Rusiya Litvaya hücum edə bilərmi?
Bir neçə gün öncə Litva prezidenti Qribauskayte həyacan təbili çaldı. Xanım Qribauskayte Baltik ölkələrinin başı üzərini real təhlükə kəsdirdiyini bəyan edib.
Litva prezidenti Rusiyadan ölkəsinə qarşı hər hansı hücumu istisna etmir. “2008-ci ilə kimi ümumi hərbi mükəlləfiyyətlə bağlı qanun mövcud idi, biz düşünürdük ki, artıq buna zərurət yoxdur. Amma indi bizim sərhədlərimiz yaxınlığında geosiyasi vəziyyət dəyişib, biz başa düşürük ki, təhlükə çox realdır. Bütün region, Baltik ölkələri üçün real təhlükədir. Bizim qonşular çox az proqnozlaşdırıla bilən qonşulardır, mən Rusiyanı nəzərdə tuturam”.
Politoloq Natiq Miri hesab edir ki, Litva prezidentinin həyəcan təbili çalması təbiidir. Çünki öz dövlətinin təhlükəsizliyi təhdid altındadır.
“Bu gün Rusiya həm havadan, həm qurudan, həm də dənizdən Baltikyanı ölkələri hərbi gücüylə təhdid edir. Prezidentin xəbərdarlığı isə bir növ qabaqlayıcı tədbir kimi həm əhalini, həm də NATO üzrə müttəfiqlərini təhlükənin nə qədər real olduğunu beynəlxalq ictimai fikirdə ciddi qəbul olunması xarakteri daşıyır. Gerçəkdə isə hələlik Rusiyanın Litvaya hərbi müdaxiləsi real deyil. Rusiya bu cür təhdidləri regionda yürütdüyü sürünən işğal və hibrid savaş siyasətinin tərkib hissəsidir. Rusiya Ukraynanın cənub-şərq vilayətlərinə-Donbassa hərbi müdaxilə etməklə Ukraynada hərbi-siyasi vəziyyəti gərginləşdirdi və bununla da Krımın işğalının ikinci plana keçirilməsinə nail oldu. İndi isə baltikyanı ölkələri, Moldovanı, Cənubi Qafqaz ölkələrini, Qazaxıstanı, Şərqi Avropa ölkələrini təhdid etməklə Donbassda istədiyi siyasi nəticələrə nail olmaq istəyir. Məqsəd isə Ukraynaya əvvəlki nəzarət imkanını saxlamaqdan ibarətdir. Bu prosesi Ukraynada qərbyönümlü hakimiyyəti devirib bir Rusiya marionetkasını yenidən hakimiyyətə gətirənədək davam etdirmək niyyətindədir. Rusiyanın bu cür aqressiv siyasətini yürütməsinə səbəbsə Qərbin qorxaq, dişsiz və qətiyyətsiz mövqe nümayiş etdirməsidir. Qərb belə qətiyyətsiz siyasət davam etdirdikcə Rusiya öz hibrid müharibə siyasətini davam etdirəcək. Konkret olaraq Litvayla savaşın mümkünlüyünə gəlincə, nəzərə almaq lazımdır ki, bu gün artıq həm ABŞ, həm NATO qüvvələri baltikyani ölkələrin hava məkanını qoruyurlar. Eyni zamanda, ABŞ hərbi qüvvələrinin məhdud sayda olsa da kiçik bir kontingenti o ərazilərdə yerləşib. Ona görə də Rusiya birbaşa hərbi müdaxiləyə cürət etməyəcək. Çünki müdaxilə olduğu təqdirdə ABŞ və NATO-ya qarşı vuruşacağını bilir və bu da Rusiya üçün çox ciddi çəkindirici amildir. Rusiyanın sınıq salxaq ordusu avroatlantik gücün qarşısında dura biləcək gücdə deyil. Rusiya indiki mərhələdə sadəcə qarşısında ciddi gücü görmədiyi üçün aktiv fəaliyyətdədir. Qətiyyətli hərbi addımlar atıldığı halında, xüsusilə də ABŞ və müttəfiqlərinin Ukraynaya öldürücü müasir silahlar verəcəyi təqdirdə Rusiyanın aqressiv siyasətini dayandıracağını düşünürəm”.
Kamran