Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi hərbi təcavüzün geridə qalan 153 günü ərzində tərəflərin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 5 700 ədəd, hərbi avtomobil texnikası – 2 838 ədəd, səhra artilleriyası və minaatanlar – 880 ədəd, YARS (reaktiv yaylım atəşi sistemi) – 259 ədəd, HHM sistemi – 117 ədəd, təyyarələr – 222 ədəd, helikopterlər – 190 ədəd, qanadlı raket – 174 ədəd, PUA – 722 ədəd, gəmi-kater – 15 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 3 949 ədəd, hərbi avtomobil texnikası – 4 000 ədəd, səhra artilleriyası və minaatanlar – 830 ədəd, YARS – 573 ədəd, HHM sistemi – 376 ədəd, təyyarələr – 226 ədəd, helikopterlər – 136 ədəd, PUA – 1 440 ədəd.
Rusiya-Ukrayna müharibəsinin 153-cü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, 153-cü gün tərəflərin artilleriya dueli ilə yadda qalıb:
“Gün ərzində Seversk istiqamətində reaktiv artilleriya sistemlərindən atəşlərin intensivləşdiyi müşahidə olundu. Xüsusən də mülki infrastruktura ciddi ziyan vuruldu. Mülki şəxslərdən ölən və yaralananlar oldu.
Taktiki səviyyədə müdafiə döyüşləri davam etdi. Ukrayna qoşunları dövlət sərhədi istiqamətində irəliləməyə cəhd etsə də, Rusiya ordusu onları dayandırmağa cəhd etdi. Bütün təmas həddi boyunca atəş davam etdi. Rusiya hərbi aviasiyası bu istiqamətdə zərbələr endirdi.
Xarkov istiqamətində də mövqe döyüşləri davam etdi. Gün ərzində Rusiya qoşunlarının artilleriya bölmələri həmin istiqamətdə intensiv atışlar həyata keçirdi.
Slavyansk istiqamətində də artilleriya dueli davam etdi. Atəşlərin intensivliyinin nisbətən səngiməsinə baxmayaraq, mövqe döyüşləri davam etdi. Rusiya qoşunları hücum aktivliyini bərpa etməkdə çətinlik çəkir.
Kramatorsk istiqamətində də Rusiya qoşunlarının aktivliyi müşahidə olundu. Spornaya yaşayış məntəqəsinə edilən aktiv hücumlar geri püskürdüldü. Artilleriya atışları davam edir.
Donetsk istiqamətində ruslar taktiki üstünlüyə nail olmaq istəsələr də, bu, mümkün olmadı. Ciddi hücum cəhdləri müşahidə olunmadı. Bu istiqamətdə Rusiya qoşunları yanacaq-sürtkü materiallarının, mərmi ehtiyatlarının və şəxsi heyətin komplektləşməsini həyata keçirdilər. Komplektləşmə başa çatdıqdan sonra onlar Solidar istiqamətində hücumlarını bərpa etməyə çalışacaqlar.
Ukrayna qoşunlarının HİMARS raket sistemlərinin anbarlara vurduğu dəqiq zərbələri Rusiya ordu qruplaşmalarının mərkəzi yanacaq və silah-sursat anbarlarının cəbhədən, azı, 90-100 kilometr məsafəyə çıxarılmasını zəruri etdiyindən birinci eşalon bölmələri təminatla bağlı ciddi sıxıntı keçirir. Eyni zamanda, yenidən qruplaşma keçirməyə və qoşunların mərmi və yanacaqla komplektləşməsinə daha çox zaman tələb olunur. Bu isə, öz növbəsində, hücum əməliyyatlarının tempinə mənfi təsir göstərir. Bəzi hallarda Rusiya tərəfi hərbi daşınmalar üçün mülki avtomobillərdən də istifadə edir. Xüsusən də taxıl daşımaq üçün nəzərdə tutulan çadırlı avtomobillərdən silah-sursat daşınmasında son vaxtlar daha çox istifadə olunur. Asan hədəf olmamaq üçün bu onlar üçün zərurət halına çevrilib.
Baxmut istiqamətində də qarşııqlı atəşlər davam etdi. Beristovo və Semiqorye istiqamətində rusların həmlələri dayandırıldı və geri püskürdüldü. Pkrovskoyo yaşayış məntəqəsi istiqamətində Rusiya qoşunlarının hücum cəhdləri davam etdi. Bu istiqamətdə Rusiya qoşunları intensiv hücum döyüşləri aparmağa cəhd göstərir.
Zaporojye və Avdeyevka istiqamətində nisbi sakitlik hökm sürdü. Aktiv əməliyyatlar müşahidə olunmadı. Əsasən, mövqe döyüşləri və artilleriya atışları statik halda davam etdi.
Yujnıy Buk yaşayış məntəqəsi istiqamətində Ukrayna bölmələri hücuma cəhd etdi. Ciddi döyüşlər davam etdi.
Gün ərzində Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən Rusiyanın iki SU-25 döyüş təyyarasi və bir ədəd K-52 helikopteri vuruldu.
Xarkov, Nikolayev şəhərlərinə və Odessa vilayətinin Zatojye yaşayış məntəqəsinə “XA-59 OVOD” və S-300 raketlərilə zərbələr endirildi.
Gün ərzində Ukrayna qoşunları yüksək dəqiqlikli HİMARS sistemlərinin zərbələrilə qarşı tərəfin silah-sursat, yanacaq-sürtkü materialları anbarlarını, qərargahlarını məhv etdi. Eyni zamanda, S-300 uzaq mənzilli raket sistemlərinin mövqelərini HİMARS-ın zərbə məsafəsi xaricinə çıxarmaları müşahidə olundu.
Görünən odur ki, son günlər əməliyyatlar teatrında vəziyyəti HİMARS-lar müəyyən edir. HİMARAS raket sistemləri ilə keçən bir həftə ərzində rusların 50-yə yaxın silah-sursat və yanacaq anbarları sıradan çıxarılıb. Bu raket sistemləri, həqiqətən də, Rusiya siyasi-hərbi rəhbərliyinin ciddi “başağrısı”na çevrilib. Qarşı qoyacaq ciddi təsir mexanizmlərinin olmaması Rusiya siyasi-hərbi rəhbərliyini ciddi narahat etməyə başlayıb.
Ukrayna qoşunlarının effektli raket zərbələri qarşılığında Rusiya qoşunlarının nə ilə cavab verəcəyini önümüzdəki günlərdə görəcəyik…”.
Səxavət Məmməd
www.yenicag.az