“Hazırda Azərbaycan Türkiyə ilə birlikdə bölgədə zəruri tədbirlər həyata keçirir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri və Moskvanın Qarabağ ətrafında baş verən proseslərə təsirini şərh edən politoloq Qabil Hüseynli deyib:
Qabil Hüseynlinin sözlərinə görə, Rusiya hazırda Qarabağdakı ermənilərə status almaq istiqamətində fəallaşıb:
“Hadisələr çox mürəkkəb ssenari ilə də cərəyan edir. Rusiya Qarabağda yaşayan ermənilərə status almaq üçün müxtəlif addımlar atmaqdadır. Ancaq bu status hansı formada olacaq, bəlli deyil. Hələ ki Lavrov status məsələsini gündəmə gətirmək, ATƏT-in Minsk qrupunun əvvəlki heyətdə, yəni, Fransanın da daxil olduğu tərkiblə bərpa etmək istəyir.
Azərbaycan, ümumiyyətlə, Minsk qrupunun lüzumsuzluğu barədə dəfələrlə mövqe bildirib. Əgər bu formatı yenidən işə salmaq lazım olacaqsa, rəsmi Bakı Fransanın oradan çıxarılmasını, onun yerinə Türkiyənin daxil edilməsini təklif və tələb edir. Rusiya isə ikili oyun oynayır. Bir yandan Rusiya Türkiyə ilə dostluq münasibətlərini davam etdirəcəyini deyir, digər yandan Fransa və ABŞ-ın dəstəyi ilə Minsk qrupunu əvvəlki formatda bərpa etməyi, həmçinin Türkiyəni Qarabağ proseslərindən kənarlaşdırmağa çalışır.
Rusiya mətbuatında Ərdoğanın Şuşa səfərinə çox qısqanclıqla yanaşılır. Bütün bunlara baxmayaraq, Lavrov Bakıya gələrək, bu və ya başqa formada təzyiq göstərməyə çalışacaq. Minsk qrupunun fəaliyyətini bərpa etmək üçün cəhdlər edəcək, Qarabağ üçün status məsələsini ortaya atacaq. İnanıram ki, ölkə prezidenti İlham Əliyev bu təzyiqləri dəf edərək, Fransanın Minsk qrupunda təmil olunmasına imkan verməyəcək.
Hazırda proseslər daha mürəkkəb mərhələyə daxil olur. Azərbaycan Minsk qrupundan imtina etsə, Rusiya bölgədə öz hegemonluğunu müxtəlif üsullarla, hətta təxribatlarla həyata keçirməyə cəhd edəcək. Həqiqətən, yaxşı ki Türkiyə var. Şuşada Türkiyənin Baş konsulluğunun açılması nəzərdə tutulur. Devlet Bahçelinin təşəbbüsü ilə məktəb inşa ediləcək. Ola bilsin ki, məktəb tikintisinin gedişində Bahçelinin özü də Şuşaya gələcək. Hazırda Azərbaycan Türkiyə ilə birlikdə bölgədə zəruri tədbirlər həyata keçirir”.
Səxavət Məmməd
www.yenicag.az