!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 116-cı GÜNÜ: Xarkovda Moskva üçün ciddi təhlükə yarana bilər - TƏHLİL

!Reklam – Yazi

116 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 4 568 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 329 ədəd, səhra artilleriyası və minaatanlar – 598 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 263 ədəd, HHM sistemi – 125 ədəd, təyyarələr – 215 ədəd, helikopterlər – 179 ədəd, qanadlı raket – 176 ədəd, PUA – 605 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 3 593 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 665 ədəd, səhra artilleriyası və minaatanlar – 2 016 ədəd, YARS – 542 ədəd, HHM sistemi – 347 ədəd, təyyarələr – 205 ədəd, helikopterlər – 131 ədəd, PUA – 1 237 ədəd.

Ukrayna-Rusiya müharibəsinin yüz on altıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 116-cı gündə döyüşlər əsasən Severodonetsk, Lisiçansk, İzyum, Popasnoe, Xerson, Zaporojets yaşayış məntəqələri ərazilərində davam etdi və tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş vermədi:

“116-cı gündə əməliyyatlar teatrında ciddi mövqe dəyişikliyi baş vermədi. Əsasən, mövqe döyüşləri davam etdi. Tərəflər bir-birinə artilleriya, minaatan və raket zərbələri ilə itki verməyə çalışdı.

Rusiya qoşunları İzyum-Slavyansk istiqamətlərində davam etdirməyə çalışdı. Ciddi irəliləyiş müşahidə olunmadı. Onlar əsas qüvvələrini Severodonetsk istiqamətinə yönləndirməyə çalışırlar. Severodonetsk gün ərzində artilleriya və raket zərbələri ilə bombalandı. Şəhərdə ciddi küçə döyüşləri davam edir. Metyolki və Sirotino bölgələrində gərgin döyüşlər getdi. Ruslar şəhəri tam nəzarətə götürə bilməyiblər. Amma onların bunu edəcəyini düşünürəm. Çünki bunun üçün çox qərarlıdırlar. Sadəcə həmlə qrupları çox ciddi müqavimətlə rastlaşırlar. Şəhər döyüşlərində təcrübələrinin olmaması tapşırığın yerinə yetirilməməsində ciddi hiss olunur. Vəziyyətə artilleriya divizionları hakimdir desək, yanılmarıq. İndi orada həmlə qruplarından daha çox artilleriya duelinin şahidiyik.

Lisiçansk şəhəri də ciddi raket-artilleriya atəşlərinə məruz qaldı. Ruslar Lisiçansk-Baxmut avtomobil yolunu artıq atıcı silahlardan rahatlıqla atəşə tuta bilirlər. Bu da, öz növbəsində, bu istiqamətdə qarşı tərəfin hərəkət və manevr qabiliyyətini çox məhdudlaşdırıb. Artıq ukraynalılar bu yoldan təminat yolu kimi istifadə edə bilmirlər.

Popasnoe-Baxmut istiqamətində də ruslar irəliləməyə cəhd göstərdilər. Luqansk istiqamətində də ciddi artilleriya dueli müşahidə olundu. Ruslar bu istiqamətə də ehtiyat qüvvələr cəlb etməyə davam edir.

Ukrayna qoşunları İzyum və Lyman istiqamətlərində əks-hücum keçirməklə irəliləməyə çalışdı. Bu əks-hücumlar da uğurlu olmadı.

Rusiya Silahlı Qüvvələri “Kalibr” qanadlı raketləri ilə Dnepropetrovsk vilayətinin Şirokaya Daça kəndi yaxınlığındakı Ukrayna ordusunun komanda qərargah məntəqəsini vurdu. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. Konaşenkovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 50-dən çox generalı və zabiti həlak olub. Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, zərbə endirilən vaxt qoşunların əməliyyat-strateji qrupunun komanda heyəti tərəfindən işgüzar görüş keçirilirmiş. Bu barədə Ukrayna tərəfi heç bir açıqlama verməyib. Onlar xəbəri nə təsdiq edir, nə də təkzib.

Zaporojye istiqamətində Ukrayna qoşunlarının əks-hücumları uğurlu oldu. Onlar Melitopol şəhərinin on kilometrinə qədər irəliləyə bildilər.

Xerson istiqamətində də Ukrayna qoşunları əks-hücumlarını davam etdirirlər. Onlar Xersonun 15-18 kilometrlik məsafəsindədir. Krivoroq istiqamətində nisbi sakitlik müşahidə olundu. Mövqe atışları üstünlük təşkil etdi.

Odessa istiqamətində raket zərbələrinin təhlükəsi qalmaqdadır. Odessa şəhəri üzərində rusların daha bir raketi havada vurulub. Xarkov şəhəri istiqamətində də döyüşlər yenidən canladı. Xarkov da cəbhə şəhərinə dönüşdü. Düşünürəm ki, Xarkovda rusların geri çəkilməsi taktiki addım idi. Ruslar müharibədən əvvəl də bildirirdi ki, Xarkovda NATO raketləri yerləşdirilə bilər. Xarkovda Moskva üçün ciddi təhlükə yarana bilər. Ona görə də ruslar Xarkovdan belə asan vaz keçməzdilər. Düşünürəm ki, Rusiya qoşunları üçün əsas hədəflərdən biri Xarkov idi və bundan sonra bu yöndə fəaliyyət göstərəcəklər.

Rusiya qüvvələri bu istiqamətdə də ciddi hücum döyüşləri aparır. Düşünürəm ki, onlar Xarkov şəhərini də nəzarətə götürməyə cəhd edəcəklər. Bu baş verməsə, ən azından, Ukrayna qüvvələrinin bir hissəsini bu istiqamətdə saxlamağa məcbur edəcək.

Ötən gün Donbas bölgəsində rusların bir ədəd SU-25 təyyarəsi vuruldu. Svetlodarsk yaxınlığında 72-ci briqadanın əsgərləri tərəfindən vurulan Rusiyaya məxsus Su-25 təyyarəsinin pilotu Rusiya Aerokosmik Qüvvələrinin mayoru Andrey Fedorçuk əsir götürülüb. O, “Vaqner” fərdi hərbi kompaniyasının muzdlu döyüşçüsü imiş. O, muzdlu pilot kimi aylıq iki yüz min rubl qarşılığında döyüşlərdə iştirak edirmiş.

Müharibə yalnız əməliyyatlar teatrında getmədi. İqtisadi müharibə də vüsət almaqdadır. Belə ki, Avropa Komissiyasının ədliyyə sözçüsü Kristian Viqandın bildirdiyinə görə, AB-nin sanksiyaları nəticəsində rusiyalı oliqarxların dondurulmuş aktivləri 6,7 milyard avrodan təxminən iki dəfə artaraq 12,5 milyard avroya çatıb.

Müharibənin hər günü Kreml rəhbərliyinə bir milyard dollara başa gəlir. Rusiyanın karbohidrogen ehtiyatlarının satışından əldə etdiyi bir günlük gəlir təxminən bir milyrad dolllar həcmindədir. Gəlirlə xərclərin saldosu hələ ki Kreml rəhbərliyinə müharibəni davam etdirməyə imkan verir. Müharibənin dayandırılması üçün onlar neft və qazın satışından gələn gəliri minimuma endirməlidirlər. Dolayısı ilə gəlirlə xərclər arasında mənfi saldo yaranarsa, Kreml müharibənin dayandırılması yönündə düşünə bilər.

Ukrayna və tərəfdaşlarının bunu bacarıb-bacarmayacağını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv