Rusiya sülhməramlıları Xocalı kurqanlarını MƏHV EDİR: Hərbi məqsədlər üçün istifadə olunur – FOTOFAKT

“Xocalı kurqanları bu dəfə də rus sülhməramlılarının qurbanına çevrilib. Rusiya sülhməramlıları kurqanlardan istehkam kimi istifadə edirlər”.

Bu barədə Yenicag.az-a Tarix İnstitutunun baş mütəxəssisi Səbuhi Hüseynov məlumat verib.

Səbuhi Hüseynov bildirib ki, Xocalıdakı kurqanlar Xocalı-Gədəbəy mədəniyyətinə mənsub olan qədim tarixin öyrənilməsində olduqca önəmli yeri tutur:

“Xocalı kurqanları tarixin bir dövrünü e.ə. XIV – VIII əsrləri, yəni son tunc – ilk dəmir dövrünü əhatə etməklə bütün Qafqazda müxtəlif tip abidələr qurupunun bir yerdə toplandığı yeganə yerdir. H. Cəfərovun yazdığına görə, Xocalıda kurqanların 5 tipi müəyyən edilmişdir.

Xocalı düzü çox zəngin arxeoloji material vermiş eyniadlı kurqanları ilə elmi ədəbiyyatda məhşurdur. XX əsrin əvvəllərində burada tədqiqat aparan tədqiqatçılar Xocalının qədim dövrdə müqəddəs bir yer sayıldığını və ətraf ərazilərdə vəfat edən insanları gətirib məhz bu yerdə basdırdıqlarını yazırdılar. Lakin bu gün Xocalı kurqanlarının elmi əhəmiyyətindən danışmaq fikrim yoxdur. Çünki bu barədə bir çox tədqiqatçılar artıq öz sözünü deyib və Azərbaycan tarixinin bir sıra qaranlıq səhifələri bu kurqanların materialları sayəsində öyrənilib…

Məsələ isə başqadır. Rus sülhməramlıları Xocalı Hava Limanı ərazisində yerləşən Xocalı kurqanlarından hərbi məqsədlər üçün istifadə edirlər. Xocalıda olan kurqanlardan bir neçəsi 44 günlük müharibədən sonra Qarabağa gətirilmiş sülhməramlıların qurbanı olub. Belə ki, dövrümüzə qədər gəlib çatmış 3 böyük kurqandan biri tamamilə dağıdılaraq üzərində hərbi istehkam qurulub. Bunu süni peyk görüntülərinin əvvəlki illərlə müqayisəli təhlili də göstərir.

Ətəyinə yaxın yerləşdirilmiş rus sülhməramlılarının hərbi istehkamı Xocalı kurqanlarından ən böyüyü – Haça təpə kurqanını öz qurbanına çevirməkdədir. Bunu da süni peyk görüntülərindən görmək mümkündür.

Sizə təqdim etdiyim süni peyk görüntülərindən biri 44 günlük müharibədən əvvəl, digəri isə sonrakı görüntülərdir”.

Xocalı kurqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycanın arxeoloji abidələrindən dünya əhəmiyyətli 43 saylı inventardır.

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikası qanununun 18-ci maddəsinə görə, abidələr hərbi məqsədlər üçün istifadə edilə bilməz.

Bundan başqa, 1954-cü il Haaqa Konvensiyasına görə, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini bu konvensiyaya qoşulmuş iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur”.

Səxavət Məmməd

COP29