125 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 5 123 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 558 ədəd, səhra artilleriyası və minaatanlar – 761 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 247 ədəd, HHM sistemi – 101 ədəd, təyyarələr – 216 ədəd, helikopterlər – 182 ədəd, qanadlı raket – 148 ədəd, PUA – 633 ədəd, gəmi-kater – 14 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 3 617 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 693 ədəd, səhra artilleriyası və minaatanlar – 2 032 ədəd, YARS – 552 ədəd, HHM sistemi – 359 ədəd, təyyarələr – 207 ədəd, helikopterlər – 131 ədəd, PUA – 1 256 ədəd.
Ukrayna-Rusiya müharibəsinin yüz iyirmi beşinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, Rusiya Ukrayna siyasi hakimiyyətini bir an öncə təslimiyyətə məcbur etmək istəyir:
“Rusiya-Ukrayna müharibəsinin 125-ci günü Ukraynada Konstitusiya Günü idi.
Onlar Konstitusiya gününü Rusiya qoşnlarının raket zərbələri ilə qeyd etdilər. Sanki ruslar bilərəkdən raketlərin intensivlik “doz”unu artırmaqla onları “təbrik” etdilər.
Keçən 4 gün ərzində Ukrayna ərazilərinə 131 raket atılıb. Bu ortalama günə 33 raket zərbəsi anlamına gəlir. Bu, həddindən artıq intensiv raket hücumu sayılır. Rusların bunu etmələrində tələskənlikləri hiss olunur. Bir gündə bu qədər raketin istifadəsi Ukrayna siyasi hakimiyyətini bir an öncə təslimiyyətə məcbur etmə taktikasıdır.
Ukraynanı dəstəkləyən siyasi və hərbi güclər hələ ki əməli nəticə ortaya qoya bilmədikləri üçün bu hərbi kompaniyanı bir az öncə sonlandırmaqdan ötrü ən təsirli mexanizm məsafədən raket müharibəsidir. Birinci, şəxsi heyəti qoruya bilirlər, ikinci də, Ukraynanın strateji obyektləri sıradan çıxarıldıqca onlar sürətlə güclərindən güc itirir.
Gün ərzində Ukrayna rəsmiləri Kremençuqdakı raket zərbəsindən sonrakı fəsadları aradan qaldırmaq üçün uğraşdı. Ölənlər və yaralananlar kifayət qədər oldu və son məlumatlar hələ də dəqiqləşdirilir. Dağıntılar altından hələ çox adam olduğu ehtimal olunur.
Gün ərzində ən gərgin döyüşlər Luqansk və Xarkov vilayətləri ərazisində getdi. Bu ərazilərdən ruslar tərəfindən Ukrayna ərazilərinə 270 artilleriya zərbəsi endirildi.
Xarkov, Lisiçansk və Oçakova şəhərləri də artilleriya və raket zərbələri ilə vurulur.
Luqansk istiqamətində ruslar İzyum və Slavensk istiqamətlərində hücumları davam etdirməyə cəhd etdilər. Uğur qazana biməyib geri çəkildilər. Slavyansk istiqamətində də rusların ciddi hücum cəhdləri oldu. Lakin burada da dayandırıldılar.
Severodonetsk çayını keçmək hələ də onlar üçün bir nömrəli maneədir. Çay keçidləri Ukrayna bölmələrinin atəşi altında olduğundan onlar bunu bacara bilmirlər. Rusların çayı keçə bilməmələri hücumun irəliləmə tempini çox zəiflədir.
Lisiçank-Baxmut yolu səngərə çevrildi.
Ukrayna qoşunları son zamanlar Rusiya qoşunlarının müdafiə dərinliklərinə ciddi artilleriya zərbələri vurmağa başlayıblar. Uzun mənzilli artilleriya dəstəyi onlara atəş zərbələrini Rusiya qoşunlarının 50 kilometrinə qədər çıxarmağa imkan verib. Bu isə, öz növbəsində, Rusiya qoşunlarının silah və sursat anbarlarının uğurla sıradan çıxarılmasına imkan yaradır.
ZaporojYe istiqamətində, az-az da olsa, Ukrayna həmlə qrupları İrəlilədi.
Xerson istiqamətində vəziyyət dəyişməz olaraq qaldı. Hər iki tərəf çıxdıqları hədlərdə möhkəmlənməyə çalışdı.
Krivoy Roq istiqamətində artilleriya dueli davam etdi.
Bu günlərdə Qara dəniz flotiliyasının döyüş gəmilərindən atılan qanadlı raketlərin də intensivliyi artıb.
Belarus istiqaməti Ukrayna üçün hələ də təhlükəli olaraq qalır. Bu istiqamətdən müdaxilə tam olaraq aradan qalxmayıb.
125-ci günün əməliyyat vəziyyətinin nəticəsinə görə, əməliyyatlar teatrına, əsasən, Rusiya raket-artilleriya qoşunları nəzrət edir. “Gündəm”i onlar yaradır. Görünən odur ki, bu onlarda alınır. Keçici də olsa, belə əməliyyat şəraiti Kreml rəhbərliyini qane edir. Əsas odur ki, rusların itkiləri minimumdur, ukraynalıların dağıntıları isə maksimum. Raket arsenalı isə Rusiya ordusunda atmaqla bitən deyil.
Ukrayna ordusu raket müharibəsində çarəsizdir. Ukrayna qoşunlarının Rusiyanın raket zərbələrinə qarşı hava hücumundan müdafiə sistemləri bu həcmdə raket zərbələrini qarşılamağa və zərərsizləşdirməyə hazır deyil. Mövcud HHM bölmələrinin güc və qüvvələri döyüş tapşırıqlarının yerinə yetirilməsini dəstəkləyə bilmir. Bunun üçün onlara yeni “nəfəs” lazımdır…
125-ci gündə NATO-nun Madriddə zirvə toplantısı keçirildi. İsveç və Finlandiyanın NATO-ya üzv olmasına mane olan Türkiyənin şərtləri qəbul edildi. Tərəflər arasında memorandum imzalandı. İsveç və Finlandiyanın NATO-ya üzv olması o anlama gələcək ki, Rusiya ilə NATO qonşu olur və daha uzun sərhəd xətti yaranır. Baş verənlərin fonunda Rusiyanın hansı addım atacağı maraqlıdır.
Mövcud əməliyyat vəziyyətində tərəflərin hansının siyasi rəhbərliyinin vəziyyəti dəyişə biləcək qərarlar qəbul edəcəyini önümüzdəki günlərdə görəcəyik…”.
Səxavət Məmməd
www.yenicag.az