105 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 4 537 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 297 ədəd, səhra artilleriyası və minaatanlar – 575 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 247 ədəd, HHM sistemi – 109 ədəd, təyyarələr – 226 ədəd, helikopterlər – 175 ədəd, qanadlı raket – 129 ədəd, PUA – 433 ədəd, gəmi-kater – 14 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 3 345 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 033 ədəd, səhra artilleriyası və minaatanlar – 1 756 ədəd, YARS – 475 ədəd, HHM sistemi – 345 ədəd, təyyarələr – 1 191 ədəd, helikopterlər – 138 ədəd, PUA – 1 062 ədəd.
Ukrayna-Rusiya müharibəsinin yüz beşinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, 105-ci gündə döyüşlər, əsasən, Severodonetsk, Baxmut, Luqansk, Xarkov, İzyum, Xerson, Zaporojets yaşayış məntəqələri istiqamətində davam edib və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş verməyib:
“105-cü gündə tərəflərin taktiki səviyyədə intensiv döyüşləri davam etdi. Rusiya qoşunları hücumlarını davam etdirməyə, Ukrayna qoşunları isə onları dayandırmağa çalışdı.
Gün ərzində Rusiya üç istiqamətdən Severodonetskə hücum cəhdlərini davam etdirdi. Bu gün, sözün əsl mənasında, Severodonetskdə Donbasın taleyi həll olunurdu. Ukrayna qoşunları Donbasın “son qala”sı uğrunda döyüşlərdə öz mövqelərini müdafiə etməyə davam etdi. Qarşı tərəfə itkilər verdirildi. Severodonetsk uğrunda çətin və amansız döyüş getdi. Bu gün prezident Zelenski də Severodonetsk döyüşçülərinə mümkünsüzü başardıqları üçün təşəkkür etdi. Severodonetskin çox hissəsinə Rusiya qoşunları nəzarət edir. Rusiya hücumunu Donbasın mərkəzi hissəsində cəmləsə də, cinahlarında müdafiəni saxlamağa davam edir.
Ukrayna Xerson istiqamətində müəyyən uğurlar qazandı. Ukrayna bölmələri müdafiəni davam etdirdi.
Bu gün Ukrayna Silahlı Qüvvələrinin 3-cü tank briqadasının tankistləri İzyum bölgəsində Rusiya qoşunlarının hücumunu dayandırdı.
Rusiya qoşunları Slavyansk istiqamətində növbəti hücuma hazırlaşır. Onlar öz səylərini Slavyansk şəhəri istiqamətində növbəti hücumların hazırlanmasına, mülki və hərbi infrastrukturun atəşə tutulmasına cəmləşdirirlər. Növbəti günlərdə bu istiqamətdə də ciddi döyüşlərin gedəcəyi gözlənilir.
Slavyansk istiqamətində Ukrayna bölmələri taktiki vəziyyəti yaxşılaşdırmaq üçün Rusiya qoşunlarının hücum cəhdlərini uğurla dəf etdi.
Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələri qarşı tərəfin zirehli texnikasını və onlarla Pskov desantını məhv etdi. Ukrayna Silahlı Qüvvələrinin Hava Desant Qoşunlarının 80-ci briqadasının əsgərləri düşmənin strateji əhəmiyyətli magistral yolu kəsmək planını pozdu. Rusiyanın 104-cü Hava Hücum Alayının bölməsi Ukrayna əsgərləri ilə döyüşdə bir neçə zirehli texnika və əlliyə qədər şəxsi heyət itirdi.
Ukraynanın Luqansk vilayəti ərazisindən Rusiyanın 106-cı və 76-cı hava-desant diviziyalarının bölmələri döyüşdə iştirakdan imtina etdikləri üçün Rusiyadakı daimi dislokasiya ərazisinə qaytarılıb.
Ukraynanın Nikolayev, Tavriya, Kulbakino, Beloy Krinitca, Trudolybka, Blaqodatna, Luça və Topolın rayonları artilleriya atəşinə tutuldu.
Bu gün Norveç Ukraynaya 22 ədəd özüyeriyən artilleriya qurğusu M109 təhvil verdi.
Ruslar Donetsk vilayətinin Berestovoye yaxınlığındakı hücum zamanı canlı qüvvə və texnikada xeyli itki verdi. Bu istiqamətdə də şiddətli döyüşlər davam etdi.
Bu gün “50-dən 50-yə” düsturuna əsasən, həlak olan əsgərlərin cəsədlərinin növbəti dəyişdirilməsi baş tutdu.
Bu gün Almaniyanın keçmiş kansleri Angela Merkel Putinin Avropa İttifaqını dağıtmaq istədiyini və buna görə özünü qınamadığını söylədi. Əslində, bu digər Avropa ölkələrinə də bir məsajdır. O demək istəyib ki, Rusları Ukaraynada dayandırmasaq, növbə bizə də çatacaq.
Rusiya xarici işlər naziri bu gün Türkiyəyə səfər etdi. Orada Ukraynadakı vəziyyətlə bağlı müzakirələr aparıldı.
Gözlənildiyi kimi, Lavrovun Türkiyədəki səfəri sülh, atəşkəs məsələsi ilə nəticələnmədi. Hətta bu yöndə müsbət mesajlar belə verilmədi. Rusiya və Ukrayna tərəfi Türkiyəyə xoş niyyətinə görə təşəkkür etdi. Bu o deməkdir ki, tərəflər sahədə öz istəklərinə çatmayana qədər atəşkəs yönündə vasitəçilərə sadəcə təşəkkür etməklə kifayətlənəcəklər.
Siyasilərin bu müzakirələrinin əməliyyatlar teatrında hər gün itki verən, hər iki tərəfin hərbi vəziyyətinə təsiri olub-olmayacağını önümüzdəki günlərdə görəcəyik…”.
Səxavət Məmməd
www.yenicag.az