!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 44-cü GÜNÜ: Ruslar hərb elminin əsaslarını alt-üst ediblər - TƏHLİL

!Reklam – Yazi

44 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 512 ədəd, avtomobil texnikası – 1 430 ədəd, səhra artilleriyası və minaatanlar – 340 ədəd, zenit-raket kompleksləri – 243 ədəd, təyyarələr – 126 ədəd, helikopterlər – 136 ədəd, PUA-lar – 450 ədəd, gəmi kater – 7 ədəd .

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2185 ədəd, avtomobil texnikası – 1 685 ədəd, səhra artilleriyası və minaatanlar – 840 ədəd, zenit-raket kompleksləri – 155 ədəd, təyyarələr – 70 ədəd, helikopterlər – 30 ədəd, PUA-lar – 130 ədəd.

Ukrayna-Rusiya müharibəsinin qırx dördüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 44-cü gün rusların planlarını dəyişdirməsinin, yəni Donbas istiqamətində hücumlarının 3-cü günüdür:

“44-cü gün ərzində qızğın döyüşlər, əsasən, Xarkov, İzyum, Xerson, Nikolayev, Donetsk, Luqansk, Volnovaxa, Mariupol, Zaporojets, Melitopol, Donbas ərazilərində getdi. Ukrayna Silahlı Qüvvələrinin ciddi müqavimətinə rast gələn ruslar çətinliklə irəliləyir. Onlar bölgədə olan Ukrayna qoşunlarını mühasirəyə almaq istəyir, amma bu onlar üçün çətin görünən hədəflərdir. Mariupol, Xarkov və xüsusi qüvvələr cavabdehliyi zonasında rus qoşunlarının hücumu dayandırıldı. Mariupolu ələ keçirməyə hələ də cəhd edirlər. Mariupolda hazırda 170 min sakin mühasirədədir. “Azov” döyüşçüləri Mariupol şəhəri ətrafında cəmləşmiş Rusiya hərbi birliklərinə qarşı qəfil genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. “Azov” alayı rusların dəniz sahilinə yaxınlaşan desant katerini və çoxlu sayda hərbçisini məhv edib.

Ukrayna ordusu Zaporojets-Mariupol istiqamətində Rusiya ordusunun dislokasiya yerlərinə artilleriya zərbəsi endirib. Ukrayna ordusu bu gün ilk dəfə ABŞ PUA-larından istifadə edərək Mariupol ətrafındakı Rusiya ordusunun cəmləşmə nöqtəsinə zərbə endirib. Ukrayna Silahlı Qüvvələrinin hücumu üçün zirehli texnikaya və ağır silahlara ciddi tələbat yaranıb. Bu gün Amerika Konqresi çox mühüm bir siyasi-hərbi qərar verdi: Lend-liz qərarı. Yəni Amerika Prezidenti Ukraynaya sərhədsiz hərbi yardıma qərar verə biləcək. Bu, əməliyyatlar teatrında balansın dəyişməsinə ciddi təsir edə bilər. Xüsusən də Şimali Atlantika Alyansına daxil olan ölkələrin Ukraynaya hərbi yardımlarının artan templə getdiyini nəzərə alsaq, müharibənin yeni fazaya keçəcəyini görəcəyik. Bu fazada ruslar müharibəni bitirməyə çalışacaq. Ukrayna isə əksinə. Hərbi və siyasi güc balansı onların lehinə dəyişirsə, niyə bunu etsinlər ki?!

Amerika Ukrayna ordusuna ayırdığı 200 ədəd zərbə dronlarını artıq Kiyevə çatdırdı və təlimlərə başladı. Sloveniya bu gün Ukrayna ordusuna S-300 raket kompleksini təhvil verib.

Müharibənin 44 günündə öz 44 günlük müharibəmizi xatırlamaq çox yerinə düşərdi. Vətən müharibəmizin 44-cü günündə biz artıq 30 illik mənfur erməni işğalı altında olan ərazilərimizi işğaldan azad edərək möhtəşəm zəfərə imza atmış 21-ci əsrin ordusuna malik olan müzəffər bir xalq idik. O zaman bizim müharibəmizə “ağız büzən”, bəzi reallıqları qəbullanmaq istəməyən şimal qonşumuzun siyasətçiləri, politoloqları, hərbi ekspertləri, junalistləri indi öz ordularının, 44 günlük “performans”ını görərək bizim Silahlı Qüvvələrimizin nəyə qadir olduğunu anlayacaqlar. 44 günlük müharibədən sonra qazandığımız möhtəşəm zəfərimizi, heç olmasa, bundan sonra incələmək üçün dostlarımız müharibəmizin qələbəyə gətirən əsas dörd komponentini mütləq və mütləq yaxşı incələməlidirlər: Birinci, Ali Baş Komandanımızın sərkərdəlik viziyonunu; ikinci, taleyüklü qərarların qəbul olunduğu zaman xalqımızın öz Ali Baş Komandanı ətrafında necə birləşməyini; üçüncüsü, Silahlı Qüvvələrimizin topyekun gücünü; dödüncüsü, bizə dost olan ölkələrin müharibədə verdiyi dəstəyi.

Müharibə sonunda incələmə aparan dövlətlər və ordular güclü olurlar. Necə ki, biz Birinci Qarabağ Müharibəsini düzgün incələyərək Vətən müharibəmizdə nəticələrimizi ortaya qoyduq. Biz görürük ki, özündən müştəbeh olub heç bir müharibədən dərs çıxarmayan ordu sahədə can çəkişməyə məcburdur.

Dünyanın ikinci super gücü 44 gündür ki “yerində sayır”. Rusların Ali Baş Komandanı da bunu asanlıqla həzm edir. Ruslar hərb elminin əsaslarını sahədə alt-üst ediblər. Adam bilmir ki, hansı kriteriyalara görə müharibəni analiz etsin. Çox çalışsam da, hərb elminə görə heç cürə alınmır. 44 günlük döyüş nəticəsinə baxanda birinci gündəkindən çox da uzağa getmədiklərini görürük. Belə müharibə olmur. Əgər müharibə başlayıbsa, ordu ya irəli getməlidir, ya da ən yaxşı halda gedə bilmirsə, dayanmalıdır. Biz nə onu görürük, nə də bunu. Biz bu müharibənin səbəb və nəticələrini anlamaq üçün qeyri-səlis məntiq nəzəriyyəsi ilə yanaşmalıyıq. Çünki sahədə baş verənlər bizi buna məcbur edir.

44 günün nəticəsinə görə, biz Ukrayna siyasi və hərbi beyin mərkəzinin haqqını verməliyik. Dünyanın 2-ci ordusuna qarşı 44 gün belə duruş gətirə bilən, bu günə olan nəticə etibarı ilə elə də çox ərazi itirməyən bir ordu ilə qürur duymamaq mümkün deyil. Mən onların bu uğurunu bizim 44 günlük müharibəmizi iliyinə qədər incələdikləri ilə birbaşa əlaqələndirirəm. Ukrayna ordusu tərəfindən əməliyyatlar teatrında müharibəmizin o qədər çox təkrarlanan fraqmentləri var ki, saymaqla bitməz. Ali Baş Komandanın siyasi və hərbi sahədə idarəetmə qabiliyyəti, xalqa silahın paylanması və xalqın orduya çevrilməsi, xüsusi təyinatlıların əməliyyatları, “Bayraktar TB-2” PUA-ları, “Javelin” TƏİR-ləri, “Stinger” ZRK-ları və bir çox ağıllı silahlardan istifadə edə bilmə bacarığı, ən əsası da, bütün səviyyələrdə üstün vətənpərvərlik və qələbəyə inam motivasiyasının olması. Saydıqlarımın hamısını biz 44 günlük müharibədə sərgiləmişdiksə, eynisini də ukraynalılar edir. Bir hərbçi kimi bunu ruslar da etsəydilər, eynisini də onlar haqda düşünəcəkdim. Cənab prezident, Ali Baş Komandanımızın dediyi kimi, əsas olan ləyaqətli müharibə aparmaqdır. Bütün müharibələr bitdiyi kimi bu müharibə də bitəcək. Tarixdə qalan kimin ləyaqətlə döyüşdüyü olacaq. Hər şeyi bərpa etmək olar. Ləyaqəti isə əsla…

Rusiya Hərbi Hava Qüvvələrinin bölmələri Kramatorsk dəmiryol stansiyasını “Toçka-U” raketi ilə vurdular. 30-dan çox mülki şəxs həlak oldu, 100-dən çox insan yaralandı. Ruslar isə iddia edirlər ki, bunu Ukrayna hərbçiləri ediblər. Son zamanlar qəribə hallarla rastlaşırıq. Buçada da törədilənləri ruslar ukraynalıların işi olduğunu iddia etdi. Tərəflər yeni informasiya müharibəsi ilə üz üzə qalırlar. Mülkilərin kütləvi ölümləri ilə nəticələnən zərbələri ruslar qəbullanmırlar. Ukraynalılar bundan sonra da belə hallara hazır olmalıdırlar. Harada hərbi hədəflər məhv edilir, ruslara aid olacaq. Kütləvi mülki hədəflərin məhvi Ukraynanın adına yazılacaq. Bu müharibə də daha nələri görməyəcəyik ki…

44 günün nəticəsi olaraq Kreml rəhbərliyinin qələbəni Rusiya Federasiyasının ictimai rəyinə satmaq üçün heç bir strateji və operativ məqsədə nail olunmadı. Rusiya Silahlı Qüvvələri müharibənin əvvəlində planladığı heç bir hərbi-strateji hədəfi ələ keçirə bilmədi. Rusların 40-cı gündən sonra başlatdıqları əməliyyatların ikinci fazası da istədikləri kimi getmir. Görünən odur ki, ruslar bütün Ukraynanı ələ keçirə bilməyəcək. Kremlin sözçüsü Peskov bildirdi ki, Rusiya müharibəni bitirmək istəyir. Amma bu necə baş verəcək? Çox maraqlıdır. Axı müharibənin bitib-bitməməsi Ukraynanın istəyindən asılıdır. Eyni zamanda, Şimali Atlantika Alyansı Ukraynanı əlavə silahlarla təmin edir. Bu isə müharibənin uzanmasına gətirib çıxarır. NATO faktiki olaraq Ukraynanın vasitəsi ilə Rusiyaya qarşı döyüşür. Bu da rusları çıxılmaz vəziyyətə salır.

Düşünürəm ki, buna baxmayaraq, önümüzdəki günlərdə də ruslar cənub istiqamətində əməliyyatlarını davam etdirəcəklər. Ukrayna isə artan gücü ilə ruslara itkilər verdirməyə davam edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

1037
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv