Rusiya olmasaydı, Qarabağ problemi həllini tapmışdı?..

25518246

Aydın Mirzəzadə: “Rusiya faktoru da bu işdə müəyyən qədər rol oynayır, amma…”

Fərəc Quliyev: “Ümumiyyətlə Rusiya olmasaydı, bu problem yerli-dibli olmayacaqdı”

ABŞ-ın tanınmış politolooqu Pol Qobl belə bir fikir səsləndirib ki, Rusiya olmasaydı Dağlıq Qarabağ problemi 2001-ci ildə həllini tapacaqdı.

Qeyd edək ki, Qarabağ və ümumiyyətlə, keçmiş sovet imperiyası məkanında yaranan konfliktlərdə bu və digər dərəcədə Moskvanın əli olub. Bu birmənalıdır. Sonradan da Rusiya hər vəclə çalışıb ki, bu konfliktlər həllini tapmasın. Çünki, həll variantı Kremli qane etmir, onlar üçün hazırki status-kvonun saxlanılması daha məqsədəuyğundur.

aydinmYenicag.az saytına açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirdi ki, problemin həll olunmamasında təkcə Moskvanı günahlandırmaq düzgün deyil: “İş burasındadır ki, Rusiya var və tarixdə nəyisə istisna etmək olmur. Digər tərəfdən, Rusiya ilə yanaşı digər böyük dövlətlər də var idi. Onların da təsir rıçaqları kifayət qədər güclüdür və onlar da Dağlıq Qarabağ probleminin həllinə çalışa bilərdilər. Dağlıq Qarabağ problemini ancaq bir ölkə ilə bağlamaq düzgün deyil. Bu kompleks məsələdir və məsələnin həllinə kompleks yanaşmanın olması da düzgün olardı. ABŞ, Böyük Britaniya, Fransa, Çin, İran məsələnin həllinə böyük kömək göstərə bilərdilər. Ermənistana işğalçılıq siyasətinə görə, beynəlxalq təşkilatlarda sanksiyalar tətbiq etmək, onunla əlaqələri dayandırmaq olardı. Bütün bunların heç biri edilmədi. Əlbəttə, Rusiya faktoru da bu işdə müəyyən qədər rol oynayır. Amma onu ancaq bir ölkə ilə bağlamaq düzgün deyil”.

teleqraf.com1401970339ferec-quliyevMillət vəkili Fərəc Quliyev isə dedi ki, Pol Qoblun həmin fikirlərilə qismən razıdır: “Nəinki yaxın tariximiz üçün, bu qənaətdəyəm ki, Rusiya olmasaydı, ümumiyyətlə Dağlıq Qarabağ problemi də olmayacaqdı. Dağlıq Qarabağ problemi əslində yamaq problemidir və Azərbaycan bölünəndən sonra bu işdə iştirak edən dövlətlərin ölkəmizi bütöv görmək istəməmələrindən qaynaqlanan məsələdir. İran və Rusiya heç zaman Quzey Azərbaycanın bütöv və güclü olmasını istəməyib. Azərbaycan keçən əsrin 90-cı illərin əvvəlində müstəqilliyini qazanandan sonra Rusiya bir badalaq siyasəti quraraq, süni şəkildə Qarabağ problemini ortaya atdı. Pol Qoblun Rusiya olmasaydı Qarabağ problemi 2001-ci ildə həllini tapardı fikrilə qismən razıyam. Amma o məsələyə səthi və yumşaq yanaşıb.
Fikrimcə, ümumiyyətlə Rusiya olmasaydı, bu problem yerli-dibli olmayacaqdı. Amma nə yazıqlar ki, həm Rusiya, həm də problem vardır”.
Rüfət