Uşaqların yoluxduğu Honkonq VİRUSU Azərbaycana TƏHLÜKƏLİDİRMİ? - Nazirlikdən RƏSMİ CAVAB
Son zamanlar Qazaxıstanda daha çox uşaqların yoluxduğu “Honkonq virusu” geniş yayılmağa başlayıb. Virusun sürətlə yayılması səbəbindən Astanada bir sıra təhsil müəssisələri distant tədrisə keçid edib.
Həmin virusun Azərbaycan üçün təhlükəsinin olub-olmadığı və görülən tədbirlərlə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Yenicag.az-a verilən məlumata görə Azərbaycan Respublikasında qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət daim diqqət mərkəzindədir.
“Payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər həyata keçirilir. Ağır gedişli kəskin respiratorlu xəstələrdən və qripəbənzər xəstələrdən müvafiq analizlər götürülərək qripə görə müayinələr aparılır. Cari dövr ərzində aparılan müayinələr nəticəsində qrip virusu aşkar olunmayıb.
Ölkədə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində qrip əleyhinə kifayət qədər təhlükəsiz və effektiv vaksin var. Hər bir vətəndaş ərazi tibb müəssisəsinə müraciət edərək qrip əleyhinə peyvənd oluna bilər”, – deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, A(H3N2) qripi yüksək yoluxucudur, sürətlə mutasiya edir və mövsümi epidemiyalara səbəb olmaq potensialına malik virusdur.
Bu virus ilk dəfə 1968-ci ildə Honq Konqda aşkar edilib və dünyada təxminən 1 milyon insanın ölümünə səbəb olan pandemiyaya səbəb olub. O vaxtdan bəri, virus hər il yayılıb və mutasiyaya uğrayıb.
Nəsimi Ələsgərli












