Rusiya İndoneziya ilə kosmik sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir
Rusiyanın dövlət kosmik korporasiyası “Roscosmos” İndoneziya ilə kosmik sahədə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsini planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə “Roscosmos”un baş direktoru Dmitri Bakanov Cakartada keçirdiyi ikitərəfli görüşlər zamanı bildirib.
Məlumata görə, Bakanovun rəhbərlik etdiyi nümayəndə heyəti kosmosun tədqiqi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə İndoneziyaya səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti İndoneziya Respublikası Regionlar Şurasının sədri Sultan Baktiar Najamuddin tərəfindən qəbul olunub. Həmçinin “Roscosmos”un rəhbəri İndoneziya Milli Tədqiqat və İnnovasiya Agentliyinin rəhbəri doktor Arif Satria ilə danışıqlar aparıb.
“Ölkələrimiz arasında çox ciddi tərəfdaşlıq münasibətləri formalaşıb və kosmos sahəsi bu əməkdaşlığı daha da genişləndirmək və möhkəmləndirmək istədiyimiz əsas istiqamətlərdən biridir”, – deyə Dmitri Bakanov bildirib.
O əlavə edib ki, hazırda Yer orbitinə əsaslanan müxtəlif kosmik xidmətlər geniş tətbiq olunduğundan, hər bir dövlətin kosmosa suveren çıxış imkanına malik olması mühüm əhəmiyyət daşıyır.













