“Rusiya Azərbaycan Silahlı Qüvvələrini ələ keçirmək üçün hücuma keçib” – Xəbər, şərhi
“Uralvaqonzavod” Konserni Azərbaycanın istifadəsində yer alan Rusiya istehsalı olan hərbi texnikalar üçün birgə servis mərkəzinin yaradılmasını təklif edib. Yenicag.az xəbər verir ki, bu barədə “azeridefence”yə açıqlamasında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Camalovun sözlərinə görə, hazırda bu məsələ Azərbaycan hökumətində müzakirə olunur.
“Belə bir müəssisənin – servis mərkəzinin yaradılmasında maraqlıyıq. Bu Azərbaycan müdafiə sənayesinin inkişafı üçün də vacibdir”, – deyə nazir vurğulayıb.
Nazir deyib ki, bu mərkəzdə tanklar, piyada döyüş maşınları, mühəndis texnikaları və müxtəlif silahlara texniki xidmətlər göstəriləcək.
Bu xəbəri şərh edən hərbi ekspert Cəsur Sümərinli ciddi əndişəli olduğunu bildirib: “Rusiya Azərbaycanı tam olaraq NATO standartlarından uzaqlaşdırmaq üçün tam olaraq hücuma keçib. Rusiyanın hədəfində olan əsas məsələlər – kadrlar və silah-sursatla bağlı idi. Rusiyanın hərbi-siyasi elitası Azərbaycan Silahlı Qüvvələrindəki kadrlarla bağlı vəziyyəti artıq öz xeyrinə dəyişə bilib. Ordu rəhbərliyi artıq NATO standartlarının tətbiqi məsələsində 5-7 il bundan əvvəlkitək həvəsli görünmür. Əksinə, hərbi kadrların hazırlanmasında Rusiyaya meyllilik hissediləcək dərəcədə artıb.
Proqnozlaşdırdığım məsələlərdən biri də Rusiyanın Azərbaycanın hərbi sənaye kompleksində ştirakı istəkləri ilə bağlı idi. Görünür ki, artıq bu prosesə start verilib. Belə görünür ki, Rusiyanın hərbi siyasi elitası Bakıda oturaraq Azərbaycan Ordusunun silahlanması siyasətini və strategiyasını nəzarətdə saxlamaqda maraqlıdır. Bakıda servis mərkəzinin yaradılmasının əsas məqsədinin bu olduğunu düşünürəm.
Bu, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması prosesini əngəlləyən bir prosesin başlanğıcı ola bilər.
İndi məni qorxudan məssələlərdən biri Azərbaycanın güc strukturlarında – xüsusilə də Müdafiə Sənayesi Nazirliyində və Müdafiə Nazirliyində Rusiyanın hərbi-siyasi elitasına mənsub şəxsin və ya şəxslərin işləməyə başlaması perspektivləri ilə bağlıdır”.