!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiya məğlub olmamaq üçün bəşəriyyətə fəlakət yaşada biləcək qədər təhlükəli hala gəlib" - ŞƏRH

!Reklam – Yazi

“Son yüzillikdə olduğu kimi yenə də Avrasiya dərin ziddiyyətlər, gərginliklər və qeyri-müəyyən gələcəklə üz-üzədir. I və II Dünya Müharibəsindən sonra ikinci dəfədir ki, bəşəriyyət irimiqyaslı müharibə və nüvə təhdidi altındadır. Xüsusilə də Avropanın geosiyasi sərhədləri daxilində gərginlik pik həddə çatıb”.

Bunları Rusiya-Ukrayna müharibəsi fonunda dünyada cərəyan edən proseslər haqqında fikirlərini bölüşən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nəsimi Məmmədli bildirib ki, Rusiyanın Ukraynada başlatdığı müharibəyə digər dövlətlər birbaşa qoşulmasa da, rəsmi Kiyevə dolayısı ilə hərbi dəstək verirlər:

“Xüsusilə də ABŞ və Böyük Britaniya, eləcə də digər Qərb dövlətləri Rusiyaya qarşı iqtisadi sanksiyalarla və Ukraynaya hərbi yardımlarla böyük koalisiya yarada biliblər.

31 il öncə Sovet İttifaqı dağıldıqdan sonra dünyada ABŞ-nin lokomotivlik etdiyi təkqütblü dünya düzəni özünü qabarıq göstərməyə başladı. BMT Təhlükəsizlik Şurasının 5 veto hüquqlu üzvü olsa da, regional rəqabətdə, terrorla mübarizədə ABŞ təkbaşına qərarlar alaraq nizam yaratmağa cəhd edirdi. İraqa və Əfqanıstana hərbi müdaxilə zamanı BMT TŞ-nin qərarı ilə deyil, özünün təkbaşına qərarı və hərbi müttəfiqlərindən ibarət koalisiya qüvvələri ilə hücuma keçmişdi. Beynəlxalq hüququn de-yure təminatçısı olan təşkilat faktiki olaraq prosesi kənardan seyr etməklə kifayətlənmişdi.

ABŞ-nin timsalında regional münaqişələrdə, müharibələrdə və terrorla mübarizədə BMT-dən daha nüfuzlu, real gücə əsaslanan qeyri-rəsmi beynəlxalq iradə ortaya çıxmışdı.

Son illər Çinin iqtisadi yüksəlişi, Rusiyanın öz geosiyasi maraqlarını hərbi vasitələrlə təmin etmək cəhdi, Avrasiyada strateji silahlanmaya meylin artması, qlobal ekoloji təhdidlər, habelə pandemiyanın doğurduğu iqtisadi problemlər beynəlxalq münasibətlərin dərin böhranına səbəb olub.

Rusiya-Ukrayna müharibəsi fonunda yeni beynəlxalq münasibətlərin və təhlükəsizlik sisteminin təməli qoyula bilər. Avropada İngiltərə, Almaniya və Fransanın, Asiyada Çin, Hindistan və Pakistanın, eləcə də ABŞ, Rusiya və Türkiyənin qarşıdakı 10 ildə beynəlxalq siyasətdə yeri və rolu xeyli dəyişə bilər.

Bu gün Qərb iqtisadi, siyasi və hərbi baxımdan, əsasən, monolit görünür. Amma bu vəziyyətin nə qədər dayanıqlı və uzunmüddətli olacağını indidən demək çətindir. Hətta bu iqtisadi, siyasi, hərbi ansamblın 10 il ərzində pozulması ehtimalı da çox yüksəkdir.

Rusiya-Ukrayna müharibəsinin nə vaxt və necə bitəcəyini də birmənalı demək çətindir. Çoxsaylı insan itkisinə üzülsəm də, müharibənin uzanmasının yaradacağı fürsətləri də unutmamalıyıq. Müharibədən xeyli öncə bu savaşın başlanması ehtimalını real saymaqla yanaşı, vacibliyini də qeyd etmişdim. Beynəlxalq münasibətlərdəki böhranın ən son pilləsi, həllinin çarəsi irimiqyaslı müharibədir. Belə bir müharibə artıq 50 gündür gedir”.

Politoloqun sözlərinə görə, müharibənin yekunlaşması tərəflərdən birinin açıq məğlubiyyəti ilə mümkün olacaq:

“Bunun Ukrayna və ya Rusiya olacağını zaman göstərəcək. Amma bir məsələ, əsasən, aydındır ki, Rusiya bu müharibəni başlamasaydı, tədricən məğlub olacaqdı, başladığı üçün isə sürətlə məğlubiyyətə yuvarlanır. Rusiya anlayır ki, müharibənin sonunda nəinki qlobal, hətta regional hərbi-siyasi rəqabətdən də kənara sıxışdırıla bilər. Odur ki, zəifləyən və məğlubiyyətə yuvarlanan Rusiyanın sonda əl ata biləcəyi hərbi avantüra proqnozlaşdırılmır. Əslində, NATO-nun Ukraynada birbaşa hərbi iştirakdan çəkinməsi də bununla bağlıdır. Əsasən, Ukraynanı ən müasir silahlarla təmin edərək Rusiyanı ağır itkilərlə sarsıtmaq xətti götürülüb. Rusiyaya nüvə silahından istifadə etməsi üçün müəyyən ideoloji bəhanə lazımdır. NATO bu bəhanəni verməmək üçün döyüş meydanında deyil. Rusiya məğlub olmamaq üçün bəşəriyyətə fəlakət yaşada biləcək qədər təhlükəli hala gəlib.

Ukraynanın müharibədə məğlubiyyəti də təsəvvür edilmir. Bu bütün Qərb blokunun hərbi-siyasi iflası olar. Ukraynanın müqaviməti və dəstəyi getdikcə artır. Beynəlxalq qarant ilə sülh əldə etmək hələ real deyil. Müvəqqəti atəşkəs və ya müharibənin dondurulması isə Rusiyanın faktiki məğlubiyyəti olacaq. Deməli, hələ bir müddət də müharibə davam edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

3187
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv