olduğu kimi, rus dilli orta məktəblərin çoxalmasına normal baxdığını söylədi: “Ölkəmizdə dövlət dili Azərbaycan dilidir. Ana dilimizdə olan məktəblərlə yanaşı, dövlət büdcəsindən maliyyələşən rus sektoru, fransız dilli gimnaziya və başqaları fəaliyyət göstərir. Özəl liseylərdə ingilis, fransız, türk, rus və başqa bölmələrin fəaliyyət göstərməsini normal hesab edirəm. Valideynlər vəsaitlərin müəyyən hissəsini övladlarının ana dili ilə yanaşı, başqa dillərdə təhsil almaları üçün də xərcləyir. Bu təcrübə dünya ölkələrində də var. Azərbaycanda fəaliyyət göstərən rus dilli məktəblərdə keçirilən dərslər, Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan coğrafiyasıdır, sadəcə şagirdlər həmin fənnləri rus dilində keçir. Ona görə də fikrimcə, bu heç bir halda rusofillərin yaranmasına gətirib çıxarmayacaq. Əsas məsələ hansı dildə təhsil almaq deyil. Üzeyir Hacıbəyov hansı dildə təhsil almışdı? Rus dilində. Amma bununla belə onun Azərbaycan tarixində xidmətlərinə diqqət yetirin. Eləcə də, Azərbaycanın XIX-XX əsr görkəmli dövlət xadimləri, Məhəmməd Əmin Rəsulzadə, Topşubaşov, Fətəli xan Xoyski, sonrakı dövrdə Heydər Əliyev, onların hamısı rus dilli məktəblərdə təhsil alıb. Amma Azərbaycana xidmət göstərdilər. Düşünürəm ki, bu məsələləri qoyarkən ehtiyatlı davranmaq gərəkdir”.
Millət vəkili Fazil Mustafa isə Yenicag.az-a bildirdi ki, rus dilli orta məktəblərin sayının Azərbaycanda artması əslində, rusofillərin artmasına doğru bir inkişafı göstərir: “Milli təhsilə yetərincə önəm verilməməsinin nəticəsində rus məktəblərinin sayının artması əhalinin tələbatına, bir ənənəyə çevrilməyə başlayıb. İnsanlar da seçimlərini bu istiqamətdə edir. Ona görə bu məsələdə təkcə məktəblərin özünün belə seçim etməsindən söhbət getmir. Vətəndaşlar arasında da Rusiya meyllilik daha çox artmaqdadır. Bu da Azərbaycanın gələcəyi üçün hər halda yeni bir narahatçılıq elementinə çevrilə bilər. Həmin ənənənin dəyişməsi üçün daha yaxşı Azərbaycan məktəblərinin yaradılması istiqamətində addım atmalıyıq. Təəssüf ki, təəssübkeşliyimiz bunu gerçəkləşdirməyə yetərli deyilik. Həm də faydalı nümunələri götürməyə hazır deyilik. Bu bir problem olaraq narahatedici məsələdir”.

Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600