Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışına şərait yaradacaq AMİLLƏR - ŞƏRH
“Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün düşmənçilik və revanşist meyillərə yer olmamalıdır. Azərbaycan xalqı tarixini unutmadan, amma gələcəyə ümidlə baxaraq güclü, müstəqil və sülhsevər siyasət yürütməlidir”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O, Azərbaycanlıların öz dədə-baba yurdu olan Qərbi Azərbaycana dönüşünün mümkünlüyündən danışıb.
Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı zamanı azərbaycanlıların öz tarixi torpaqlarına – indiki Ermənistan ərazisinə qayıdışı məsələsinə toxunub:
“Dövlət başçısı vurğulayıb ki, bu məsələ regionda gərginlik mənbəyi deyil, əksinə, sülh və birgəyaşayışın bərqərar olması üçün zəruri addımdır. Prezident qeyd edib ki, azərbaycanlıların geri dönüşü tanklarla deyil, maşınlarla – yəni sülh yolu ilə baş verməlidir və bu istiqamətdə dövlət qurumları, ictimai təşkilatlar, həmçinin alimlər birgə fəaliyyət göstərməlidirlər.
Tarixi faktlar göstərir ki, ermənilərin Qafqazda formalaşması və məskunlaşması prosesində türklərin mühüm rolu olub. Lakin sonrakı mərhələlərdə böyük dövlətlərin müdaxiləsi və Erməni Qriqoryan Kilsəsinin təbliğ etdiyi yanlış ideologiyalar nəticəsində ermənilər “Böyük Ermənistan” kimi reallıqdan uzaq, xəyalpərəst ideyaların təsiri altına düşüblər. Bu isə bölgədə etnik qarşıdurmalara, münaqişələrə və azərbaycanlıların öz doğma torpaqlarından deportasiyasına gətirib çıxarıb”.
Naqif Həmzəyev bildirib ki, XX əsrdə azərbaycanlıların Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) kütləvi şəkildə çıxarılması, 1905–1906, 1918–1920 və 1948–1953-cü illərdə baş verən hadisələr həmin ideologiyanın acı nəticələri kimi tarixə düşüb:
“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu hadisələri unutmaq olmaz, lakin həm Azərbaycan, həm də Ermənistan tarixçiləri keçmişi obyektiv araşdırmalı və gələcəyə nifrət deyil, anlayışla baxmalıdırlar.
Son zamanlar regionda sülh istiqamətində müəyyən irəliləyişlər müşahidə olunur. Vaşinqton danışıqları və əldə olunan razılaşmalar sülh gündəliyini daha da aktuallaşdırıb. Gələcəkdə ictimaiyyət nümayəndələrinin, alimlərin və media təmsilçilərinin qarşılıqlı səfərləri, eləcə də diplomatik münasibətlərin bərpası xalqlar arasında etimadı artıracaq. Bu, mərhələli şəkildə Qərbi azərbaycanlıların doğma torpaqlarına dinc qayıdışına şərait yaradacaq.
Prezidentin çıxışında vurğulandığı kimi, region dövlətləri öz gələcəklərini xarici qüvvələrin deyil, öz əməkdaşlıqları əsasında müəyyən etməlidirlər. Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün düşmənçilik və revanşist meyillərə yer olmamalıdır. Azərbaycan xalqı tarixini unutmadan, amma gələcəyə ümidlə baxaraq güclü, müstəqil və sülhsevər siyasət yürütməlidir”, – deyə o bildirib”.
Nəsimi Ələsgərli












