VERGİ REFORMU GÜNDƏMDƏ: 1000 manatlıq vergi güzəşti aztəminatlı ailələrə necə təsir edəcək?

media-hightechnic-468x90

 

Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanda aztəminatlı əhali üçün vergi yükünün kəskin azaldılmasını təklif edib.
Deputat ölkədə sosial durumun ağırlaşmasını və ərzaq bahalaşmasını əsas gətirərək, 1000 manata qədər əməkhaqqı alan şəxslərin bütün növ vergilərdən azad edilməsini məqsədəuyğun saydığını bildirib.

Qüdrət Həsənquliyev çıxışı zamanı vəziyyətin kritik olduğunu vurğulayıb:

“Bu gün ərzaqlar kəskin bahalaşır. Keyfiyyətli ət, yağ kasıb əhali üçün əlçatmaz olub. İnsanlar dolana bilməyəndə oğurluğa və digər cinayət yollarına əl atırlar. Növbəti ildən də vergi güzəştləri ləğv olunur. Təklif edirəm ki, 1000 manat əməkhaqqı alanlar üçün bütün növ vergilər ləğv olunsun, çünki sosial durum getdikcə ağırlaşır.”

Məsələ ilə bağlı Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Yenicag.az-a təklifin həm müsbət, həm də mənfi tərəflərini şərh edib.

media-akif-1

İqtisadçıya görə, belə bir addım aztəminatlı əhalinin real gəlirini artırmaqla onların gündəlik xərclərini qarşılamasına kömək edə bilər. Hazırda 900–1000 manat maaş alan şəxslərin gəlir vergisi ödəməsi səbəbindən xalis gəliri daha aşağı olur. Verginin ləğvi isə həm sosial vəziyyətin yüngülləşməsinə, həm də istehlakın artması fonunda kiçik sahibkarlığın və yerli bazarın canlanmasına təkan verə bilər.

Bununla yanaşı, Akif Nəsirli təklifin mənfi tərəflərinə də diqqət çəkib. Onun sözlərinə görə, aşağı və orta maaş qrupları dövlət büdcəsinin əsas gəlir mənbələrindən biridir və vergidən azadolma büdcə daxilolmalarının azalmasına səbəb ola bilər. Bu isə hökuməti digər vergiləri artırmağa və ya bəzi xərcləri azaltmağa məcbur edə bilər.

“İşəgötürənlər maaşları süni şəkildə 1000 manata qədər rəsmiləşdirib qalan hissəni qeyri-rəsmi ödəmək ehtimalı artacaq, bu isə kölgə iqtisadiyyatını genişləndirəcək. Bu addım inflyasiyanın qarşısını almayacaq və qiymət artımı davam edərsə, əhalinin əldə edəcəyi əlavə gəlirin təsiri qısa müddətdə azalacaq,” – deyə o qeyd edib.

Onun fikrincə, təklif düzgün tətbiq edilərsə, aztəminatlı ailələrin vəziyyətini müəyyən qədər yaxşılaşdıra bilər. Lakin bunun üçün inflyasiya nəzarətdə saxlanılmalı, kölgə iqtisadiyyatına qarşı effektiv mexanizmlər işlənməli və büdcə kəsiri düzgün idarə olunmalıdır.

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa