102 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 4 528 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 287 ədəd, səhra artilleriyası və minaatanlar – 569 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 244 ədəd, HHM sistemi – 103 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 173 ədəd, qanadlı raket – 124 ədəd, PUA – 422 ədəd, gəmi-kater – 14 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 3 335 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 026 ədəd, səhra artilleriyası və minaatanlar – 1 748 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 467 ədəd, HHM sistemi – 339 ədəd, təyyarələr – 1 189 ədəd, helikopterlər – 137 ədəd, PUA – 1 059 ədəd.
Ukrayna-Rusiya müharibəsinin yüz ikinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, 102-ci gündə döyüşlər, əsasən, Severodonetsk, Luqansk, Xarkov, İzyum, Xerson, Zaporojets yaşayış məntəqələri istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:
“102-ci gündə Rusiya ordusunun hücumları davam edib. Ruslar artıq bir həftədən çoxdur ki, Severodonetsk və Lisiçansk şəhərlərinin ərazilərində Ukrayna qoşunlarını mühasirəyə almağa cəhd edirlər. 102-ci gündə də buna tam nail ola bilməyib.
102-ci gündə ən önəmli hadisələrdən biri Rusiya ordusunun general-mayoru Roman Kutuzovun Donbasda Ukrayna ordusunun artilleriya zərbələri nəticəsində həlak olması oldu. Bunu Ukrayna tərəfi açıqladıqdan sonra Rusiya tərəfi də rəsmi olaraq təsdiq edib. Ukrayna müharibəsi rus generalların, belə desək, cəhənnəminə çevrilib. Həlak olan generalların sayının artıq 15 nəfər olduğu deyilir.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qərb ölkələri Ukraynaya uzaqmənzilli raketlər verəcəyi halda, daha əvvəl vurmadıqları bölgələri hədəf alacaqlar və uzaqmənzilli raketlərdən istifadə edəcəklər. Putinin bu təhdidindən sonra İngiltərə çoxlu sayda M-270 raketlərini Ukraynaya verməyə başlayıb. İngiltərə bildirib ki, bu raketlər vasitəsi ilə ukraynalılar Rusiya ordusunun uzaqmənzilli raketləri və ağır artilleriyasından özlərini qoruya biləcəklər. Qeyd edim ki, sözü gedən M-270 raketinin məzili 80 km-dir.
Dünən yaşanan digər hadisə isə Ukrayna Prezidenti Vladimer Zelenskinin müharibənin şiddətli getdiyi bölgələrdən birinə səfər etməsi oldu. Zelenskinin getdiyi Lisiçansk şəhəri — Ukraynanın Luqansk vilayətinin şimal-qərbində, Severski Donets çayının sağ sahilində yerləşir və regionun ən böyük şəhərlərindən biridir. Əvvəlki təhlillərimizdə də qeyd etmişdik ki, Rusiya Severodonetsk şəhərini ələ keçirməkdə israrlıdır. Zelenskinin bu səfəri, çox güman ki, ərazidə döyüşən bölmələrə əhval-ruhiyyə verməyə hesablanıb.
İqtisadiyyat sahəsində də maraqlı hadisələr cərəyan edir. Qərb ölkələri Ukraynaya hücum etdiyi üçün Rusiyaya sərt sanksiyalar tətbiq edir. Bunu onun üçün edirdilər ki, Rusiya iqtisadi olaraq çöksün. Sergey Lavrov açıqlamasında bildirib ki, sanksiyalar tətbiq edilsə də, qiymətlərin qalxdığına görə Rusiya zərər etməyib, əksinə, enerji resuslarının satışından gəlir əldə edib.
Reallıq ondan ibarətdir ki, hər iki ölkənin siyasi rəhbərliyi müharibənin bitməsi yönündə siqnallar vermir. Əksinə, hər keçən gün iddialarını daha da genişləndirirlər. Ancaq hər iki tərəfin ordusu, demək olar, verilən tapşırığın 20 faizini belə yerinə yetirmək iqtidarında deyil. Ordular həm yorulub, həm də ehtiyat qüvvələr yoxdur. Ona görə də müharibə sürünür.
Müharibənin sürünən mərhələdən sürətli mərhələyə keçməsi hələ ki real görünmür. Ancaq vəziyyətin hansı yöndə dəyişəcəyini yaxın günlərdə görəcəyik”.
Səxavət Məmməd
www.yenicag.az