!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsinin zəiflətdiyi MOSKVA: "ABŞ-nin Türkiyəyə ehtiyacı var" - MÜSAHİBƏ

!Reklam – Yazi

“Rusiyanın zəifləməsi Türkiyənin regional güc olaraq mövqelərinin daha da möhkəmlənməsinə səbəb olacaq”.

Bəzi ekspertlərə görə, Kremlin Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlar uğurlu alınmayıb və bu fonda Rusiyanın regionda zəifləyəcəyi ehtimal olunur. Rusiyanın zəifləməsi fonunda regionun iqtisadi-siyasi sferasında baş verəcək dəyişiklikləri dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Yusif bəy, Rusiyanın Donetsk və Luqansk kimi separatçı rejimləri müstəqil dövlət olaraq tanıması, ardınca isə Ukraynaya hücumu nəticəsində beynəlxalq aləmdə, xüsusən də dünya iqtisadiyyatında gözlənilməz hadisələr baş verir. Bu fonda hansı ölkələr regionda güclənə bilər?

– Son baş verən proseslər fonunda Rusiya ABŞ və Qərbin sərt sanksiyaları ilə üzləşmək məcburiyyətində qaldı. Hal-hazırda öz neftinin 70 faizinə qədərini bazarlara çıxara bilməyən, qaz satışında isə 28 faizlik bir geriləmə yaşayan Rusiya hər gün artan sanksiyaların təsiri ilə iqtisadi cəhətdən təbii olaraq zəifləyəcək. İqtisadi problemlər isə öz növbəsində Rusiyanın zəifləməsinə, ayrı-ayrı regionlarda hərbi üstünlüyünü belə itirməsinə səbəb olacaq. Belə olan halda, digər region ölkələrinin güclənməsi təbiidir və bu, baş verməkdədir. 44 günlük Vətən savaşından sonra regionun söz sahiblərindən birinə çevrilmiş Türkiyənin mövqeləri daha da güclənəcək. Eyni hal əksər postsovet məkanı ölkələrinin təmsil olunduğu regionlara da aiddir. Onu da qeyd edim ki, Türkiyə bir sıra mühüm məsələlərdə ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir. İraq məsələsinin həlli, Yaxın Şərqdə təhlükəsizlik, Suriya, İran, ərəb-müsəlman dünyasında təsir, Mərkəzi Asiya və Cənubi Qafqazda təsir, Mərkəzi Asiyada Rusiya və Çinin güclərinin balanslaşdırılması kimi məsələlərdə ABŞ-nin Türkiyəyə ehtiyacı var.

– Türkiyənin qlobal güc olaraq nüfuzunun artmasında onun geostrateji mövqeyi vacib yerlərdən birini tutur. Bu, enerji-nəqliyyat layihələrində də Türkiyənin rolunu artıra bilərmi?

– Asiya, Afrika və Avropanın kəsişməsində yerləşən, Aralıq, Qara və Egey dənizləri ilə əhatə olunan, Bosfor və Dardanel boğazlarına sahib olan Türkiyə strateji cəhətdən kifayət qədər əlverişli mövqeyə malikdir. Türkiyə, həmçinin təbii resurslarla zəngin olan Yaxın Şərq və bu resurslara ehtiyacı olan Avropa arasında yerləşir və bu resursların Avropaya nəqlində tranzit cəhətdən mühüm əhəmiyyət kəsb edir. Türkiyənin əlverişli geostrateji mövqeyi onun dünya enerji siyasətində mövqeyinə də təsir göstərir. Qara dəniz regionunu stabilləşdirici funksiyanı yerinə yetirən, boğazlara nəzarət edən, yeni müstəqillik qazanmış ölkələr üçün model rolunu oynayan və onların dünya birliyinə inteqrasiyasına kömək edən, Xəzər hövzəsi və Mərkəzi Asiya ilə Qərb dünyasının enerji əlaqələrinin qurulmasında vacib rola malik olan Türkiyə həm də NATO-nun cənub dayağı rolunda çıxış edərək bütün cənub-şərqi ərazidə Rusiyanı balanslaşdırır. Bu isə Türkiyəyə NATO dövlətləri içərisində də xüsusi üstünlüklər verir.

– Bir dövləti güclü edən əsas amillər hansılardır və Ukrayna-Rusiya müharibəsində daha çox güc sahibi olan ölkələr hansı olacaq?

– Dövlətin güclü olmasının əsas səbəblərindən biri onun iqtisadiyyatının güclü olmasıdır. Bu gün Türkiyə milli iqtisadiyyatı Avropada 6-cı yerdə dayanır, dünya iqtisadiyyatında isə 15-ci yer tutmaqla qonşu ölkələrlə, Avropayla, həmçinin Afrika və Uzaq Şərq ölkələri ilə iqtisadi əlaqələrini gücləndirir və onlara investisiya yatırır.

Rusiya və Ukrayna ilə dəniz sərhədlərinin olması, Azərbaycan və Ermənistanla sərhəddə yerləşməsi Türkiyəni, həmçinin regional konfliktlərin həllində də əsas ölkələrdən birinə çevirib. Əgər regional güc xüsusi gücə sahib ölkədirsə, o zaman onun iqtisadi və hərbi gücündən əlavə, siyasi və sosial dəyərlər, mədəni cəlbetmə, xaricdə diplomatik reputasiyaya malik olması da önəmli rol oynayır. Türkiyə isə sadaladığım bütün bu kriteriyalara cavab verir və onun bu gücü birmənalı olaraq başqaları tərəfindən də qəbul edilir.

Söhbətləşdi: Gülşən Şərif

COP29

www.yenicag.az

1441
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv