101 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 4525 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2285 ədəd, səhra artilleriyası və minaatanlar – 565 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 240 ədəd, HHM sistemi – 102 ədəd, təyyarələr – 222 ədəd, helikopterlər – 172 ədəd, qanadlı raket-122 ədəd, PUA – 420 ədəd, gəmi-kater – 14 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 3330 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3022 ədəd, səhra artilleriyası və minaatanlar – 1745 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 465 ədəd, HHM sistemi – 337 ədəd, təyyarələr – 1188 ədəd, helikopterlər – 135 ədəd, PUA – 1058 ədəd.
Ukrayna-Rusiya müharibəsinin yüz birinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, 101-ci gündə döyüşlər əsasən Severodonetsk, Luqansk, Xarkov, İzyum, Xerson, Zaporojets yaşayış məntəqələri istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:
“Donetsk istiqamətində ruslar əsas səylərini Severodonetsk və Lisiçansk şəhərlərinin ərazilərində Ukrayna qoşunlarını mühasirəyə almaq və əsas logistika yollarını bağlamaq üçün hücum əməliyyatlarının aparılmasına yönəltdi.
Son 24 saat ərzində Donetsk və Luqansk istiqamətlərində rusların beş hücumu dəf edildi. Üç tank, dörd artilleriya sistemi, 11 zirehli döyüş maşını, 26 texnika məhv edildi. Ukrayna hava hücumundan müdafiə bölmələri rusların bir “KA-52” döyüş helikopterini və iki “Orlan-10” PUA-nı vurdu.
Şərq cəbhəsində Ukrayna Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri rusların “SU-34”, bir “Forpost” tipli PUA-nı məhv etdi. Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə sistemləri dörd “Kalibr” qanadlı raketini vurdu.
Nəticədə ötən sutka ərzində Müdafiə Qüvvələrinin bölmələri düşmənin 9 hava hədəfini məhv edib. Xarkov istiqamətində ruslar əsas səylərini mövqelərini qorumaq və Ukrayna qoşunlarının dövlət sərhədinə daha da irəliləməsinin qarşısını almağa yönəldiblər.
Rusiya qoşunları gün boyu Ukrayna qoşunlarının Xarkov şəhəri yaxınlığındakı mövqelərinin atəşlə məhv edilməsini davam etdirdi. Çerkassı Tişki qəsəbəsi ərazisində də ruslar fosforlu sursatlardan istifadə etdilər. Gecə endirilən hava zərbəsi nəticəsində Kramatorsk şəhərinin iki müəssisəsinə ziyan dəydi.
Səhər tezdən ruslar Brovary icmasının yaxınlığındakı əraziləri bilavasitə atəşə tutdu. Bu gün ehtibarı ilə Ukrayna ərazisinin təxminən 300.000 kv. km. ərazisi minalanıb. Bu miqyasda ərazilərin minalardan təmizlənməsi 5-7, hətta 10 il çəkəcək. Biz bunun fəsadlarının nədən ibarət olduğunu çox gözəl bilirik. İl yarımdır Qarabağda aktiv əməliyyatlar dayanıb, Azərbaycan tərəfi əraziləri münalardan təmizləmək üçün ciddi işlər görür, ancaq hələ də insanlar minaya düşür, çoxlu sayda xəsarət alanlar var.
Ukrayna Ərazi Müdafiə Qüvvələri 93-cü motoatıcı briqada ilə birlikdə İzyum yaxınlığında bir neçə rus tankını məhv etdi.
Bu gün Rusiya artilleriyasının atəşə tutması nəticəsində Donetsk vilayətində Svyatogorsk lavrada bütün müqəddəslərin məbədi yandırıldı. Bu lavra Ukraynanın üç müqəddəs dini dəfnəsindən biridir, Moskvada hələ də Rus Pravoslav Kilsəsi ilə əlaqəli hesab edilən Ukrayna Pravoslav Kilsəsinin lavrasıdır. Bu da rus ordusunu dayandıra bilmir. Görünən odur ki, ləyaqətli müharibə aparmaq bütün ordulara xas olan əlamət deyil.
Donetskin ərazisi də mütamadi olaraq atəşə tutuldu. Amerika Müharibə Tədqiqat İnstitutunun məlumatına görə, Rusiyanın 35-ci birləşmiş silahlı ordusu İzyumda məhv edilib. SBU Kiyev vilayətində rus agentlərinin maliyyələşdirilməsi kanalını ləğv etdi.
Bu gün Avropa ittifaqı Ukrayna mallarına rüsumları ləğv etdi.
Ukrayna hökuməti Rusiya vətəndaşı Nevzorova Ukrayna vətəndaşlığı verdi. O Rusiya təcavüzünü pisləyən çıxışlar edirdi.
ABŞ, Aİ və Böyük Britaniya Ukraynada atəşkəslə bağlı müzakirələr aparır. Ukrayna rəhbərliyi isə döyüş meydanında mühüm uğur əldə olunmayana qədər Rusiya Federasiyası ilə danışıqları mənasız sayır.
Fransa Prezidenti Makronun, “Rusiyanı zəif hala salmamalıyıq ki, müharibə dayananda diplomatik yolla vasitəçilik edə bilək”, – açıqlaması Ukrayna tərəfini özündən çıxarıb. Ukrayna tərəfi bildirib ki, bu cür düşünən ölkələr özləri özlərini aşağılayır. Görünən odur ki, bəzi Qərb ölkələri Ukraynanın güzəştə getməsində daha çox maraqlıdır.
Ən yüksək səviyyədə siyasi dialoqların Rusiya –Ukrayna müharibəsinin sonlanmasına gətirən şərtləri formalaşdıra bilib-bilməyəcəyini önümüzdəki günlərdə görəcəyik…”.
Səxavət Məmməd
www.yenicag.az